Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1249/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7840/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun maddi durumunu və iki dəfə yaralanıb İ qrup müddətsiz Qarabağ əlili olmağının nəzərə alınaraq münasib yerdən 2 (iki) otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7840/2022 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı 2 dəfə ağır yaralanmışdır (1993 və 1994-cü illərdə) və bu səbəblə İ qrup əlillik dərəcəsini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi sənədə əsasən əlilliyinin səbəbi: “Hərbi travmadır. Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi zamanı alınmışdır”. 11 oktyabr 2012-ci il tarixdən mənzil növbəsinə dayansa da, cavabdeh orqan artıq 10 ildən artıqdır ki, əsassız və formal bəhanələrlə onu evlə təmin etməmişdir. Bu illər ərzində müxtəlif qohumlarıgildə və ya kirayələrdə qalmaqla ağır həyat şəraitini davam etdirir. Onu 2012-ci ildə qanunsuz olaraq mənzil növbəsinə alıblar. Onun statusunda olan şəxsə haqqı olan məzil növbədənkənar verilməli idi. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində əlillərin dövlət hesabına mənzillə təmin edilməsi hüququ təsbit edilmişdir. Qanunun 43-cü maddəsində həmçinin yazılmışdır ki, “l qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.” Göründüyü kimi 2012-ci ildə ona növbədənkənar mənzil verilməli olduğu halda, nəinki bu mənzil verilməmiş, üstündən 10 il keçsə də cavabdeh orqan formal cavablarla onun müraciətlərini təmin etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçıya mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 1 (bir) nəfər ailə tərkibini nəzərə alaraq tərəflərindən 1 (bir) otaqlı mənzil təklif edilmişdir. Lakin iddiaçı əsassız olaraq sözügedən mənzildən imtina etmişdir. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı Qərarına əsasən “Sosial kirayə müqaviləsi” əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının İnzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminoluma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv. m. müəyyən edilsin” kimi qərara alınmışdır. Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv. metr müəyyən olunmuşdur. Sözügedən normada həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Sosial kirayə müqavilələri əsasında mənzillərlə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaş təmin olunur və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa üçotaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7840/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim N. Abıyev) iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 176 №-li, xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2012-ci il tarixdən Yasamal rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçotu siyahısına daxil edildiyi nəzərə alınmaqla, Sosial Xidmətlər Agentliyi tərəfindən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan mənzillərdən təklif olunsa da, sonuncu təklif olunan mənzillərin, yerləşdiyi ərazi və mənzillərin sahəsi ilə razı olmadığından həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmətə ehtiyacı olan şəxs kimi iddiaçıya münasibətdə hazırki tələb üzrə onun sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı İ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı 2 dəfə ağır yaralanmışdır (1993 və 1994-cü illərdə) və bu səbəblə İ qrup müddətsiz əlillik dərəcəsi almışdır. 11 oktyabr 2012-ci il tarixdən mənzil növbəsinə dayansa da, cavabdeh orqan artıq 10 ildən artıqdır ki, əsassız və formal bəhanələrlə onu evlə təmin etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, ona təklif edilən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bir otaqlı mənzillərdən imtina edir və yalnız Bakı şəhəri Yasamal rayonu ərazisində iki otaqlı mənzillə təmin edilməsini tələb edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində bir otaqlı mənzil təklif edilmiş, hazırda da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən bir otaqlı mənzil təklif edilir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən imtina məktubu almışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Quba rayonu, Alpan kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Quba rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdə verilmiş 078058 №-li “Müharibə veteranı” vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Z.İ.X2 veteranı imtiyazlarından istifadə etmək hüquqlarına malik olan şəxsdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin “İddiaçı mənzil uçotunun yaşayış yeri üzrə güzəştli siyahıya keçirilməsi haqqında” 176 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən yaşayış yeri üzrə Quba RİH-də mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda o, yaşayış yerini dəyişərək, ünvan 3 ünvanda qeydiyyata alınmışdır. Bununla əlaqədar onun mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi üçün sənədlər Yasamal RİH-nə göndərilmişdir. Qeyd olunanlara əsasən İddiaçı növbəsi xx.xx.2012-ci il tarixdən Yasamal rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 186/9 №-li, xx.xx.2013-cü il tarixli arayışa əsasən ünvan 4 ünvanda qeydiyyatda olan Ağayev X4 rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə xx.xx.2012-ci il tarixdən Qarabağ Müharibəsinin İ qrup əlili kimi güzəştli əsaslarla mənzil uçotundadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, sözügedən qətnamə ilə xx xxxx 1974cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş İddiaçı 23 iyun 1994-cü il tarixdən 2008-ci ildə TSEK tərəfindən əlillik təyin olunan vaxtadək əlil olmağı faktının təsdiq olunması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə birinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1140 №-li və 1 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının 40 №-li, xx.xx.2016-cı il tarixli eyni məzmunlu məktublarının notarial qaydada təsdiq olunmuş surətində 17 iyun 1974-cü ildə Quba rayonu Alpan kəndində doğulmuş İddiaçı 23 iyun 1994-cü il tarixdən-xx.xx.2012-ci il tarixədək İ dərəcə əlil olmağı faktının təsdiq edildiyi, 1993-cü və 1994-cü illərdə iki dəfə yaralandığı, əlilliyinin səbəbinin “Hərbi travma. Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi zamanı almışdır” qeyd olunmuşdur. Əsas: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1611/15 saylı, xx.xx.2015-ci il tarixli və 2(004)-4714/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi və tibbi-ekspert sənədləri. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 218 №-li, xx.xx.2019-cu il tarixli Qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Quba RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildə N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə olunduğu travma və yaralanmadiaqnoz: “Yüngül dərəcəli kontuziyadan sonrakı vəziyyət. Təpə nahiyəsinin kor qəlpə yaraları. Görmənin zəifliyi” və xx.xx.1994-cü il və MN Mərkəzi Hərbi Hospitalında müayinə olunduğu travma və yaralanma diaqnozu “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin xx.xx.2019cu il tarixli, 336 nömrəli arayışı, N nömrəli hərbi hissənin tibb bölüyündən verilmiş xx.xx.1994-cü il tarixli, 1985 nömrəli ilk tibbi karta, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. MN MHHK-nın 07.010.2008-ci il tarixli, 526 nömrəli qərarı ləğv edilir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 173 №-li, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan Ağayev X4 Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 48 №-li, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı M.Seyidov küçəsi 18a saylı evin 91 saylı mənzilində qeydiyyatdadır. Ailə tərkibi: bacısı- X3 qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışında İddiaçı adına Quba rayonu, Alpan kəndində 0,15 ha yaşayış məntəqəli torpaqları (qeydiyyat nömrəsi 230A); Quba rayonu, Alpan kəndində 0,7 ha Kənd təsərrüfatı təyinatlı torpaqlardan (JN: 804) ibarət daşınmaz əmlak qeydiyyata alındığı qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətlərinə cavab olaraq verilmiş aşağıda qeyd olunan: - **********0 saylı, xx.xx.2021-ci il tarixli məktubda (notarial qaydada təsdiq olunmuş surətində) göstərilmişdir ki, onun mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 04 mart 2014-cü il tarixli, 188/d nömrəli məktubda onun xx.xx.2012-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Həmin məktub və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Qeyd olunanlara əsasən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacağı qeyd olunmuşdur. - **********4 saylı, xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 04 mart 2014-cü il tarixli, 188/d nömrəli məktubda onun xx.xx.2012-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial Xidmətlər Agentliyində qəbul edilərkən ona Nazirliyin balansında olan mənzillərdən təklif olunmuş, lakin o, Bakı şəhərinin Nəsimi və Yasamal rayonları ərazisində, habelə Binəqədi rayonu, Azadlıq metrosu ətrafında mənzillə təmin edilmək istədiyini bildirmişdir. Həmin ərazilərdə Nazirliyin balansında mənzillərin olmadığı barədə ona məlumat verilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; - 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1-ci maddəsinə əsasən yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6-cı maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9-cü maddəsinə əsasən Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-cı illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir (1.2); Agentliyin hüquq və vəzifələrinə aşağıdakılar aiddir: sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək (3.1.2); dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək (3.1.16). “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 №li qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir Göründüyü kimi, iddiaçı apellyasiya şikayətində “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə istinad edərək 2 (iki) otaqlı mənzillə təmin olunmasını tələb etmiş, o cümlədən iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında ona Bakı şəhəri Hövsan qəsəbəsi ərazisində təklif edilən mənzildən imtina etdiyini, yalnız qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu ərazisində iki otaqlı mənzil verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş və apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələblərinə və işin hallarına əsasən iddiaçının bir otaqlı mənzil əldə etmək hüququ vardır. Bu hüququn həyata keçirilməsi üçün iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir otaqlı mənzil təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. Hazırda iddiaçının ona təklif edilən mənzillərdən imtina etməsi onun kimi mənzillə təmin olunmalı olan şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər ki, hüquqdan sui-istifadə hallarına yol verilməsi qanunla qadağandır. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, iddiaçıya müxtəlif ünvanlarda mənzillər təklif edilmiş, lakin o, Bakı şəhəri Yasamal rayonu ərazisində iki otaqlı mənzil verilməsini tələb etməkdə təkid edərək təklif olunan mənzillərdən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qərarında iddaçının tələbinin hüquqi əsasının olmaması mövqeyini və dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Qərardan da göründüyü kimi, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab etməklə, iş üçün əhəmiyyəti olan digər məsələləri tam aydınlaşdırmaqla, onlara tətbiq edilməli olan maddi hüquq normaları baxımından hüquqi qiymət verib. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7840/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1249/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1249/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver