Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1253/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçının vəkili Aqil Layıcın, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində ona hesablanmış faiz borcunun silinməsi tələbinədair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə qarşı iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş ona hesablanmış əsassız faiz borcu məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı MTK xx xxxxxx 2003-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır və onun fəaliyyəti “tikinti işlərinin aparılması”dır. Məlum olduğu kimi, AR Vergi Məcəlləsinə edilmiş və x xxxxxx 2016-cı il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan vergi ödəyicisi bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, öhdəlik tam yerinə yetirilənək dövlət büdcəsinə ödənilmədir. İddiaçı MTK tərəfindən qəbul olunan ödəmələrin əsas hissəsi vaxtı-vaxtında yerinə yetirilmiş, cüzi hissəsi isə faizlərlə birlikdə növbəti rüblərdə ödənilmişdir. Lakin məlum olmayan səbəblərdən İddiaçı MTK-ya qarşı Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən əsassız faiz məbləği hesablanmışdır. Dəfələrlə müraciətlər edilmiş, lakin müraciətlərə cavablarda, eyni zamanda Milli Gəlirlər Departamentində, həmçinin Vergilər Nazirliyinin inzibati binasında olan görüşlərdə heç bir vergi orqanı əməkdaşı və rəhbər vəzifəli şəxsi bu hesablamaların hansı əsasla belə məbləğ təşkil olunmasını izah edə bilməmişdir. AR Vergi Məcəlləsinin 65.1-ci maddəsinə vergi ödəyicisini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Qeyd olunan normaya uyğun olaraq, Milli Gəlirlər Departamenti tərəfindən İddiaçı MTKya elektron (onlayn) qaydada müxtəlif tarixli borc bildirişləri təqdim olunsa da, həmin bildirişlərin tamamilə bir-birinə ziddiyyətli olduğu müəyyən edilir. Həmin bildirişlərdə əks olunan rəqəmlərə nəzər yetirdikdə, aparılmış faiz hesablamalarının əsassız olması aşkar surətdə təsdiqlənir. Belə ki, təqdim edilmiş xx xxxxxxx 2017-ci il tarixli **********9 saylı bildirişdə İddiaçı MTK-nın vergilər üzrə 0 (sıfır) manat, maliyyə sanksiyası üzrə 40 manat, faizlər üzrə isə 1.132,23 manat borcunun olduğu göstərildiyi halda, xx xxxxxx 2017-ci il tarixli **********7 saylı bildirişdə İddiaçı MTK-nın vergilər üzrə 1.807.060,72 manat, maliyyə sanksiyası üzrə 80 manat, faizlər üzrə 562.119,30 manat borcunun olduğu qeyd edilmişdir. Göründüyü kimi, 1 ay sonra göstərilən borc bildirişində heç bir əsas olmadan kəskin fərqdə borc məbləği göstərilmişdir və bu məbləğin açıqlanması indiyədək cavabdeh tərəfindən izah edilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq dəfələrlə Vergilər Nazirliyinə və Nazirlik yanında Milli Gəliurlər Departamentinə müraciətlər edilmiş, alınan cavablar isə ümumi sözlərlə, məsələni qanuniləşdirməkdən ibarət olmuşdur. Belə ki, x xxxxxx 2017-ci il tarixdə Vergilər Nazirliyinə ünvanlanmış müraciətə xx xxxxxx 2017- ci il tarixli **********879600 nömrəli cavab məktubunda İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində yaranmış faiz borcu məbləğinin əsası kimi rüblər üzrə yaranmış öhdəliklərin müəyyən olunmuş ödəmə müddətinədək tam təmin edilməməsi göstərilmişdir. Göründüyü kimi, verilən cavab ümumi məzmunda, heç bir konkret normaya və texniki hesablamalara uyğun olmayan formada təqdim edilmişdir. Məlum olduğu kimi, AR Vergi Məcəlləsinin 88ci maddəsi vergilərin ödənilmə ardıcıllığını müəyyən edir. Təxmin edilir ki, Milli Gəlirlər Deparetamenti qeyd olunan normanın tələblərinə riayət etmədiyindən İddiaçı MTK tərəfindən həyata keçirilən ödəmələri əsas vergi məbləğindən silinməsini təmin etmədən yenidən əsas vergiyə faizlər hesablanmasına şərait yaratmışdır. AR Vergi Məcəlləsinin 87.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir. Lakin aparılmış hesablamaların əsasını müəyyən etmək məqsədilə üzləşmə aktının verilməsi ilə bağlı Vergilər Nazirliyinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, Nazirlik yanında Milli Gəlirlər Departamentinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli müraciətlər cavabsız qalmışdır. Bununla da, dolayısı ilə cavabdeh Milli Gəlirlər Departamenti özünün haqsız durumda olduğunu qəbul edir. Göstərilənlərə və İPM-in 2.2-ci maddəsinə əsaslanaraq, İddiaçı MTK-ya hesablanmış əsassız faiz məbləğlərinin (qərarın icra olunacağı tarixə olan) silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda aşağıdakılar qeyd olunmuşdur: İddiaçı MTK 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh VN yanında Milli Gəlirlər Departamentinə qarşı faiz borcunun silinməsi tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsində göstərilənlər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İlk növbədə bildirilir ki, iddiaçının oxşar məzmunda müraciətlərinə dəfələrlə vergi orqanı tərəfindən cavab verilmişdir. Müraciətlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2016-cı il tarixdə müəssisə tərəfindən 25.504.997,76 manat məbləğində “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmişdir. Təqdim olunmuş bəyannaməyə əsasən İddiaçı MTK-nın 2016-cı ilin 4-cü rübü üzrə ödənilməli olan bina tikintisi fəaliyyəti ilə bağlı 2.299.583,4 manat məbləğində vergi öhdəliyinə qarşı cəmi 865.512,6 manat məbləğində ödəniş keçirildiyindən, xx xxxxx 2017ci il tarixədək 1.436.296 manat ödənilmiş, həmin məbləğə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, 160.378,6 manat məbləğində faiz hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 59.1- ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Nəticədə həmin borc məbləğlərinə Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən 2017-ci ilin 2-ci rübü üzrə 168.460,2 manat, 2017- ci ilin 3-cü rübü üzrə 178.142,3 manat, 2017-ci ilin 4-cü rübü üzrə 158.912,1 manat və 2018-ci ildə isə 226.710,1 manat olmaqla, ümumilikdə 892.613,16 manat məbləğində faiz hesablanmışdır. Beləliklə, müəssisənin xx xxxxx 2018-ci il tarixə dövlət büdcəsinə ümumilikdə 3.128.187,4 manat (əsas vergi üzrə 2.235.494,22 manat, maliyyə sanksiyası üzrə 80 manat, faizlər üzrə 892.613,16 manat) borcu mövcud olmuşdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı iddia ərizəsində vergi orqanı tərəfindən ona əsassız faiz məbləğlərinin hesablandığını, müəssisə tərəfindən vergilərin vaxtı-vaxtında ödənildiyini göstərsə də, özünün təqdim etdiyi bəyannamələr üzrə konkret hansı dövrlər üzrə, hansı məbləğdə ödənişlər edildiyini dəqiqləşdirməmişdir. Halbuki, xx xxxxx 2016-cı il tarixdə müəssisə tərəfindən 25.504.997,78 manat məbləğində “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin təqdim edilməsi işin mübahisəsiz halıdır. Bundan başqa, iddiaçı iddia ərizəsində Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinin vergi orqanı tərəfindən pozulduğunun güman olunduğunu göstərmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduğu halda, onun tərəfindən büdcəyə edilən ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulan ardıcıllığa uyğun olaraq, yəni ilk növbədə yaranma tarixi ardıcıllığı ilə hesablanmış vergi məblğlərinin daha sonra hesablanmış faiz məbləğlərinin, sonda isə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcların ödənilməsinə aid edilir. Bu səbəbdən də, növbəti hesabat dövrləri ərzində büdcəyə edilən ödənişlər təyinatından asılı olmayaraq əvvəlki dövrlərdə yaranmış vergilərin ödənilməsinə aid edildiyindən, müəssisənin cari öhdəlikləri borca çevrilərək həmin məbləğlərə də müvafiq qaydada faizlər hesablanmışdır. Göstərilənləri və İPM-in 47 – 48-ci naddələrini rəhbər tutaraq, İddiaçı MTK-nın vergi orqanına qarşı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində olan (qərarın icra olanacağı tarixə olan) 770.207 manat məbləğində faiz borcunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-90/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini etirazına uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Aqil Layıc izahat verərək və məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərdi ki, iddia tərəfi olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş 770.207 manat iddia tələbinin 110.237 manat hissəsindən imtina edirlər və iddia tələbinin 659.970 manat təmin olunmuş hissədə qüvvədə saxlanılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək və məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia tələbini 659.970 manat hissədə etiraf etdiklərini və iddianın bu hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə kollegiyası cavabdehin etiraf ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, məhkəmənin qərarı iddia tələbinin 659.970 manat borcun silinməsinə dair hissəsində qüvvədə saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1253/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində olan (qərarın icra olanacağı tarixə olan) 110.237 manat məbləğində faiz borcunun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki halları ondan ibarətdir ki, vergi ödəyicisi olan hazırkı İddiaçı MTK xx xxxxxx 2003-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır və əsas fəaliyyət istiqaməti bina tikintisi ilə məşğul olmaqdır. Onun 2016-cı ildəki fəaliyyəti (bina tikintisi üzrə) ilə bağlı özünün vergi orqanına təqdim etdiyi “sadələşdirilmiş vergi bəyannamələri”ndə əks olunan məlumatlar üzrə dövlət büdcəsinə borcu yaranmış, sonradan müəyyən ödənişlər olunsa da, qurumun qalıq borcu qalmışdır. Vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində qalıq borca Vergi Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq hər gün üzrə 0,1% olmaqla əlavə faiz borcu hesablanmışdır. İddiaçı əlavə faiz borcunun miqdarı ilə razılaşmamış və onu mübahisələndirmişdir. Apellyasiya baxışında iddiaçı tələbin 110.237 manat hissəsindən imtina etmiş, cavabdeh isə tələbi 659.970 manat təmin olunmuş hissəsində etiraf edərək tələbin həmin hissədə təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinə dair məhkəməyə təqdim edilmiş ərizəsi maddi və prosessual qanunvericilik normalarına riayət edərək verilmişdir. Bu baxımdan həmin ərizə qəbul olunmalı, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin 659.970 manat borcun silinməsinə dair hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qismən- İddiaçı MTK-nın şəxsi hesab vərəqəsində olan (qərarın icra olanacağı tarixə olan) 659.970 manat məbləğində faiz borcunun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan, qərarın təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1253/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1253/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver