Məhkəmə qərarları › İş №2-1(103)-1253/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1253/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1253/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Hüseynin sədrliyi və məruzəsi ilə, X10 və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5834/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon qeydiyyat şöbəsinin imtinası qanunsuz hesab olunmaqla, iddiaçıya, yəni 18 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyinin Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçıya Sovet hakimiyyəti dövründə Yasamal rayon pasport orqanı tərəfindən sovet pasportu verilmiş və iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Bundan sonra, 1991-ci ildə iddiaçıya məxsus pasport naməlum şəraitdə itmişdir. Sovet hakimiyyəti dağıldıqdan sonra şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Dəfələrlə polis idarəsinə, qeydiyyat şöbəsinə müraciət edərək, iddiaçıya şəxsiyyət vəsiqəsi olmadığından, Yasamal rayon qeydiyyat şöbəsi iddiaçıya şəxsiyyət vəsiqəsi verməkdən imtina etmiş, şəxsiyyət vəsiqəsi almaq üçün Yasamal rayon Polis İdarəsinə müraciət olunsa da, doğum haqqında şəhadətnamə olmadığından, şəxsiyyət vəsiqəsi də ala bilməmişdir. İddiaçıya məxsus doğum haqqında şəhadətnamənin əsli olmasa da, surəti mövcuddur və iddiaçının 18 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olmağı təsdiq olunmuşdur. Yasamal rayon Məhkəməsinə müraciət olunaraq, doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş olunsa da, Yasamal rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmamış, eyni zamanda doğum haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət olunması, qeydiyyat şöbəsi imtina verdikdə isə müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin doğum faktı müəyyən etməməsinin əsası kimi göstərilmişdir ki, İddiaçı doğum faktının müəyyən edilməsi üçün qeydiyyat şöbələrində kifayət qədər sənəd mövcuddur. X2 18 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olması və doğumu Yasamal rayon Qeydiyyat Şöbəsində 26.02.1950-ci ildə doğum haqqında akt qeydləri kitabında 344 nömrə ilə qeydiyyat aparılmış, atası qrafasında X11, ana isə X7 qeyd edilmişdir. İddiaçı Bakı şəhərində rəsmi nikaha daxil olmuş və Bakı şəhərində uşaqları doğulmuşdur. Qeyd olunan halları təsdiq edən sübutlar da, Yasamal rayon Qeydiyyat Şöbəsində mövcuddur. Doğma bacısı X5 28.01.1947-ci ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası isə X4maqla, ona məxsus doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi mövcuddur. Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı 1949-cu ildə Bakı şəhərindən anadan olmaqla, daim Bakı şəhərində yaşamış, sənədləri olmadığından bir gün belə olsun Azərbaycan Respublikası sərhədlərini tərk etməmişdir. Sənədləri olmadığından, heç bir vətəndaşlıq hüququndan istifadə edə bilməmiş və hal-hazırki vaxtadək pensiya ala bilməmişdir. Bu isə iddiaçının hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5834/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 1949-cu il təvəllüdlü olmaqla doğulduğu vaxtdan Bakı şəhərində yaşayır, Azərbaycan Respublikasının vətəndaşı olmuş və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məlum hadisələrlə əlaqədar doğum haqqında şəhadətnaməsini itirdikdən sonra müxtəlif dövlət orqanlarına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə, Yasamal rayon Polis İdarəsinə, Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, doğum haqqında şəhadətnaməsi olmadığından Yasamal rayon Qeydiyyat Şöbəsi doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsi də digər dövlət orqanları kimi şəxsiyyətini təsdiq edən sənəd olmadığından iddianın təmin edilməsindən imtina barədə qərar qəbul etmişdir. İşdə olan sübutlarla onun 18 dekabr 1949-cu ildə Bakı şəhərində doğulması, doğum haqqında şəhadətnamənin surəti, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə sübuta yetirildiyi halda, Bakı İnzibati Məhkəməsi öz şəxsi mülahizələrinə görə onunla digər vətəndaşlar arasında ayrı-seçiliyə yol verərək, Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası vətəndaşı olduğu halda ona dövlət orqanlarının ayrı-seçkiliyi nəticəsində doğum haqqında şəhadətnamənin verilməməsi səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir, eyni zamanda 71 yaşın olmasına baxmayaraq heç bir sosial pensiya, təqaüd ala bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İşdən görünür ki, iddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi tələbi ilə Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. ünvan 2 ünvanlanmış 10 iyun 2020-ci il tarixli, 05/76-1083/16 sorğuya cavab məktubundan görünür ki, vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Ailə Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqdəsilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş 9.15 bəndində vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, milli təhlükəsizlik, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir və 9.16-cı bəndində vətəndaşlıq vəziyyəti akt qeydlərinin və onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağan edildiyi üçün vəkil sorğusuna əsasən məlumat verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Bakı şəhəri 29 saylı Vəkil Bürosuna ünvanlanmış 13 iyun 2020-ci il tarixli, 05/2-2570/16 saylı sorğuya cavab məktubundan görünür ki, 18 dekabr 1949-cu ildə Bakı şəhərində anadan olmuş İddiaçı doğumu, nikahı və övladlarının doğumu haqqında arayışın istənilməsi ilə bağlı müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı doğumu, nikahı və övladlarının doğumu haqqında məlumatları fərdi məlumatlar kateqoriyasına daxil olduğundan, eləcə də ona məxsus etibarnamə mövcud olmadığından müvafiq sənədlər şəxsən və yaxud notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi müvafiq qeydin olduğu və ya yaşadığı yer üzrə qeydiyyat şöbəsinə müraciət edəcəyi təqdirdə verilə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.07.2018-ci il tarixli, 2(004)-4560/2018 saylı qətnaməsi ilə, ərizəçi X2 Yasamal rayon Qeydiyyat Şöbəsinin və Yasamal RPİ-nin Pasport və Qeydiyyat Şöbəsinin maraqlı şəxs qismində cəlb edildiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında”, 18.12.1949-cu ildə Bakı şəhərində anadan olması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin olunmaması qət olunmuşdur. Sovet Sosialist Respublikaları X1 surətindən görünür ki, 18 dekabr 1949-cu il tarixli erməni miliyyətli vətəndaş X9 Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 18 dekabr 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 19 dekabr 2017-ci il tarixli, 018-13769X-3217 saylı məktubundan görünür ki, İddiaçı şikayətlərinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti Dövlət Miqrasiya Xidmətində müəyyən edildikdən sonra ona şəxsiyyət vəsiqəsinin verilməsi məsələsinə baxılacaqdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 17 yanvar 2020-ci il tarixli, ******* saylı qərarın surətindən görünür ki, 18 dekabr 1949-cu il təvəllüdlü X6 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BPMQMİ-nin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, İddiaçı 18 dekabr 1949-cu il tarixdə anadan olmuşdur. Qeydiyyatı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 24 iyul 2020-ci il tarixli, 05/76 746/15 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir. Yasamal rayon Qeydiyyat Şöbəsi şəxsiyyətin müəyyənləşdirilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki hazırki iddia tələbi üzrə iddiaçı qismində çıxış edən İddiaçı ilə bağlı araşdırma apararaq məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 yanvar 2020-ci il tarixli, ******* saylı qərarı ilə 18 dekabr 1949-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçının şəxsiyyətini təsdiqi kimi sənədlər qismində əmək kitabçısı, doğum haqqında şəhadətnamənin və Sovet Sosialist Respublikaları X3 surətləri təqdim olunmuşdur. Lakin, həmin 570860 saylı pasportun surəti ilə İddiaçı şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan savayı isə, iddiaçı öz şəxsiyyətini təsdiq edən hər hansı bir əlavə fotoşəkilli sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, və s.) təqdim edə bilməmişdir. İddiaçı qanunvericilikdə müəyyən olunmuş qaydada şəxsiyyət vəsiqəsini təqdim etdiyi anda, onun şəxsiyyəti müəyyənləşdirildiyi halda, ona doğum haqqında təkrar şəhadətnamə vermək cavabdeh tərəfindən mümkün olar. Belə olan halda, cavabdeh inzibati orqanın hərəkətləri qanunazidd olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Həmin Qaydanın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.3-cü bəndinə əsasən Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə sorğu ünvanlanaraq İddiaçı doğum haqqında akt qeydinin və şəhadətnamənin mövcud olub-olmaması barədə məlumatın, mövcuddursa həmin sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxil olmuş 22 iyun 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Bu səbəbdən İddiaçı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanun”unun 4-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14, 9.7-ci bəndləri əsas tutularaq doğum haqqında şəadətnamənin mövcud olması ilə bağlı deyil, şəxsiyyətin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən İddiaçı Yasamal rayon qeydiyyat şöbəsində 26.02.1950-ci ildə qeydə alınmış doğumu haqqında akt qeydinin kserosurəti təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Hazırkı halda, İddiaçı məxsus Yasamal rayon qeydiyyat şöbəsində 26.02.1950-ci ildə qeydə alınmış doğum haqqında akt qeydi təqdim olunmuşdur. Odur ki, doğum haqqında şəhadətnamənin təkrar verilməməsinə əsas verən hər hansı hal mövcud deyildir. Cavabdeh inzibati orqanın doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtinasına əsas olmuş şəxsiyyət vəsiqəsini təqdim edilməməsi barədə dəlininə münasibətdə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket; 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). Hazırkı halda, iddiaçının şəxsiyyət vəsiqəsi mövcud olmadığından, şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunduğundan, cavabdeh inzibati orqanın iddiaçının şəxsiyyətini təsdiq edən sənədi təqdim etməməsi əsası iə təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtinası əsaslı olmamışdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsassız olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5834/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, Yasamal rayon Qeydiyyat Şöbəsinin imtinası qanunsuz hesab olunmalı, İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5834/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Yasamal rayon Qeydiyyat Şöbəsinin imtinası qanunsuz hesab olunsun. İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi Yasamal rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bektaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar