Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1249/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqınlıq statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-12317/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qərarının ləğv edilməsi, ona və arvadı X4çqınlıq statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nigeriya Federativ Respublikasının vətəndaşıdır (Pasport № ********), o, xx.xx.1977-ci ildə Nigeriyanın Benue ştatının GBOKO Otukpo şəhərciyində doğulmuş, milliyyətcə iqbo, dini etiqadına görə xristiandır (katolikdir), 6 illik ibtidai təhsilini Nigeriyada “X13” adlı məktəbdə oxumuş, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil almışdır. Ailəlidir, həyat yoldaşı xx.xx.1985-ci il təvəllüdlü X8, 3 oğlu, 1 qızı var. Evi və torpaq sahələri də GBOKO Otukpo-da yerləşir. Nigeriyada dini zəmində ona, ailəsinə, biznesinə baş vermiş müsibətlərdən sonra o və həyat yoldaşı Nigeriyadan qaçıb Azərbaycana gəlmişlər. Qaçqınlıq statusunun alınması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etsələr də, əsassız olaraq bu statusun verilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli 83 nömrəli qərar qəbul etmişdir. Qərarın surətini xx.xx.2023-cü ildə əldə etmişdir. Şikayətlərinin araşdırılmasında yol verilmiş qanunsuzluqlar, nöqsanlar, qərəzli yanaşma barədə məlumat vermək məcburiyyətindədir. Qeyd edir ki, Dövlət Miqrasiya Xidmətində intervyular zamanı əməkdaş qabaqcadan ona bildirirdi ki, qaçqınlıq statusunun verilməsi onsuz da mümkün olmayacaq. Yəni iş tam araşdırılmamış əməkdaş qərəzə əsaslanmış fikir yürüdürdü. O, Nigeriyada böyüdüyü və yaşadığı yerlərə Benue ştatına qayıda bilməyəcək. Çünki yerli hökumət təhlükəsizliklərinə etibarlı şəkildə zəmanət verə bilmir və bu artıq beynəlxalq təşkilatlarda ciddi müzakirə olunmaqdadır. Belə bir vəziyyət onun üçün və ailəsi üçün çox təhlükəlidir. Yəni müəyyən mənada onlara qarşı nifrət və düşmənçilik kampaniyası başlanmışdır. Nigeriyada kənd təsərrüfatı sahəsində, xüsusən də heyvandarlıq sahəsində 2011-ci ildən başladığı sahibkarlıq fəaliyyətinə olan təhdidlər, tarlalarının məhv edilməsinə yönəlmiş hücumlar olmuşdur. Bu hücumların əsas motivi əslində dini dözümsüzlük və dini ayrı-seçkilik olmuşdur. Yəni digər dinə mənsub radikallar fermer təsərrüfatlarına və inəklərinə hücum etmək yolu ilə onları məhz dini baxışlarına görə təqib edirlər. Yəni kənd təsərrüfatı məsələləri sadəcə bir örtükdür. Məhz ona görə də o, oranı tərk edəndən sonra anası və uşaqları Kilsədə sığınacaq tapmağa məcbur olublar. Münaqişənin cənub əyalətlərinə yayılması ölkənin əsas regional, etnik və dini qrupları arasında onsuz da kövrək olan münasibətləri gərginləşdirir. Cənubun əksər xristian icmaları bəzi mənbələrdə “İslamlaşdırma qüvvəsi” kimi təsvir edilən, əsasən müsəlman çobanların axınından narazıdırlar. Çobanlar əsasən Fulanilərdir, münaqişələrə etnik ölçü verirlər. Fulanilər Qərbi və Mərkəzi Afrikanın bir çox ölkəsinə yayıldıqca, onlarla digər Nigeriya qrupları arasında istənilən böyük qarşıdurma qonşu ölkələrdən döyüşçüləri cəlb edərək regional təsirlərə səbəb ola bilər. Bütün bu xəbər saytlarını nəzərdən keçirəndə aydın olacaq ki, 2015-ci ildən qarşılaşdıqları münaqişələrin, xüsusən də fermer-çobanların hücumlarının kökündə etnik, dini məsələlər durur. Yəni ilk əvvəl torpaq məsələləri ilə başlayan münaqişələr artıq təhlükəli etnik-dini məziyyətlər də kəsb etmişdir. 9 mart 2016-cı ildə Nigeriya Senatının qəbul etdiyi qətnamədə göstərilmişdir ki, Benue, Taraba, Plateau və digər ştatlarda fermer icmalarına hücumların arxasında Boko Haram qiyamçıları durmuşdular. Kənd təsərrüfatı ilə məşğul olanların böyük əksəriyyəti əsasən katolik xristianlar idi. Ona görə də dini baxışlarına görə artıq Taraba (Benue ştatının paytaxtı) və digər ştatlarda yaşamaq çox təhlükəli olmaqla bərabər, həm də fermer təsərrüfatları ilə məşğul olmağın heç bir əhəmiyyəti qalmırdı, sadəcə bir gün çəkdiyin əziyyətlər boşa çıxmış olur. 2018-ci ilin yanvarından zorakılıq artdığından həmin dövrdə 300 min insan yaşayış yerlərini tərk edərək öz torpaqlarında məcburi köçkün oldular. Adamava, Benue, Nasarava, Plateau və Taraba əyalətlərinin bir hissəsində geniş miqyaslı yerdəyişmə və etibarsızlıq əkinçiliklə yanaşı, maldarlığa da mane olur və ərzaq qiymətlərini artırır. Zorakılıq nəticəsində ordunun, polisin və digər təhlükəsizlik xidmətlərinin üzərinə ağır yük düşür və onları Boko Haram qiyamına qarşı mübarizə kimi digər mühüm missiyalardan yayındırır. Yəni onlara qarşı, mülklərinə, təsərrüfatlarına olan hücumlarda görünən ilkin məqsəd torpaqlarına basqın edib heyvanlarını ələ keçirmək və tarlalarını məhv etmək və onlara zülm etmək olsa da, sonradan bu hücumlara dini və etnik komponentlər də əlavə olunmağa başlandı ki, bu da münaqişə yerləri üçün xarakterik xüsusiyyətdir. O, xx.xx.1985-ci il təvəllüdlü həyat yoldaşı ilə bərabər 2015-ci ildə öz ölkəsindən qaçaraq, özü və ailəsi üçün yeni yaşayış yeri seçmək üçün əvvəlcə Dubaya getmiş, bir müddət orada yaşayandan sonra ailəsi üçün darıxdığından bir həftəliyə tək Nigeriyanın Laqos şəhərinə qayıtmış və istəmişdir ki, uşaqları və anası ilə görüşsün. Lakin Laqosda olarkən dostları ilə telefonla əlaqə saxlamış və ona dedilər ki, gizlənməli və kilsədə yaşayan uşaqları görmək üçün kəndə qayıtmamalıdır, əks təqdirdə bu onun üçün təhlükəli olar. Nigeriyadan sonra yenidən Dubaya qayıtmış, Dubaydan Gürcüstana və Türkiyəyə, oradan isə xx.xx.2022-ci ildə Azərbaycana pənah gətirmişdir. Qardaşı da katolikliyi qəbul etdiyi üçün Nigeriyanı tərk etmişdir və Omana qaçmışdır. Lakin Omanda katolik olduğunu gizlədir və bu barədə danışmır.O, 2000-ci ildə katolikliyi qəbul etmişdir. Onun valideynləri də xristiandırlar, amma onların valideynləri isə müsəlman olublar. Həyat yoldaşının valideynləri də müsəlman olublar və vəfat ediblər. Lakin həyat yoldaşı da katolikdir. Nigeriyada anası və uşaqları təhlükəsizliklərini təmin etmək üçün Nigeriyada kilsədə yaşamağa məcburdurlar. Anası və uşaqları hazırda Nigeriyada katolik kilsəsi olan “St.Mary Angelica missionary church State of Benue, 17 b Buruku street Nigeria” ünvanında qalırlar. Yeganə sığınacaq yer kilsədir. Anası və uşaqları başqa yerdə yaşaya bilmirlər. Kilsə onlar üçün artıq ev olmuşdur. Uşaqlarının və anasının yaşadığı Katolik Kilsənin telefon nömrəsi belədir: **********8. Kilsədəki keşişin adı Rev. Pauldur. Azərbaycanda qaçqınlıq statusunun alınması üçün xx.xx.2022-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmişdir. Həmin dövrdə adına ***-**** saylı şəxsi iş açılmışdır. Ona MS-114-2022 nömrəli müvəqqəti şəhadətnamə verildi. Dövlət Miqrasiya Xidmətində onunla və arvadı ilə müsahibə keçirilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ-46/2 nömrəli qərarı ilə ona və həyat yoldaşına qaçqın statusunun verilməsindən imtina edildi. Dövlət Miqrasiya Xidməti ilk müraciətinə baxaraq ona qaçqınlıq statusunun verilməsindən imtina etdi və imtina qərarını xx.xx.2022-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin Ofisindən əldə etmişdir. O və həyat yoldaşı bu qərarla razılaşmır, çünki bu qərarın qəbul edilməsi üçün söylədikləri fikirlərdən Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının gəldikləri qənaət əsl həqiqəti əks etdirmir. Qərardan xx.xx.2023-cü ildə inzibati qaydada şikayət vermişdir. 29 yanvar 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və vatsap nömrəsinə qısa xahiş məktub göndərərək müraciətinə yenidən baxılmasını xahiş etmişdir. Bundan sonra 29 yanvar 2023-cü il tarixli şikayətinə əlavə olaraq xx.xx.2023-cü ildə Dövlət Miqrasiya Xidmətinə poçt vasitəsilə ətraflı izahat və arayış göndərmiş və əsaslandırmışdır ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli İQ-46/2 nömrəli qərarı həqiqəti əks etdirmir və təqdim etdiyi ətraflı arayış əsasında yenidən baxılmalıdır. Belə ki, ətraflı arayışda qeyd etmişdir ki, sözügedən qərarın mətnində 4 övladının və anasının Nigeriyada evdə yox, məhz kilsədə yaşaması faktı qeyd olunsa da, bu məsələ araşdırılmamış və əlavə suallar bu istiqamətdə verilməmişdir. Bu isə Dövlət Miqrasiya Xidməti (bundan sonra: DMX) tərəfindən həqiqətin müəyyən olunmasına və ədalətli qərarın qəbul edilməsinə mane olmuşdur. Digər tərəfdən, bu qərar qəbul olunana qədər onun və həyat yoldaşının verdiyi müsahibələrdə övladlarının və anasının kilsədə yaşaması faktına toxunmaqla üstü-örtülü formada problemin mahiyyətini, yəni aysberqin görünən tərəfini diqqətlərinə çatdırmaq istəyirdilər. Belə ki, əvvəlki müsahibələrində əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu Azərbaycanda bu məsələlərə (etnik- dini), demək olar ki, ehtiyat səbəbindən dərindən toxunmamışdır ki, dini kimliyi ilə bağlı məsələləri çox qabartmasın. Lakin sadəcə ailəsinin Nigeriyada kilsədə gizləndiyi faktını əməkdaşların diqqətinə çatdıraraq bu məsələdə ətraflı araşdırma aparılmasına ümid edirdi. Nigeriyada ailəsinin həyat və sağlamlığı üçün torpaq mübahisələri ilə başlanan münaqişə artıq dini zəmində də onlar üçün təhlükə yaratdığından anası və övladları kilsəyə sığınmış və məskunlaşmışlar. Bu faktın özü dini zəmində onlara qarşı təqibin olmasından xəbər verir ki, bu da Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinin tələblərinə ziddir. Əsaslandırılmış müraciətinə baxmayaraq DMX xx.xx.2023-cü il tarixli 28 nömrəli qərarla şikayətini baxılmamış saxlamış və əsas gətirmişdir ki, guya o, inzibati şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddətini buraxmışdır. Bundan sonra DMXdə yol verilmiş nöqsan aradan qaldırılmış, şikayətinə İnzibti İcraat haqqında qanuna müvafiq olaraq yenidən baxılmış və xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli inzibati şikayəti əsasında DMX-nin xx.xx.2023-cü il tarixli 28 nömrəli qərar ləğv edilmişdir. Daha sonra DMX-yə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 1457/ə nömrəli inzibati şikayətindəki əlavə materiallar, sübutlar və faktlar nəzərə alınmamış, dini zəmində təqib olunmaqlarını, bu əsasda təsərrüfatlarının və əkin sahələrinin dağıdılmasını, bu səbəbdən anasının və uşaqlarının kilsəyə sığınmaları və kilsədə yaşamaları faktını yeni hallar və sübutlar kimi qəbul etməmiş və bu məsələlərə hüquqi qiymət verməmiş və xx.xx.2023-cü il tarixli 52 nömrəli qərar qəbul edərək şikayəti təmin edilməmişdir. Bununla da hüquqlarının qorunmasına biganəlik göstərilmişdir. Bu qərarla da razılaşmayaraq 4-cü dəfə DMX-yə 52 nömrəli qərardan inzibati qaydada şikayət etmiş və anasının və uşaqlarının kilsədə olmasını sübut edən foto-şəkilləri yeni sübut materialı kimi təqdim etmişdir. Bu dəfə də ədalətli araşdırma aparılmamış və xx.xx.2023-cü il tarixli 83 nömrəli ərizə baxılmamış saxlanılmışdır. Qaçqınlıq statusunun alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, ona ailəsinə qarşı baş vermiş haqsızlıqlar, təqiblər nəzərə alınmamış və ona qaçqınlıq statusunun verilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Nigeriya Federativ Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1977- ci il təvəllüdlü İddiaçı ailə üzvü (arvadı - X11) ilə birlikdə 7 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 114- 2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Nigeriyanın Laqos şəhərində anadan olduğunu, milliyyətcə iqbo, dini etiqadına görə xristian (katolik) olduğunu, 6 illik ibtidai təhsilini Nigeriyada “X13” adlı məktəbdə oxuduğunu, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil aldığını qeyd etmişdir. O, təxminən 1997-ci ildən etibarən atasına kənd təsərrüfatı ilə bağlı işlərdə köməklik etdiyini, 2011-ci ildən Nigeriyada müstəqil sahibkarlıq fəaliyyətinə başladığını, kənd təsərrüfatı ilə məşğul olduğunu, əsas işinin heyvandarlıqdan ibarət olduğunu bildirmişdir. Ərizəçi sonradan işində problemlərin yarandığını, qonşularına məxsus heyvanların onun ərazisinə daxil olaraq tarlalarını yararsız vəziyyətə saldığını, bu səbəbdən də qonşularla aralarında mübahisə yarandığını, mübahisələrin bəzən məhkəməyə qədər getdiyini, biznesini inkişaf etdirməkdə çətinliklər yaşadığı üçün ölkəsini tərk edərək 2015-ci ildə BƏƏ-nin Dubay şəhərinə getdiyini, əvvəlcə taksi sürücüsü kimi işlədiyini, sonra “Limuzin” şirkətinə işə düzəldiyini, 2 il orada işlədiyini, pandemiya ilə əlaqədar şirkətin bağlandığını, başqa bir şirkətə işə düzəldiyini, müxtəlif texniki işlərlə məşğul olduğunu qeyd etmişdir. İddiaçı 2019-cu ildə Nigeriyaya qayıtdığını, 1 həftə orada qaldıqdan sonra yenidən Dubay şəhərinə qayıtdığını söyləmişdir. O, Dubay şəhərində yaşayış xərclərinin yüksək olduğunu, yaşamaq üçün alternativ ölkə tapmaq məqsədilə Gürcüstan və Türkiyəyə səfər etdiyini, xx.xx.2022-ci il tarixdə isə arvadı ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi atasının vəfat etdiyini, qardaşının Omanda yaşadığını, 3 oğlu, 1 qızı və anasının isə Nigeriyada kilsədə yaşadıqlarını demişdir. İddiaçı arvadı X11 ilə keçirilən müsahibə zamanı o, da ərinin dediklərini təsdiq edərək Dubay şəhərində yaşamaq üçün xərclərinin çox çıxdığını, bu səbəbdən də alternativ ölkə tapmaq məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvünün etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərdən və ərizə-anketin qeydiyyatı zamanı dediklərindən onun Dubay şəhərində yaşama icazəsinin 2023-cü ilin yanvar ayına qədər, arvadının müvafiq icazəsinin isə 2024-cü ilə qədər aktiv olduğu məlum olmuşdur. İddiaçı və arvadı X11 müsahibə zamanı Nigeriyaya qayıdacaqları təqdirdə qonşuları tərəfindən əvvəlki mübahisə zəminində yenidən təhdid oluna biləcəklərini ehtimal etsələr də, dediklərindən Nigeriyaya bir neçə dəfə getdikləri, orada olduqları müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadıqları, uşaqlarının hazırda həmin ölkədə yaşadıqları aydın olmuşdur. Bu da onların mənşə ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları və ya adətən yaşaqdıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 22 dekabr 2022-ci il tarixli, 32 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-12317/2023 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq da qeyd edilmişdir ki, qərar AR Konstitusiyasına, beynəlxalq öhdəliklərinə, AR-in qüvvədə olan normativ hüquqi aktlarına ziddir, məhkəmə qərarda maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Buna görə də qərar əsassız və qeyri-obyektiv olmaqla yanaşı, qanunsuz olduğundan ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə haqqında) qaldırmışdır. İddiaçı cavabdeh inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, Nigeriya Federativ Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1977- ci il təvəllüdlü İddiaçı ailə üzvü (arvadı - X11) ilə birlikdə 7 oktyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 114- 2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və arvadı ilə müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Nigeriyanın Laqos şəhərində anadan olduğunu, milliyyətcə iqbo, dini etiqadına görə xristian (katolik) olduğunu, 6 illik ibtidai təhsilini Nigeriyada “X13” adlı məktəbdə oxuduğunu, sonra 6 il “Muslim boy” adlı məktəbdə təhsil aldığını qeyd etmişdir. O, təxminən 1997-ci ildən etibarən atasına kənd təsərrüfatı ilə bağlı işlərdə köməklik etdiyini, 2011-ci ildən Nigeriyada müstəqil sahibkarlıq fəaliyyətinə başladığını, kənd təsərrüfatı ilə məşğul olduğunu, əsas işinin heyvandarlıqdan ibarət olduğunu bildirmişdir. Ərizəçi sonradan işində problemlərin yarandığını, qonşularına məxsus heyvanların onun ərazisinə daxil olaraq tarlalarını yararsız vəziyyətə saldığını, bu səbəbdən də qonşularla aralarında mübahisə yarandığını, mübahisələrin bəzən məhkəməyə qədər getdiyini, biznesini inkişaf etdirməkdə çətinliklər yaşadığı üçün ölkəsini tərk edərək 2015-ci ildə BƏƏ-nin Dubay şəhərinə getdiyini, əvvəlcə taksi sürücüsü kimi işlədiyini, sonra “Limuzin” şirkətinə işə düzəldiyini, 2 il orada işlədiyini, pandemiya ilə əlaqədar şirkətin bağlandığını, başqa bir şirkətə işə düzəldiyini, müxtəlif texniki işlərlə məşğul olduğunu qeyd etmişdir. İddiaçı 2019-cu ildə Nigeriyaya qayıtdığını, 1 həftə orada qaldıqdan sonra yenidən Dubay şəhərinə qayıtdığını söyləmişdir. O, Dubay şəhərində yaşayış xərclərinin yüksək olduğunu, yaşamaq üçün alternativ ölkə tapmaq məqsədilə Gürcüstan və Türkiyəyə səfər etdiyini, xx.xx.2022-ci il tarixdə isə arvadı ilə birlikdə Azərbaycana gəldiyini bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi atasının vəfat etdiyini, qardaşının Omanda yaşadığını, 3 oğlu, 1 qızı və anasının isə Nigeriyada kilsədə yaşadıqlarını demişdir. İşdən görünür ki, İddiaçı arvadı X11 ilə keçirilən müsahibə zamanı o, da ərinin dediklərini təsdiq edərək Dubay şəhərində yaşamaq üçün xərclərinin çox çıxdığını, bu səbəbdən də alternativ ölkə tapmaq məqsədilə Azərbaycana gəldiklərini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvünün etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını, doğulduğu yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərdən və ərizə-anketin qeydiyyatı zamanı dediklərindən onun Dubay şəhərində yaşama icazəsinin 2023-cü ilin yanvar ayına qədər, arvadının müvafiq icazəsinin isə 2024-cü ilə qədər aktiv olduğu məlum olmuşdur. İddiaçı və arvadı X11 müsahibə zamanı Nigeriyaya qayıdacaqları təqdirdə qonşuları tərəfindən əvvəlki mübahisə zəminində yenidən təhdid oluna biləcəklərini ehtimal etsələr də, dediklərindən Nigeriyaya bir neçə dəfə getdikləri, orada olduqları müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadıqları, uşaqlarının hazırda həmin ölkədə yaşadıqları aydın olmuşdur. Bu da onların mənşə ölkəsində əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları və ya adətən yaşaqdıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. Beləliklə, işin materiallarından görünür ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ-46/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli, 1457/ə nömrəli eyni məzmunlu şikayətlər vermiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 28 № li qərarı ilə müddətin buraxılması əsası ilə şikayətlər baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli qərardan şikayət vermiş, cavabdehin 3.04.2023-cü il tarixli, 52 № li qərarı ilə şikayətlərin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş, xx.xx.2023-cü il tarixli 1423/ə nömrəli və xx.xx.2023-cü il tarixli, 1457/ə nömrəli şikayətlər təmin edilməyərək xx.xx.2022-ci il tarixli, İQ-46/2 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən 4623/ə nömrəli ərizə ilə cavabdehə müraciət edərək təqdim etdiyi yeni əsaslar üzrə inzibati icraatın təzələnməsini, ona və ailə üzvünə qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 83 № li qərarı ilə xx.xx.2023-cü il tarixli, 4623/ə nömrəli ərizə baxılamış saxlanılmışdır. Hazırki işdə iddiaçı ona və ailə üzvünə qaçqın statusunun verilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı və həmin qərardan verdiyi şikayətin təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirməmiş, təqdim etdiyi sənədlər əsasında ona qaçqın statusu verilməsindən imtina edilməsi barədə qeyd edilən qərarlarla razılaşmış və həmin qərarlar qüvvəyə minmişdir. İddiaçının hazırda mübahisələndirdiyi qərar, onun yeni sənədlər təqdim edərək inzibati icraatın təzələnməsi barədə ərizəsinin baxılmamış saxlanılması barədədir. Yəni iddiaçı ilk olaraq təqdim etdiyi sənədlər əsasında ona qaçqın statusu verilməsindən imtina edilməsi ilə razılaşmış və həmin qərarları mübahisələndirməmişdir. Lakin iddiaçı hesab edir ki, yenidən təqdim etdiyi sənədlər əsasında inzibati icraat yenilənməli olduğu halda, cavabdeh əsassız olaraq onun ərizəsini baxılmamış saxlamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, AR “İnzibati icraat haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Həmin qanunun 35.2.-ci maddəsinə əsasən bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Qanunun 35.4-cü maddəsinə əsasən ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır. Həmin Qanunu 35.5-ci maddəsinə əsasən inzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Hazırki iş üzrə cavabdeh orqan iddiaçının ərizəsini araşdıraraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi ərizədə işin faktiki və hüquqi hallarının iddiaçının xeyrinə dəyişməmiş, eyni zamanda iddiaçı üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutların aşkar olunmamışdır. Qeyd edilən Qanunun 34.1 və 34.1.3-cü maddəsinə əsasən bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda Ərizə səlahiyyətli inzibati orqan tərəfindən baxılmamış saxlanıla bilər. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməsi barədə ərizəni baxılmamış saxlayarkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçın tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2-1(112)-12317/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günay Axundova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1249/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1249/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver