Məhkəmə qərarları › İş №2-1(103)-1253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1253/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1253/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində onun ailə üzvləri – arvadı X10, övladı X4 ilə birlikdə uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2000ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2003cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Silahlı Qüvvələrinin Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023cü il tarixli 197ş/h saylı əmrinə əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Sərhəd Nəzarət rəisinin 0276 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyət siyahısından çıxarılmışdır. Bu əsasla Binəqədi RİH hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Sözügedən müraciətinə cavab məktubu olaraq 21 iyun 2024-cü il tarixdə qeyd edilmişdir ki, onun adına daşınmaz əmlakın olub-olmaması barədə Şamaxı rayonu, İkinci Cabanı kəndində ümumi sahəsi 43.1 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə mülkiyyətdə) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, təqdim olunmuş sənədlərdən xx.xx.1999xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmiş və Xidməti müddəti başa çatdığına (kadr zabitlərindən başqa) görə ehtiyyata buraxıldığı müəyyən olunmuşdur. Nəzərimə çatdırılmışdır ki, onun adına mülkiyyət hüququ əsasında fərdi yaşayiş evi və onun yerləşdiyi torpaq sahəsi (ümumi birgə mülkiyyətdə) olduğundan və ehtiyyata buraxılma səbəbi mənzil növbəsinin götürülməsi və sair mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmuşdur. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli 5-10/1-B-49- 068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın onun adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2- B0207-8/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Şamaxı rayonu, İkinci Çabanı kəndində ümumi sahəsi 43.1 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1999-xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmişdir və xidməti müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır. İddiaçının adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi olduğundan, həmçinin, ehtiyata buraxılma səbəbi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində və “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən olunması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülmə və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadğından müraciətdə qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Bu səbəbdən də, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub- olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının adına isə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcuddur. Həmçinin, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Göründüyü kimi iddiaçı sözügedən şəxslərin kateqoriyasına aid deyildir. O xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin olunaraq, iddiaçı xx.xx.1980-cı il təvəllüdlü İddiaçı ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı xx.xx.1985-ci il təvəllüdlü X10 və oğlu xx.xx.2023-cü il təvəllüdlü X4) hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsi siyahısına daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli məhkəmə qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmişdir və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İddiaçının adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi olduğundan, həmçinin, ehtiyata buraxılma səbəbi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində və “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən olunması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülmə və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından müraciətdə qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Vətəndaşın adına fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının adına isə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Göründüyü kimi iddiaçı sözügedən şəxslərin kateqoriyasına aid deyildir. O xidməti müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, № 3-38-51/2-B-xx-xx/2024 saylı arayışında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış İddiaçı xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 45 saylı arayışında göstərilmişdir ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək AR SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR SQ-da DSX-də gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü ıl tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. DSX-nin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sərhəd Nəzarəti rəisinin 0276 (nizamı hissə üzrə) saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. - Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 423035 saylı “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin aprel ayının 30 günündə 129 № ilə qeyd edilmişdir. - Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV № 920121 saylı “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X8 olan X4 xx.xx.2023-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin sentyabr ayının 27-ci günündə 1045 № ilə qeyd edilmişdir. - xx.xx.2024-cü il tarixdə “Asan-Lənkəran” tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - xx.xx.2024-cü il tarixdə “Asan 1” tərəfindən X5 verilmiş Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü X1 rayonu, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 48 ünvanında pasport qeydiyyatındadır. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, № 12-3/2-T-10xx-xx-1029/2024 saylı məktubunda göstərilmişdir ki, X3 hazırda Fondun mövcud informasiya sistemlərində sonuncuya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, № 12-3/2-B-10xx-xx-1032/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı hazırda Fondun mövcud informasiya sistemlərində sonuncuya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 02/B-305 saylı arayışında göstərilmişdir ki, İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onun adına torpaq sahəsi ayrılmamışdır. - Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 483 saylı arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. - Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 02/115 saylı arayışında göstərilmişdir ki, İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. - Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 04/63 saylı arayışında göstərilmişdir ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********79 saylı məktubda göstərilmişdir ki, X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********46 saylı məktubda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşin halları və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı özünün və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi, onlara mənzil kirayə xərclərinin ödənilməsi üçün aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-10/2-B-49-068/2024 tarixli məktubda qeyd edilir ki, “onun adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3- 30/2-B0207-8/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Şamaxı rayonu, İkinci Çabanı kəndində ümumi sahəsi 43.1 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda, təqdim olunmuş sənədlərdən xx.xx.1999-xx.xx.2000, xx.xx.2003- xx.xx.2024 tarixlərində iddiaçının həqiqi hərbi xidmət keçdiyi və xidmət müddəti başa çatdığına (kadr zabitlərindən başqa) görə ehtiyata buraxıldığı müəyyən olunmuşdur. Onun adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi (ümumi birgə payda) olduğundan və ehtiyata buraxılma səbəbi ilə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır”. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçı gizir qismində yaşa görə ehtiyata buraxıldığından, yaşa görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə isə ehtiyata buraxılma müddəti ilə bağlı şərt nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər onun arvadı (X10) və uşağıdır (X4). Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. İddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir. Yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir:

1. yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

2. 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

3. 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və xəstəliyə görə ehtiyata buraxılmış iddiaçıya və onun ailə üzvlərinə mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçının tələbi 3 hissədən ibarətdir:

1. İddiaçının mənzil növbəsinə götürülməsi;

2. İddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi;

3. Onlara mənzil kirayə xərclərinin ödənilməsi. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. 1-ci bənd. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. ... 6-cı bənd. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır. Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 3. Mənzil hüquqlarının məhdudlaşdırılması 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; Maddə 11. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri 11.0. Mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir: 11.0.3. sosial kirayə müqavilələri əsasında təqdim edilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların uçotunu aparmaq; Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X9 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. İşin halları ilə müəyyən edilir ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrin həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulduğu üçün iddiaçının iddia tələbi əsaslıdır. Bundan əlavə, işin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə sorğu ünvanlayaraq İddiaçı paylı mülkiyyətində olan Şamaxı rayonu, İkinci Çabanı kəndində yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğu tələb olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı Şamaxı rayonu, İkinci Çabanı kəndində yerləşən fərdi yaşayış evinin və torpağın ona məxsus olan hissəsini (payını) xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən atası X11 bağışlamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Belə ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etsə də, mənzillə təmin olunma hüququnu məhdudlaşdıran hər hansı qadağanedici hüquq normasına istinad etməmiş, belə bir halın mövcudluğu işə baxılarkən müəyyən edilməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11588/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar