Məhkəmə qərarları › İş №2-1(103)-1253/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1253/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1253/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının əmək haqqına uyğun yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildə ona 51 yaşında 3 uşaqlı ana olduğuna görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği 30 manat, işlədiyinə görə isə 15 manat alırdı. 57 yaşı 2008-ci il oktyabr ayının 10-da tamam olmuşdur. 2008-ci ildən 2009-cu ilə qədər “Şirvan OYL” şirkətində Geoloji şöbədə böyük geoloq vəzifəsində işləmişdir. 39 il iş stajı var. Onun 26 ilini təmiz Neft Sənayesində işləmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin orqan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərin surətinə əsasən işlədiyi “geoloq və böyük geoloq” vəzifəsi siyahılarda nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “məhkəmə hesab edir ki, siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və üstündə habelə, qısamüddətli və ya uzun müddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitindən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2023 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2728/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu qərarında maddi və prossesual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qərarda müəyyən olunmuş nəticələr işin hallarına uyğun gəlməmiş və bununla da qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsaslar yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-772/2021 saylı, 09 avqust 2021-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-772/2021 nömrəli qərarının ləğv edilməsini və kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2-1(102)-2081/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-772/2021 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2728/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-835/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini və və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşə təkrar kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1870/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-835/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, onun tələbi 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyasının təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2023 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1870/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının tələb olunan güzəştli iş stajının mövcud olub-olmaması məsələsini araşdırıb qiymət verməklə kifayətlənmiş, iddiaçıya 2008-ci ildən 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbinin əsaslılığını araşdırmamış və müvafiq qiymət verməmişdir. Belə ki, iddiaçı həm dəqiqləşdirilmiş iddia tələbində, həm də inzibati işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılarkən məhkəməyə ünvanlanladığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, onun tələbi 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsidir. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən tələbə qiymət verilməmişdir (Qərarın 29, 30-cu bəndləri). İş materiallarından, həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilmişdir ki, iddiaçı 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqı nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşə baxılarkən birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddiaçının geoloq peşəsində işləməsinin zərərli şəraitdə olmamasına əsaslanmaqla iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, iddiaçı 2008-ci ildən 2004-2005-ci illərinin əmək haqqının nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində əmək pensiyası təyin edilməsini və yaranmış fərqin birdəfəlik ödənilməsini tələb edir. Hazırki tələb üzrə isə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı deyil, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı çıxış etməlidir. Yəni, iddiaçı pensiyasının güzəştli şərtlərlə ödənilməsini deyil, məhz 2004-2005-ci illərinin əmək haqqının nəzərə alınmaqla əmək haqqının 85%-i həcmində təyin edilməsini tələb edir, lakin sonuncunun həmin məsələnin aid olduğu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciəti yoxdur. Buna görə də iddiaçı həmin məsələ ilə bağlı əvvəlcə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməli, tələbi qeyd olunan inzibati orqan tərəfindən təmin olunmadığı halda isə, imtinanı müvafiq inzibati məhkəmədə mübahisələndirmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2023 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2728/2023 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar