Məhkəmə qərarları › İş №2-1(103)-1255/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1255/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1255/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 02.07.2021ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 30 iyun 2021-ci il tarixli 1-416-003 saylı imtina qərarının ləğv edilməsi və cavabdehin üzərinə piket keçirilməsinə icazə verilməsi barədə qərar vermək vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 17 iyun 2021-ci il tarixdə İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı2 iddiası üzrə iş İddiaçı1 iddiası üzrə işlə bir icraatda birləşdirilmişdir. İddiaçı2 məhkəməyə əlavə ərizə təqdim edərək, iddia tələbinin «iddiaçılara piket keçirilməsinə icazə verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 22.11.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il qərardadı (hakim R.Kərimli) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsində iddia tələbinə baxılarkən məhkəmə iddiaçılara hüquqi yardım göstərməyərək, maddi və prosessual hüquq normalarını pozan qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qərardadında cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 30 iyun 2021-ci il tarixli məktubunun inzibati akt sayılmadığı qeyd edilsə də, cavabdehin iddiaçıların hüquqlarını məhdudlaşdıran və aksiya keçirməyə imkan verməyən qərarı bilavasitə hüquqi nəticə deməkdir. Bundan başqa, hazırki iddia da inzibati orqanın hərəkətsizliyi ilə bağlı iddiaçıların hüquqlarının pozulması faktıdır. Tərəflərin izahatları: 03.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə, apellyasiya şikayətlərinin dəlillərinə uyğun ayrı-ayrılıqda izahat verərək, apellyasiya şikayətlərinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin dəlili olan birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardımın göstərilməməsi ilə bağlı bildirir ki, iş materiallarından aydın göründüyü kimi məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərindən çıxış edilərək, iddiaçılara “hüquqi yardım” göstərilmiş və İddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizəsi digər iddiaçının razılığı ilə icraata qəbul edilmişdir. Apellysiya şikayətinin digər dəlilinə münasibətdə Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqət çəkir: «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən mümkün sayılmalıdır. (5.3-cü bənd); ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında irəli sürülən iddia - birinci növbədə ümumi (publik) hüquq sahəsinə aid konkret məsələnin həlli məqsədilə inzibati orqan tərəfındən qəbul edilmiş və ünvanlandığı şəxsüçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbirinin mübahisələndirilməsi ilə əlaqədar həmin inzibati orqana qarşı qaldırılan bir iddiadır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına mübahisəyə tətbiq olunmalı maddi və prosessual hüquq normalarının tələbləri baxımından qiymət verilməlidir. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Hazırki işdən görünür ki, iddiaçılar cavabdeh Bakı ŞİH-ə yazılı xəbərdarlıqla müraciət edərək, Azərbaycan Respublikası Vəkillər X1 və bu qurumun aparatı tərəfindən vəkilliyə namizədlərlə bağlı ixtisas imtahanı nəticələrinin saxtalaşdırılması və başqa qanunsuzluqlara yol verildiyindən iki hüquqşünas bu faktlara etiraz əlaməti olaraq və «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 5-ci maddələrini əsas tutaraq, Vəkillər X1nin inzibati binası qarşısında dinc piket keçirmək qərarına gəldiklərini, piketin həmin ərazidə keçirilməsinin insanların gediş-gəlişinə, təhlükəsizliyə, eləcə də Vəkillər X1nin iş rejiminə heç bir maneçilik olmayacağını , piket zamanı Vəkillər Kollegiyasına qarşı müvafiq məzmunlu yazılı və şifahi şüarlardan istifadə olunacağını, piketin keçirilməsi 2 iyul 2021-ci il tarixdə 15:00-dan 17:00-dək nəzərdə tutulduğunu, piket yerində informasiya dəstəyi vermək üçün media qurumlarının da iştirakının mümkün olacağını bildirərək, göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin birinci hissəsinə əsaslanaraq, həmin zaman piket iştirakçılarının və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbir görülməsi xahiş olunmuş, Bakı ŞİH-in hazırkı iddiaçılara ünvanlanmış 30 iyun 2021-ci il tarixli cavab məktubunda müraciətin «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin tələblərinə cavab vermədiyi, ərizədə qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət olunması tövsiyə edilmiş, yuxarıda göstərilənləri, həmçinin mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq, respublika ərazisində tətbiq olunmuş xüsusi karantin rejiminin davam etdiyini nəzərə alaraq, 2 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər X2 inzibati binası qarşısında planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyini qeyd etmişdir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublİkasının Qanununun 3- cü maddəsinə əsasən bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-ci maddəsinin 1-ci hissəsinə və 10-cü maddələrinə əsasən, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi sərbəst toplaşmaq azadlığına toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda iddiaçıların “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq hüquqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Lakin qeyd edilən qanunda toplantı keçirilməsi qadağan edilmədiyi hallarda müvafiq icra hakimiyyəti orqanının mövqeyinin qərar qəbul edilməsi ilə ifadə olunması nəzərdə tutulmamışdır. Bundan əlavə cavabdeh tərəfindən hər hansı bir qərar qəbul olunmadığı və cavabdehin mövqeyi məktubla iddiaçıların nəzərinə çatdırıldığı üçün həmin qərar olmayan məktub ilə iddiaçıların hər hansı bir subyektiv hüququ pozulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.(4.1-ci bənd); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2-ci bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. (5.1-cibənd); Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.(5.2-ci bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. (5.3-cü bənd) İPM-in 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın . Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Bakı ŞİH-in 30 iyun 2021-ci il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh Bakı ŞİH qaldırılan müvafiq tövsiyə vermiş və karantin rejiminin tətbiqini nəzərə alaraq qaldırılan məsələnin həllinin məqsədəuyğun olmadığını bildirmişdir. Həmçinin, piketin keçirilməsi üçün nəzərdə tutulan tarix bir neçə aydır keçmişdir. Belə olan halda, müvafiq mübahisə üzrə iddia “müəyyən etmə və tanınma haqqında” iddia növündə qaldırıla bilər və bu qəbildən olan iddialar qanunun tələbinə görə subsidiar xarakter daşıyır. Hazırkı iddia subsidiar xarakterli olduğu halda, onunla birgə baxılmalı digər iddianın nədən ibarət olması isə, iddia ərizəsində göstərilməmiş, ərizənin məzmunundan da məlum olmur. Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd olunan hallar hazırki mübahisənin inzibati icraat qaydasında baxılmasını mümkünsüz edir. Ona görə də, iddiaçılar tərəfindən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından hazırkı iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən, inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8133/2021 saylı, 24 dekabr 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar