Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1251/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “güzəştli şərtlərlə mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən verilmiş 12 dekabr 2022-ci il tarixli **********9 saylı imtina məktubunu qeyri-qanuni hesab edilərək, İddiaçı güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmış, 2-ci qrup əlil kimi ordudan tərxis edilmişdir. Bir müddətdən sonra Sabunçu Rayon İcra Hakimiyyətində ev növbəsinə durmuş və 2004-cü il tarixdə dövlət tərəfindən Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən binadan 2 otaqlı, ümumi sahəsi 69,3 kv.metr, yaşayış sahəsi 33,88 olan mənzillə təmin olunmuşdur. Lakin onun ailə üzvlərinin sayına görə onlara verilən mənzilin sahəsi çox azdır. Bununla bağlı narazılığını bildirdikdə, cavabdeh qurumun nümayəndəsi tərəfindən tezliklə onun evinin qarşısında yeni bina tikiləcəyi və ona həmin binadan əlavə 2 otaqlı mənzil veriləcəyi bildirilmiş və o, buna görə gözləmişdir. Bir müddətdən sonra, yəni 04 aprel 2017-ci il tarixdə o, yenidən Sabunçu Rayon İcra Hakimiyyətində mənzilə ehtiyacı olan Qarabağ əlili kimi altı nəfərlik ailə üzvlərilə birlikdə ev növbəsinə durmuş, lakin bu günə qədər yeni mənzillə təmin olunmamışdır. Bununla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, və aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli imtina cavabı almışdır: “Sizin müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılışdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın birinədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata (uçota) alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin, habelə qeydiyyata alınma tarixindən asılı olmayaraq Çernobıl aes-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və Şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Sabunçu Rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş siyahılarda 4 aprel 2017-ci il tarixdən 6 nəfər (özünüz, həyat yoldaşınız, 2 oğlunuz, qızınız və nəvəniz) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız göstərilmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdiyiniz sənədlərə baxılarkən Nazirlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi, ev 33 ünvanında 30 saylı (nömrəli) mənzillə təmin edildiyinizdən sosilal-məişət şəraitinizin yenidən yaxşılaşdırılması mümkün deyil”. İddiaçı sonradan məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə sair ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı artıq dövlət tərəfindən 2004-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binadan ümumi sahəsi 69,3 kv.metr, yaşayış sahəsi 33,88 kv.metr olan mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Təkrarən eyni imtiyaza görə Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamına əsasən 1-ci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi Qaydaları”nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi həddində, lakin hər adama 8 kv.metrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Vətəndaş normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş, vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı həm dəə dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respoublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları- qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Belə ki, vətəndaş artıq bir dəfə sərəncamın icrası çərçivəsində mənzillə təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh iddia tələbinin təmin olunamaması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazda gösətrilən dəlillərə uyğun məzmunda cavab verilərək məsələnin həllindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X15 küçəsi, ev 33 ünvanında yerləşən 30 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Müvafiq elektron sistemdən çıxarış şəklində verilmiş sosial arayışdan görünür ki, iddiaçıya xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda həmçinin, xx.xx.1995ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2000-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.1976-cı il təvəllüdlü X5 da yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 139 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamının surətindən görünür ki, Sabunçu rayon MKTB 47 saylı MKİS tərəfindən verilmiş 10 saylı, xx.xx.2017-ci il tarixli (2 saylı forma) arayışa əsasən İddiaçı 6 nəfər ailə üzvü ilə Bakıxanov qəsəbəsi, Hacınski küçəsində yerləşən 33 saylı evin yaşayış sahəsi 33,88 kv.m olan 2 otaqlı, 30 saylı mənzilində 2017-ci ildən qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1986-cı ildən 2017-ci ilədək ailə tərkibi 10 nəfər olmaqla Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən 15/74 saylı evin sahəsi 63,32 kv.m olan 104 saylı mənzilində yaşamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundakı müharibə zamanı İİ qrup əlil olmuşdur. (Əsas: 3 saylı zona Tibbi SEK-nın ser AR № 382242 saylı arayışı) Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 42 saylı arayışdan görünür ki, o, İİ qrup “Qarabağ müharibəsi” əlili kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünü alır. Sabunçu Rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə komissiyası (xx.xx.2017-ci il tarixli, 05 saylı protokol) İddiaçı ailə tərkibi 6 nəfər olmaqla (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) imtiyazlı əsaslarla (İİ qrup “Qarabağ müharibəsi” əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmasını təklif edir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı ailə tərkibi 6 nəfər (özü, h/yoldaşı, 2 oğlu, qızı və nəvəsi) olmaqla imtiyazlı əsaslarla (İİ qrup Qarabağ müharibəsi əlili) yaşayış yeri üzrə mənzil növbəsinə qəbul olunmuş və onun mənzil növbəsi imtiyazlı əsaslarla olan siyahıya əlavə edilmişdir. -Sabunçu rayon MKTB 47 saylı MKİS-in 109 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ailə tərkibi aşağıdakılardan ibarətdir: həyat yoldaşı- X5 (1976), qızı Baxışova Rəvanə (1995), oğlu Quliyev Hüseyn (2000), oğlu Quliyev Həsən (2000), nəvələri Baxışova Nəzrin (2016) və Baxışova Nihad (2017). -AR Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli, 653 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İİ qrup Qarabağ əlili, ailə tərkibi 5 nəfər (özü, yoldaşı, 3 uşağı) olmaqla xx.xx.1998-cı il tarixindən Qarabağ əlili kimi Sabunçu RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilmış kollegiyanın 18 saylı, 09 oktyabr 2004-cü il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş 36 mənzilli yaşayış binasından Sabunçu RİH-ə 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. Sabunçu RİH-in MM üzrə İK-sı xx.xx.2004-cü il tarixli 16 nömrəli protokolu ilə göstərilən mənzilin İddiaçı verilməsini təklif edir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m., faydalı sahəsi 33.88 kv.metr olan, 2 otaqlı 30 saylı mənzil İddiaçı verilmişdir. - Orderə iddiaçı ilə yanaşı, X1 - 1976-cı il (yoldaşı), X3 - 1996-cı il (qızı), X6 - 1998-ci il (oğlu), X4 - 2000-ci il (oğlu) adları daxil edilmiş, İddiaçı mənzil növbəsindən çıxarılması qərara alınmışdır. - DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.H.Hacınski küçəsi, ev 30-da yerləşən 33 saylı mənzilin arxiv əsaslarında olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 000583 nömrəli orderin surətindən görünür ki, Sabunçu RİHB-nin xx.xx.2004-cü il tarixli sərəncamı əsasında 1998-ci ildən mənzil növbəsində dayanması ilə əlaqədar 2-ci qrup Qarabağ əlili kimi İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m. olan faydalı sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil verilmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının ailə tərkibinin gələcəkdə də genişlənmə ehtimalı istisna olunmadığından onun hazırda ailə tərkibində dəyişiklik olması faktının nəzərə alınaraq yenidən mənzillə təmin olunması eyni imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş və hazıradək yaşayış sahəsi ilə təmin edilməyən şəxslərin hüquqlarına toxuna bilər.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3-ci maddəsinə əsasən yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4-ci maddəsinə əsasən bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər. Hazırkı işin faktiki hallarından görünür ki, xx.xx.1998-cı il tarixindən Qarabağ əlili kimi Sabunçu RİH-də yaşayış yeri üzrə mənzil növbəsində dayanmış İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə rayon icra hakimiyyətinin xx.xx.2004-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınskı küçəsi, 4083-cü məhəllədə inşa edilmiş ümumi sahəsi 69.24 kv.m., yaşayış sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. İddiaçı həmin vaxtdan qeyd olunan mənzildə yaşamış və onun mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı sonradan, yəni 2017-ci ildə eyni əsaslarla (Qarabağ müharibəsi əlili kimi) ailə tərkibi ilə (6 nəfər) yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçı ailə tərkibində artım olduğunu və ona ayrılan yaşayış sahəsinin ayrılma normasından az olduğunu əsas gətirərək yeni mənzillə təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Sosial Xidmətlər Agentliyi ona bir dəfə mənzil ayrıldığını əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir. İddiaçı hazırkı ilə cavabdehin imtinasını mübahisələndirir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi qanunverici sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir İşin faktiki hallarına əsasən isə iddiaçıya xx.xx.2004-cü il tarixli sərəncamı əsasında (hər adam üçün 8 kv.metr nəzərə alınmaqla) ümumi sahəsi 69.24 kv.m., yaşayış sahəsi 33.88 kv.metr olan 2 otaqlı 30 saylı mənzil ayrılmışdır. İddiaçı 04 aprel 2017-ci il tarixdə yenidən Sabunçu Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 6 nəfərdən ibarət olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə hər bir ailə üzvünə düşən sahə ayrılma normasından (16 kv.m) azdır. İddiaçının hər bir ailə üzvünün sayına görə düşən sahə mövcud ayrılma norması nəzərə alındıqda ona ümumi sahəsi 26,76 kv.metrdən ( (6x16 kv.m) - 69,24 kv.m.) ibarət mənzil verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5058/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 26.76 kv.m. güzəştli şərtlərlə mənzillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.