Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1252/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, cavabdeh təşkilatın üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 8.2-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının övladı X12 29 sentyabr 1982-ci il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Övladı üçün yaşayış yeri üzrə Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsindən) müavinət almışdır. X15 17 sentyabr 1992-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx xxx 1960-cı il təvəllüdlüdür, hazırda 61 yaşı var, 3 uşaq anasıdır, 20 il əmək stajına malikdir. İddiaçı sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyütdüyünü və 18 ildən artıq əmək stajı olduğunu nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə və azı 10 il sığorta stajı olan ana olduğundan bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin olunmasını və ödənilməmiş pensiya məbləğini birdəfəlik ödənilməsi ilə bağlı inzibati orqana müraciət olunmuşdur. Müraciətinə cavab olaraq bildirilirmişdir ki, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı tələb olunur. Bununla bağlı iddiaçı qeyd edir ki, 1982-ci il təvəllüdlü mərhum oğlu X12 uşaqlıqdan əlil olduğundan 1992-ci il tarixə qədər ona Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat Şöbəsindən (DSMF Bakı şəhəri Sabunçu Rayon Şöbəsindən) müavinət verilmişdir. Bu müavinəti isə verilməsi üçün həmin dövrdə zəruri sənədlər Bakı şəhəri Lenin (Sabunçu) Rayon Sosial Təminat Şöbəsinə (DSMF Bakı şəhəri Sabunçu Rayon Şöbəsinə) təqdim olunmuşdur. Bundan başqa Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X3” MMC-nin Uşaq Poliklinikası tərəfindən verilmiş № 93 25 oktyabr 2019cu il tarixli arayışı da təqdim edilmişdir. Hal-hazırda 1992-ci ildə vəfat etmiş oğlunu tibbisosial ekspert komissiyasına təqdim etmək mümkün deyil ki, qərar da versinlər Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 17 may 2015-ci ildən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İş üzrə cavabdehin iddiaya dair etiraz məktubunda bildirilmişdir ki, iddiaçı övladı X10 məxsus sağlamlıq imkanlarının məhdudluğuna dair tibbi-sosial ekspert komissiyasının qərarını və digər zəruri sənədləri cavabdeh inzibati orqana təqdim edə bilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı pensiya hüququ yarandığı 17.05.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən X3 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019cu il tarixli 93 №-li arayışa istinad etmişdir. Həmin arayışa əsasən K.R.Valeryeviç leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olmuşdur, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilmişdir. Lakin həmin arayışlar uşağın sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən sənəd kimi qəbul edilə bilməz. K.Fərəcova adına X1 27 oktyabr 2021-ci il tarixli 4158 nömrəli məktubundan görünür ki, uzun müddət keçdiyindən arxivdə X10 məxsus hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş və 17.05.2015-ci il tarixdə 55 yaşı tamam olmuşdur. İddiaçıya məxsus 02 oktyabr 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən o, 27.09.1978-25.05.1981, 02.06.1981-16.11.1992, 18.11.1992-28.10.1993, 05.11.1994-07.05.1999, 12.05.1999- 01.06.2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı sığorta stajı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçı tərəfindən uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının təqdim olunmadığını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyul 2017-ci il tarixli 1596 nömrəli arayışın surətindən görünür ki, X12 29.09.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 23.10.1982-ci il tarixdə Sabunçu rayonu qeydiyyat şöbəsində 952 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X9, anası: İddiaçı. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X3 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 №-li arayışın surətindən görünür ki, uşaq X12 29.09.1982-ci il təvəllüdlü, həqiqətən AXDQ QSC X3 MMC-nin X4 Leykoz xəstəliyi ilə dispanser qeydiyyatında olub. Tibbi kartı verilmə müddəti (15 il) keçdiyinə görə arxivdə ləğv olunub. Bakı şəhəri Lenin rayon Sosial Təminat şöbəsi tərəfindən 20.03.1990-cı il tarixdə verilmiş 116084 nömrəli pensiya vəsiqədən görünür ki, İddiaçı əlil uşağa qulluq etdiyinə görə Dövlət pensiyaları haqqında Qanuna və Dövlət pensiyaları təyin edilib verilməsi qaydaları haqqında Əsasnamənin uyğun olaraq 01.01.1990-cı ildən 21.02.1991-ci ilə kimi müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X7 İnstitutunun V.İ. Tambovçevaya ünvanlanmış 11.12.1991-ci il tarixli 3-541/16 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərilmişdir. SSSR X8 Pediatriya İnstitunun 17 sentyabr 1992-ci il tarixli arayışından görünür ki, 9 yaşlı uşaq Kluş Roman kəskin leykoz diaqnozundan ölmüşdür. Moskva şəhəri Qaqarin VVAQ şöbəsi tərəfindən 17.09.1992-ci il tarixdə verilmiş XMЮ 252767 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 17.09.1992-ci il tarixində kəskin leykoz xəstəliyindən ölmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. Birinci instansiya məhkəməsində işin hallarının araşdırılması zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 16.10.91-ci il tarixli 1495 nömrəli məktubuna əsasən, 8 yaşlı uşaq Kluş R. stasionar müalicəyə göndərildiyi, həmçinin İddiaçı əlil uşağa qulluq etdiyinə görə Dövlət pensiyaları haqqında Qanuna və Dövlət pensiyaları təyin edilib verilməsi qaydaları haqqında Əsasnaməyə uyğun olaraq 01.01.1990-cı ildən 21.02.1991ci ilə kimi müavinət təyin edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (kəskin leykoz) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.46-cı maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC X3 MMC Uşaq Poliklinikası tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli 93 №-li arayışında və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən X7 İnstitutunun V.İ. Tambovçevaya ünvanlanmış 11.12.1991-ci il tarixli 3-541/16 nömrəli məktubunda öz əksini tapdığından, eyni zamanda iddiaçıya əlil uşağa qulluğa görə 01.01.1990-cı ildən 21.02.1991-ci ilə kimi müavinət təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1982-ci ildə doğulmuş və sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X5q müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Həmçinin, 17.05.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 60 il müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi stajı və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan, ona 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi tətbiq olunmalıdır. İddiaçı qanunla müəyyən olunmuş yaş həddinə (55 yaş) çatmaqla tələb olunan sosial sığorta stajına (10 il) malik olduğundan onun yaşa görə əmək pensiyası hüququ 17.05.2015-ci il tarixdən yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iddiaçıya pensiya hüququ yarandığı 17.05.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı ilkin olaraq 30.11.2020-ci il tarixli ərizə ilə (07.12.2020-ci il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona 17 may 2015-ci ildən əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya 30.11.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni 30.11.2017-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi 30.11.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni 30.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(112)-4829/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı əmək pensiyasının təyinatı ilə bağlı cavabdehə müraciət etdiyi 30.11.2020-ci il tarixdən əvvəlki 3 (üç) ilə, yəni 30.11.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1252/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1252/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver