Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1255/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı cavabdehin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Milli Təklükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarından həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissənin kadrlar bölməsində məsul icraçı, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissənin komendant buraxılış bürosunda növbətçi, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək N saylı hərbi hissədə tağım komandiri, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə qədər Dövlət Sərhəd Xidmətində əməliyyat müvəkkili kimi qulluq etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “d” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)- 4219/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddiaçının ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2005-ci il tarixli, 1472/ş saylı əmrində dəyişiklik edilməsi, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “d” bəndinə (xidməti uyğunsuzluq) əsasən ehtiyata buraxılması əsaslarının dəyişdirilməsi (müvafiq əmrin verilməsi) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Lakin bu günə qədər əmrdə hansı formada dəyişiklik edilməsi barədə iddiaçıda məlumat yoxdur. Dəfələrlə cavabdehə müraciət edərək əmrin təqdim edilməsini və hərbi xidmətə bərpa olunmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin k/1209/4/M-1918 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə hərbi xidmətə bərpa olunmasıbarədə müvafiq komissiyada təhlil aparılması, xidmətə bərpanın məqsədəuyğun olmaması qeyd olunmuşdur. Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının hərbi xidmətə bərpa olunmamasının hansı əsaslarla məqsədəuyğun sayılmaması göstərilməmişdir. Məhkəməyə müraciət etdikdən sonra həmin mübahisələndirilən əmr məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyə görə inzibati aktın təqdim olunduğu andan iddia müddətinin axını başlayır. İddiaçı tərəfindən məkəməyə müraciət edilənədək həmin əmr ona rəsmi formada təqdim olunmadığından, məhkəmə icraatı gedişatında həmin əmr məhkəməyə təqdim olunduğundan və həmin əmri məhkəmədə rəsmi olaraq əldə etdiyindən müddət axını ötmüş hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsi, iddia tələbiin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi qərardadın dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia qaldıraraq onun ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 068 saylı, xx xxxx 2014-cü il tarixli əmrinin mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin əmrin nəticəsi ilə bağlı olduğundan əsas götürərək iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından görünür ki, iddiaçının hərbi biletinin 10-cu vərəqində olan qeydə əsasən iddiaçı cavabdehin xx.xx.2005-ci il tarixli, 1472 ş/h saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçının iddiası əsasında qəbul edilmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2 inz(81)-4219/2013 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarı ilə İddiaçı ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h saylı əmrində dəyişiklik edilməsi, leytenant İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “d” bəndi ilə (xidməti uyğunsuzluq) ehtiyata buraxılması əsaslarının dəyişdirilməsi (müvafiq əmrin verilməsi) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2inz(81)-4219/2013 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarını icra edilərək xx xxxx 2014-cü il tarixli, 068 nömrəli əmri ilə İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqındakı xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h №li əmrində “d” bəndinə (xidməti uyğunuzluğa görə) sözlərini “a” bəndinə (xidmət müddəti başa çatdıqda)” sözləri ilə əvəz edilmişdir. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı barəsində 2 inzibati akt mövcuddur ki, bunlardan birincisi, yəni xx xxxxxx 2005-ci il tarixli, 1472ş/h nömrəli əmrlə iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, əmrdə tərxis əsası kimi “xidməti uyğunsuzluğ”a istinad edilmişdir. İddiaçı qeyd edilən həmin əmri 2013-cü ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirərkən əmrin bütövlükdə ləğv edilməsini və işə bərpasını deyil, yalnız ehtiyata buraxılmasının əsaslarını mübahisələndirmiş, əmrin həmin hissədə dəyişdirilməsini xahiş etmişdir. İddiaçı barəsində olan və hazırki iddia ilə mübahisələndirilən ikinci inzibati akt xx xxxx 2014-cü il tarixli, 068 nömrəli əmri isə birinci əmrin əsaslarının dəyişdirilməsi ilə bağlı məhkəmənin adı çəkilən qanuni qüvvəsini almış qərarının icrası nəticəsində qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən, əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri də qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası İPM-nin 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Hazırki iddiasında iddiaçı sonuncu inzibati aktı-xx xxxx 2014-cü il tarixli əmrin ləğv edilməsini mübahisələndirsə də əsas hüquqi marağı onun hərbi xidmətə bərpa edilməsi olmuşdur. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması isə xx xxxx 2014-cü il tarixli əmrlə deyil, xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h saylı əmrlə baş vermişdir. xx xxxx 2014-cü il tarixli əmr isə iddiaçının hüquqi marağı kimi xidmətə bərpa edilməsinə xidmət edən inzibati akt sayılmadığından iddiaçının çatmaq istədiyi hüquqi nəticə sonuncu əmrin ləğvindən asılı olmadığından həmin əmrə münasibətdə deyil, ilkin inzibati akta münasibətdə iddia müddətinin keçib-keçməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx xxxxxx 2005-ci il tarixli, 1472 ş/h №li əmri hazırki halda mübahisələndirməklə qanunla müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbindən də görünür ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və işə baxan məhkəmə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-284/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarddadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1255/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1255/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver