Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1254/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 15149/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 27319.00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 38000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 30216.98 manat borcuna görə 38000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********1 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 27319.00 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-15149/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı (hakim C.Quliyev) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuşdur. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Əgər sözügedən özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-də siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir. Əmlakın özgəninkiləşdirilməsi faktı əmlak siyahıya alınıb protokol tərtib olunduqdan sonra baş vermişdir. Lakin məhkəmə bu halın araşdırılması istiqamətində hər hansı tədbir görməmiş, iddianı bu əsasla rədd etməklə kifayətlənmişdir. Belə ki, siyahıya alınmış əmlakın özgəninkiləşdirilməsinin cinayət məsuliyyətinə səbəb ola biləcəyi barədə vergi ödəyicisinə xəbərdarlıq göndərilsə də, cavabdeh tərəfindən bu xəbərdarlığa məhəl qoyulmamışdır. Bakı İnzibati Məhkəməsi sübutları tam və düzgün araşdırmamış, nəticədə iş üzrə düzgün olmayan qərar çıxarmışdır. Belə ki, məhkəmə siyahıya alınmış əmlakla bağlı bağlanmış əqdlərin etibarsız olması məsələsini nəzərə almamış, siyahıya alınmış əmlakın mülkiyyətdə olmaması faktının mövcudluğu ilə kifayətlənmişdir. Vergi Məcəlləsinin 89.11-ci maddəsinin tələbləri baxımından əmlakın özgəninkiləşdirilməsi barədə əqd bağlanılsa da, etibarsızdır. Belə olan halda da məhkəmə iddianın təmin edilməsi barədə qərar çıxarmalı olduğu halda, iddianı rədd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında publik hüquq münasibəti mövcuddur. Hazırkı iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarında da ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2024-cü il tarixli **********1 nömrəli protokola əsasən Cavabdeh MMC-nin 38000 manat dəyərində qiymətləndirilmiş “Mersedes Bens S500” markalı 99AA136 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, əmlakın siyahıya alınmasına dair inzibati icraat materiallarından görünür ki, inzibati icraat zamanı vergi ödəyicisinin iştirakı təmin edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi vergi borcunun ödənilməsinin təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «Mercedes Benz S500» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **- TL-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Beləliklə, məktubdan və həmin nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü il tarixli alqısatqı müqaviləsinin, əlavə olaraq digər sənədlərin surətləri və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, iddiaçı tərəfindən siyahıya alınmış əmlak olan «Mercedes Benz S500» markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehə deyil, digər şəxsə (X2) məxsusdur. Mülkiyyətçinin isə əmlakın siyahıya alınmsına və satılmasına razılığı iş materialları ilə müəyyən olunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırda cavabdehin mülkiyyətində olmayan əmlakın satılmasını tələb etməkdə haqlı olmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-15149/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1254/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1254/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver