Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1254/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xidmət etdiyi dövrdə cəlb olunduğu əlavə iş saatlarına görə ödənişlərin ödənilməsi barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2094/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə (bundan sonra mətndə BMİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona bayram günlərində gücləndirilmiş iş rejimində işləməyə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədən kənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi; ona bayram günlərində gücləndirilmiş iş rejimində işləməyə, gecə növbəsində xidmət zamanı əlavə saatlara, növbədən kənar xidmətə cəlb edilməyə və mənəvi dəymiş ziyana görə ödənişin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, BMİ-də işlədiyi müddət üçün ödənişlərin ona verilməsi və dəymiş mənəvi ziyana görə 2.000 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2001-ci il tarixdən xx xxx 2019-cu il tarixə qədər BMİ-də xidmət etdiyi (işlədiyi) dövr, həmin dövr ərzində tutduğu vəzifə, xidmət etdiyi dövr ərzində bayram günlərində gücləndirilmiş iş rejimində və gecə növbələrində xidmətdə olduğu iş saatlarına görə əlavə ödənişlərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2001-ci ildən BMİ-də polis nəfəri kimi işə qəbul olunmuş, 2019-cu ilin may ayına qədər BMİ-nin tabeçiliyində olan müxtəlif mühafizə polis şöbələrində xidmət aparmışdır. Lakin xidmət müddətində ona bayram günlərində, gücləndirilmiş iş rejimində işlədiyinə, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişlərin verilməsi təmin edilməmişdir. Bayram günlərində gücləndirilmiş iş rejimində işlədiyi, gecə növbəsində xidmət zamanı əlavə saatlara görə və növbədənkənar xidmətə cəlb edilməyə görə ödənişin verilməsi barədə BMİ-yə etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli 038-34015M-3219 saylı məktubu ilə ona qanunla verilməsi nəzərdə tutulmuş müavinətlərin verilməsindən imtina edilmiş və bunu İdarənin maliyyə vəziyyətinin çətinliyi ilə əsaslandırmışlar. Həmçinin işlədiyi dövrdə iş saatlarından artıq işlərə görə əmək haqqı almadığı üçün mənəvi sarsıntı keçirmiş və buna görə də hesab edir ki, mənəvi zərərin əvəzi kimi ona 2.000 manat məbləğində pul ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırıb həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək iddiaçının vəfat etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan poçt göndərişlərindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə apellyasiya məhkəməsinə apellyasiya şikayəti verildikdən sonra o, xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən və onun tələbi şəxsi xarakterli tələb olub hüquqi varisliyinə yol verilmədiyi üçün birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2094/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı xidmət etdiyi dövrdə cəlb olunduğu əlavə iş saatlarına görə ödənişlərin ödənilməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1254/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1254/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver