Məhkəmə qərarları › İş №2-1(103)-1254/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1254/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1254/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı İnzibati Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq cavabdehə artıq ödənilmiş 10378,81 manat pensiya məbləğinin iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,sAraşdırma zamanı cavabdehin 12 avqust 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 06.05.1996-11.01.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Telefon Rabitəsi X2 Məlumat Sexində işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı aşkar edilmişdir. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, cavadehə 11.01.2016-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehə telefonçu işləməsi nəzərə alınaraq 52 yaşdan – 11.01.2016-cı ildən güzəştli şərtlərlə pensiya təyin edilərək ödənilmişdir. İddiaçı cavabdehin güzəştli iş stajı olmamasını, 52 yaşdan güzəştli şərtlərlə pensiyanın qanunvericiliyə zidd olaraq təyin edilməsini əsas götürərək 11.01.2016-cı ildən 31.07.2020-ci ilə qədər olan dövrdə cavabdehə 10378,81 manat artıq pul vəsaitinin ödənildiyini hesab edərək həmin məbləğin qaytarılması barədə 10.03.2021-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilmədiyi üçün həmin məbləğin cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı müəyyən olunur. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın rədd edilməsilə düzgün nəticəyə gəlinmişdir. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə 01.04.2014-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilməsində yalnışlığa yol verilməsi nəticəsində artıq ödənilmiş 15038,36 manat məbləğin geri ödənilməsini tələb edir. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, T. Həmidəliyevaya 11.01.2016-ci ildən 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair 06.09.2018ci il tarixli qərar qəbul edilmiş, sonradan iddiaçı orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsində yalnışlığa yol verildiyi müəyyən edilmiş, və pensiya ödənişi dayandırılması haqqında 22.07.2020-ci il tarixli, **********6 saylı qərar qəbul edilmiş, T. Həmidəliyevaya isə 12.01.2021-ci il tarixli məktub ünvanlanaraq 11.01.2016-cı ildən 31.07.2020-ci ilə qədər olan dövr üzrə artıq ödənilmiş 10378,81 manat məbləğin könüllü şəkildə geri qaytarılması xahiş edilmişdir. İşdən göründüyü kimi, apelyasiya baxışı zamanı cavabdehə pensiya təyin edilməsinə dair qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən şərh edilən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılması müəyyən edilmir. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi 22.07.2020-ci il tarixində dayandırılmış, cavabdehə yalnız bundan sonra özünün 12.01.2021-ci il tarixli müraciəti əsasında məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir. Vətəndaş xeyrinə olan inzibati aktın qanunsuzluğuna dair aparılmış inzibati icraatın gedişi haqqında məlumatlı olmamış, maraqlı şəxs qismində cəlb edilməmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Kollegiya vurğulayır ki, inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin edilməsi 11.01.2016-cı il tarixli inzibati akt əsasında həyata keçirilmişdir. Həmin inzibati akt isə hazırda qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Digər tərəfdən, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Kollegiya qeyd edir ki, xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Hazırki iş materiallarından görünür ki, qanunsuz hesab edilən əlverişli aktın ləğvinə əsas olan 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması apelyasiya baxışı zamanı məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kollegiya bildirir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçı orqan tərəfindən cavabdehə təyin edilmiş pensiya ödənişinin dayandırılmasını zəruri edən əsas qismində yalnız onun müvafiq dövrdə işlədiyi peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd edilməməsinə dair mülahizə xarakterli məlumat göstərilmişdir. Bu isə müvafiq əlverişli akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. “İnzibati icraat haqqında” AR Qanununun 67.9-cu maddəsinə əsasən, maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair mövqeyini əsaslandırarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.3, 37.8, 41-ci maddlərinə istinad edərək həmçinin bildirmişdir ki, “... qeyd edilən hallar baş verdikdə (məsələn əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı yeni nikah bağladıqda, əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, əlilliyi olan şəxslərin əlillik müddəti bitmiş olduqda) həmin halların baş verdiyi andan sonra ödənilmiş pensiya məblləğləri artıq ödənilmiş pensiya hesab edilirlər. Lakin iddiaçıya münasibətdə qeyd edilən halların baş verməsi – yəni cavabdeh tərəfindən iddiaçıya artıq pensiya ödəməsi halları hazırki işə baxılan zaman müəyyən edilməmişdir.” Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Göründüyü kimi inzibati orqan yuxarıda sadalanan tələbləri nəzərə almamış, daxili araşdırma əsasında qanunsuzluğa yol verildiyini bildirdiyi əlverişli inzibati aktı ləğvetmədən, icrasını dayandırmış, həmçinin qanunsuz əlverişli aktın icrasının dayandırılmasına dair lazımi qaydada inzibati icraat aparmamışdır. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktın icrası nəticəsində ödənilmiş məbləğin geri qaytarılmasını qanunsuz olaraq cavabdehdən tələb etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, iddiaçının apelyasiya şikayəti isə hər hansı mötəbər dəillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar