Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1252/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, onun tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən, 22 ildir sahibliyində olan 600 kv. metr sahədən ibarət torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 09 iyun 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilat 26 iyun 2020-ci il tarixdə heç bir hüquqi əsaslandırma etmədən, mənfi və ya müsbət cavab vermədən iddiaçı tərəfindən göndərilmiş sənədləri geri qaytarmışdır. Cavabdeh təşkilatın bu hərəkətsizliyi artıq imtinaya bərabər tutulur. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq qeyd edilməsi zəruridir ki, Səbail rayon Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə ona fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin zamandan etibarən sözügedən torpaq sahəsi daimi olaraq onun sahibliyində və istifadəsindədir. Hazırki vaxtadək torpaqdan istifadəyə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş 25 noyabr 2019-cu il tarixli, 731 saylı Milli Arxiv İdarəsinin arayışından da görünür ki, mübahisəli torpaq sahəsi ona 30 dekabr 1998-ci il tarixdə ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.1-ci maddəsinin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv. metr sahədən ibarət torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 №li 13 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə İddiaçı ayrılmış və sonuncunun faktiki istifadəsində olan 557 kv. metr torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022ci il tarixli qərarı ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci l tarixli 2-1(112)- 295/2022 №li qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022ci il tarixli qərarından narazı qalan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verərək, qərarın ləğv olunaraq, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 784/2023 №li xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1575/2022 №li xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 2-1(112)-295/2022 №li iş Bakı İnzibati Məhkəməsinə geri qaytarıldıqdan sonra məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********54 №li məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 №li 13 yanvar 2022-ci il tarixli qərarı tərəflərindən icra olunaraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 0,0557 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış hazırlanmışdır (reyestrdən çıxarışın surəti məktuba əlavə olunmuşdur). Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022- ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzənməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 13 mart 1995-ci il tarixli 842 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahiblik və istifadəsindədir, torpaq sahəsi üzərində iki mərtəbəli fərdi yaşayış evi tikərək yaşamışdır. O, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Onun yaşadığı Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evinə 2023-cü ilin oktyabr ayının əvvəlində əvvəlcədən tanımadığı, özlərini Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı kimi təqdim edən şəxslər gələrək, yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə vətəndaş İddiaçı adına çıxarışın verilməsinə dair məhkəmə qərarı əsasında çıxarışın verilməsi üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək istədiklərini bildirmişlər. O, onlara torpaq sahəsinin ona məxsus olmasına dair sərəncamın olduğunu, torpaq sahəsində fərdi yaşayış evi tikərək yaşadığını və bununla bağlı Bakı İnzibati Məhkəməsinin qərarı da olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər torpaq sahəsinin çöldən kordinatlarını vuraraq getmişlər. Baş verənlərə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə getmiş, orada ona yaşadığı torpaq sahəsinə məhkəmə qərarı ilə bağlı əməkdaşların gəldiyi və eyni torpaq sahəsinə dair başqa şəxsin adına məhkəmə qərarının olması barədə məlumat verilmişdir. Namiq Əliyevin adına Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998- ci il tarixli 1971 saylı sərəncamın olmasından, torpaq sahəsinin harada yerləşməsindən, qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında işin olmasından ümumiyyətlə məlumatı yoxdur. Namiq Əliyev kimi bir çox şəxslər vardır ki, X8 Bakı şəhəri Səbail rayonu ərazisində onların adlarına saxta sərəncamlar və cizgilər hazırlayaraq, saxta sübutları məhkəməyə təqdim edərək məhkəmələri aldadır və vətəndaşların sahiblik və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinə həmin şəxslərin xəbəri olmadan və məhkəmə prosesinə cəlb edilmədən çıxarışlar alaraq həmin şəxslərin fərdi yaşayış evlərinin söküləcəyini bildirməklə onlardan pul tələb edir. Onun bu əməllərindən çox saylı zərərçəkmiş şəxslər vardır və onlar polisə şikayət etmiş və Fərhad Nağıyevin barəsində qeyd olunan əməlləri ilə bağlı cinayət işi açılaraq ibtidai istintaq aparılır. Fərhad Nağıyevin əməllərindən zərərçəkmiş şəxslərdən biri də odur. Belə ki, onun faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinin yerləşdiyi sahəyə çıxarışın verilməsinə dair məhkəməyə müraciət etməsindən xəbəri olmamış, işə cəlb edilməmişdir, hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin 2023-cü ilin oktyabr ayında yaşadığı evin yerləşdiyi torpaq sahəsinə kordinatların vurulmasına gələn şəxs İddiaçı yox Fərhad Nağıyev idi və onun həmin vaxtı video görüntüləri ərazini müşahidə edən video kamera ilə qeydə alınmışdır. Əgər məhkəmə qərarı İddiaçı adına çıxarılmışdırsa X16 xidmətinin əməkdaşları ilə nə üçün onun torpağına, evimə gəlmiş və nə üçün İddiaçı deyil X16in əməkdaşlarına torpağın kordinatlarını göstərir??? Göründüyü kimi İddiaçı adına torpaq sahəsinin ayrılması barədə sərəncam yoxdur və digər sərəncamlar kimi Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı saxtalaşdırılmışdır. Göründüyü kimi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli 1971 saylı Sərəncamı Bakı şəhəri, Səbail rayonu, Badamdar massivində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati akt etibarsızdır və tərəfindən sərəncamda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar təqdim olunur, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirlə bilməz. Ona məxsus torpaq sahəsinə çıxarışın verilmə öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsində işə baxılarkən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 sayh Bakı Ərazi İdarəsinin iddiaya vermiş olduğu etirazda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin (X6, X2, X4, X5) fərqli sənədlərlə müraciətləri olmuşdur. Göründüyü kimi yuxarıda adları qeyd olunan şəxslərin arasında İddiaçı adı yoxdur. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında fərq mövcuddur və 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşir. Göründüyü kimi cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi ekspert tərəfindən belə müəyyən edilməsi mümkün olmadığı halda (çünki sərəncam və ona əlavə edilmiş sənədlər saxtadır), məhkəmə qərarının icrası prosesində işdə tərəf olmayan Fərhad Nağıyevin reyestr xidmətinin əməkdaşları ilə birlikdə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 13 mart 1995-ci il tarixli 842 saylı Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış torpaq sahəsinə, hansı ki, orada iki mərtəbəli ev vardır, gələrək məhz həmin yerin İddiaçı məxsus olmasını göstərməsi və sonrada onun torpağına çıxarış alması nə dərəcədə qanunidir. Müvafiq məhkəmə sorğusu verilsə məhkəmənin özünə də aydın olar ki, İddiaçı müvafiq çıxarışı aldıqdan sonra, dəyərindən dəfələrlə aşağı qiymətə onun torpağını alqı-satqı edərək Fərhad Nağıyevin adına rəsmiləşdirmişdir. Bu heçdə təsadüf deyildir. Birinci instansiya məhkəməsi icraatında olan inzibati iş üzrə yerli baxış etsə idi, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin həqiqəti əks edirmədiyinin şahidi olardı. Həmçinin Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində işə cəlb olunmalı idi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək, üçüncü şəxs qismində cəlb olunması barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ərizəyə uyğun tərtib edilmiş qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “ərizəçinin sözügedən məhkəmə qərarı üzrə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı sübut olunmadığına görə onun üçüncü şəxs qismində hazırki işə cəlb olunması barədə ərizəsi təmin olunmamalıdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ona ayrılan və hazırda sahibliyində və istifadəsində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış və qərar icra edilərək iddiaçıya müvafiq çıxarış verilmişdir. Daha sonra Maraqlı şəxs ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı iş üzrə çıxartdığı xx.xx.2022- ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzənməsi və üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahş etmişdir.Ərizədə qeyd edilmişdir ki, onun faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi üzərində tikdiyi fərdi yaşayış evinin yerləşdiyi sahəyə İddiaçı çıxarışın verilməsinə dair məhkəməyə müraciət etməsindən xəbəri olmamış, işə cəlb edilməmişdir, hüquqları kobud şəkildə pozulmuşdur. Həmçinin İddiaçı adına verildiyi qeyd edilən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı saxtadır. Məhkəmənin qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “ Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməklə hazırlanmadığından və hazırlandığı müddətdə uzun illər keçdiyi üçün situasiya dəyişdiyindən həmin cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerini müəyyən edilməsi mümkün olmamışdır.” Digər tərəfdən iş materiallarında olan (iş mat. İ cild. Səh.96) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, “iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli müraciəti zamanı iddia etdiyi ərazidən fərqli ərazi göstərilmişdir. Torpaq sahəsinin ölçüsü sənəd üzrə 600.0 kvm təşkil etsə də, faktiki 520.0 kv.m təşkil edir. Naturada göstərilən ərazi mübahisəli olmaqla, həmin sahə üzərində hüquqların qeydiyyata alınması ilə bağlı digər fiziki şəxslər (X3, X12i, X7,X9, X10, Maraqlı şəxs) tərəfindən müxtəlif sənədlərlə İdarəyə müraciətlər daxil omuşdur. Göründüyü kimi hazırkı iş üzrə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1998-ci il tarixli 1971 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsi ilə bağlı isə ərizəçi də daxil olmaqla digər fiziki şəxslər tərəfindən müxtəlif sənədlərlə cavabdeh inzibati orqana müraciətlər olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya icraatı zamanı iddia tələbinin mahiyyəti üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin hüquqlarının mövcud olub-olmaması tam olaraq müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 №li xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qərardadın: 24-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. 29-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası İPM-in 28.1-ci maddəsi üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı adi cəlbetmə halını, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Sözügedən normaların redaksiyası aşağıdakı kimidir: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 30-cu bəndində göstərilmişdir ki, Qanunvericiliyin qeyd olunan müddəalarının mənasına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur. 31.-ci bəndində göstərilmişdir ki, Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün ilk növbədə, məhkəmənin icraatında konkret bir iş mövcud olmalıdır. İcraatda olan iş dedikdə nəyin anlaşılmalı olduğunu müəyyənləşdirmək üçün isə iddia ərizəsinin icraata qəbul edilməsi və işin yekunlaşdırılması anı əsas götürülməlidir. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Buna görə, ərizənin məhkəmə dəftərxanasına daxil olmaqla müvafiq qaydada qeydiyyata alındığı andan məhkəmə icraatı başlanmış sayılır. Odur ki, məhz həmin andan etibarən də adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın həyata keçirilməsi mümkündür. İşin yekunlaşdırılması anı ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, eləcə də yeni açılmış hallar üzrə icraat təzələndikdən sonra cəlbetmə həyata keçirilə bilər. 33-cü bəndində göstərilmişdir ki, İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. 37-cü bəndində göstərilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. 38-ci bəndində göstərilmişdir ki, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir Göründüyü kimi, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, Maraqlı şəxs ərizəsi təmin edilərək, zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Ərizəçi Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-295/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə icraat təzələnsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi » tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1252/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1252/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver