Məhkəmə qərarları › İş №2-1(103)-1255/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1255/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1255/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 01 sentyabr 1983-cü il tarixdən 21 aprel 1985-ci il tarixədək və 01 sentyabr 1987-ci il tarixdən 30 iyun 1989-cu il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli 345, 346 nömrəli arayışlarını nəzərə almaqla 52 yaşdan, yəni 08 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1983-1985-ci illərdə və 1987-1989-cu illərdə Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil müddəti, ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun arayışlarında qeyd olunan 24 iyul 1989-cu il tarixdən 11 aprel 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı, 1 sentyabr 1995-ci il tarixdən 31 sekabr 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işlədiyi müddətlər sığorta stajına daxil edilməklə 52 yaşdan təyin olunmuş güzəştli şərtərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “quraşdırıcı çilingər” peşəsinin məlum Siyahıda nəzərdə tutulmaması hissəsində məhkəmə özü də ümumi şəkildə 1080A010 koduna istinad etməklə kifayətlənmişdir, halbuki həmin kod altındakı bəndlər özləri də altbəndlərə bölünür. Bir sözlə, məhkəmə, iddiaçının çalışdığı peşənin 1 nömrəli Siyahıdakı hansı peşəyə uyğun gəldiyini müəyyənləşdirə bilməmiş, ancaq iddianı təmin etmişdir. Bilindiyi kimi, 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququ verən “Kimya istehsalatı” ilə bağlı peşələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının 8-ci bəndi ilə tənzimlənirdi. Eyni zamanda, qeyd edilən Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahı da qüvvədə olmuşdur ki, orada da, “Kimya istehsalatı” adlanan 10-cu bölmə vardır. İddiaçı çalışdığı peşəsinin hansı səbəbdən 1 nömrəli Siyahıya daxil olması ilə bağlı əsaslandırmaya yer verməmişdir. Digər tərəfdən, iddiaçının iddia etdiyi peşə - “quraşdırıcı çilingər” peşəsi 1 nömrəli Siyahıda öz əksini tapmamışdır. İddiaçının peşəsi 1 nömrəli Siyahıda öz əksini tapsa belə, bu halda aşağıdakılara diqqət etmək lazımdır. Məhkəmə, ƏPQ-nin 9.1-ci və 9.8-ci maddələrinin tələbini pozmuşdur. Belə ki, ƏPQnin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutmuşdur. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Məhkəmə, ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu 28 may 2018-ci ildə, 63 il 6 ay olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 282 aya (144 ay + 138 ay) bölünməlidir. 138 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 52 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 52 il = 11 il 6 ay). Beləliklə, iddiaçıya aid fərdi hesabdakı məbləği 282 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına və minimum pensiya təyin edilməsinə imkan vermir. Diqqət edilməlidir ki, iddiaçı 28 may 1966-cı il təvəllüdlüdür. Yəni ƏPQ-nin 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdır. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməz. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 il olması şərti yerinə yetirilmir. Belə ki, SOCAR “Etilen-Polietilen” Zavodunun 24.06.2021-ci il tarixli 235 və 236 nömrəli arayışlarında göstərilmişdir ki, iddiaçı müvafiq olaraq “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun Butadien-stirol kauçukunun ayrılması sexində 24.07.1989-11.04.1990-cı il tarixlərdə aparatçı, 01.09.1995- 31.12.2005-ci il tarixlərdə Təmir-quraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt və kauçukun istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işləmişdir. Arayışlarda, həmçinin, qeyd olunmuşdur ki, iddiaçının işlədiyi həmin peşələr 1 nömrəli Siyahının 1080A010 koduna uyğundur. Lakin 1 nömrəli Siyahıda 1080A010 kod üzrə aparatçı və quraşdırıcı çilingər peşələri nəzərdə tutulmamışdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti iddiaçı tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinin yoxlanmasına zərurət qalmır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 08.04.2020-ci il tarixli **********9 nömrəli imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı deyil, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalı, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 01 sentyabr 1983-cü il tarixdən 21 aprel 1985-ci il tarixədək və 01 sentyabr 1987-ci il tarixdən 30 iyun 1989-cu il tarixədək Azərbaycan SSR X5 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli 345, 346 nömrəli arayışlarını nəzərə almaqla 52 yaşdan, yəni 08 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar