Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1255/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, İddiaçı1 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamının ləğv edilməsi tələbinə dair ” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Birgə iddiaçılar İddiaçı1 və digərləri cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin qərardan iddiaçılardan İddiaçı1 və digərləri (23 nəfər) apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini imzalayan şəxslərdən İddiaçı7, X9 və İddiaçı8unun apellyasiya şikayətləri, işdə iştirak edən şəxslər olmadıqlarından, mümkün sayılmamışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli ikinci bir qərardadı ilə iddiaçılar X4, X5, İddiaçı3 və X1 ərizələri əsasında apellyasiya şikayətləri geri qaytarılmış və onlara münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Beləliklə də apelyasiya şikayətinin mümkünlüyü müəyyən olunan 16 nəfərdən ibarət iddiaçılar İddiaçı1 və qeyrilərinə münasibətdə icraat davam etmişdir. İddiaçıların apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında istifadəsinə verilmişdir. Cavabdehin həmin sərəncamın qeyri-qanuni qəbul edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən 2020-ci il tarixində verilmiş “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 1,55 ha torpaq sahəsinin yerquruluşu planı”-na əsasən qeyd edilən ərazinin 3 352 kv.m-dən ibarət hissəsi Nəsimi Bələdiyyəsinin mülkiyyətindədir. Məhz bu səbəbə görə də Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən "xxxx" MMC-yə icarə əsasında istifadəsinə verilə bilməz. Məhkəmənin sorğusunu cavablandıran Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli “Mütəxəsis rəyi”-ndə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi üzərində hüququn formasının dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir. Beləliklə də eyni təşkilat tərəfindən müxtəlif vaxtlarda verilmiş rəylərdə tamamilə fərqli mövqe nümayiş etdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi dövlətin mülkiyyətində olsa belə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncam öz vəzifə səlahiyyətlərini aşmaqla qəbul etmişdir. Belə ki, 06 sentyabr 1997-ci il tarixli, 629 saylı “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti dövlət əmlakının sərəncamçısma - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir.Yəni mübahisəli torpaq sahəsi hətta dövlətin mülkiyyətində olsa belə, həmin torpaq sahəsinin icarəyə vermə səlahiyyəti cavabdehin deyil, yalnız Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Digər tərəfdən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 12 148 kv.m-dən ibarət tikinti altında qalan hissəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35. maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227-ci maddəsi ilə təsbit edilmiş, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilər olaraq onlara məxsusdur. Göründüyü kimi, cavabdeh mübahisəli sərəncamı imzalayarkən qanunvericiliyin tələblərini nəzərə almamış və Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsini öz vəzifə səlahiyyətlərini aşmaqla icarə əsasında "xxxx" MMC-yə istifadəsinə vermişdir. Bundan sonra sərəncamda göstərildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti deyil, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov özü "xxxx" MMC ilə 19 yanvar 2021-ci il tarixili, 1635 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Həmin müqavilənin 1.1. bəndində icarəyə verilən sahənin təsviri hissəsində həmin ərazidə tikinti və qurğuların, ağac və yaşıllıqların olmaması göstərilmişdir. Belə çıxır ki, həmin sahədə mülkiyyətçiləri olduğumuz mənzillər və binanın həyətində heç bir ağac və yaşıllıqlar mövcud deyildir? Halbuki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin ərazidə 174 ədəd ağac və kol bitkisi sayılaraq qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Halbuki, məhkəmə tərəfindən yerində müayinə keçiriləkən öz təsdiqini tapmışdır. Lakin hazırda mübahisələndirilən Qərarda həmin baxışın nəticəsi təhrif olunaraq “Yerində müayinə zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşovküçələrinin kəsişməsində ‘TT’ şəkilli, üçmərtəbəli yaşayış binaları mövcuddur. Binaların həyətində çoxillik bitkilər, yaşıllıq vardır. Əraziyə baxış zamanı müəyyən olundu ki, mənzillərin bir qismi sökülmüşdür.” Birinci instansiya məhkəməsi sökülməmiş mənzillərin vəziyyətini qeyd etməmiş və sökülmüş mənzillərin hansı şəraitdə və kim tərəfindən söküldüyünə aydınlıq gətirməmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarını nəzərə almayan birinci instansiya məhkəməsi öz Qərarında “iddiaçılar binanın altında yerləşən torpağın mülkiyyətçiləri deyil. Məhkəmə qeyd edir ki, maraqlarına toxunduğunu hesab etdiyi halda qeyd edilən əsas iddiaçılar tərəfindən deyil, Nəsimi bələdiyyəsi tərəfindən irəli sürülə bilərdi.” kimi səhv qənaitə gəlmişdir. Beləliklə də iddiaçılar hesab edir ki, iddia ərizəsində və dəqiqləşdirmədə yuxarıda sadalanan maddi hüquqları göstərilsə də birinci instansiya məhkəməsi həmin maddi hüquq normalarını araşdırmamış və onlar nəzərə alınmadan qərar qəbul etmişdir Birinci instansiya məhkəməsi bu prosessual hüquq normasının tələblərini aşaraq öz qərarında göstərir: “Məhkəmə hesab edir ki, konkret halda iddiaçılar pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui- istifadə etməməklə) mənzillərin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.”Yəni birinci instansiya məhkəməsi AR İPM-nin 52. maddəsində qeyd edildiyi kimi, Qərar qəbul edərkən onların iddia tələbindən kənara çıxmış və pozulmuş hüquqlarımızın digər üsullarla bərpa edilməsini göstərmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, üçüncü şəxsin nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış, cavabdehin sərəncamının ləğv edilməsi üçün əsasların olmadığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) və digər apellyator iddiaçılar məhkəmə iclasında iştirak etməmiş, İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyator iddiaçıların apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, apellyator iddiaçılar mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı sərəncamının ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsinə əsasən: 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Cavabdehin işə əlavə olunmuş həmin sərəncamından görünür ki, sərəncam Qanunun qeyd olunan tələblərinə cavab verir. Belə ki, ilk öncə, iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində dövlət mənzil fonduna aid XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 binanın qəzalı vəziyyətdə olması müəyyən edilmiş, o cümlədən iddiaçılar İddiaçı1 və digərlərinin yaşadıqları bina, yəni Mirəsədulla Mirqasımov küçəsində yerləşən 3 mərtəbədən ibarət, 4 girişli 1926-cı ildə istismara qəbul edilmiş 4 nömrəli bina da həmin siyahıda öz əksini tapmışdır. Eyni zamanda, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin görünüşə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 nömrəli Qərarı ləğv edilmiş və bu Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü müddətində 4-cü hissədə qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi həvalə edilmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısıının işə əlavə olunmuş mübahisələndirilən sərəncamından görünür ki, həmin sərəncamın qəbul olunmasının zəruri edən şərtlər kimi aşağıdakılar göstərilmişdir: "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 4 nömrəli müraciəti, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 3-2170 nömrəli, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli xx/xx-3341 nömrəli, AR İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********42 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli rəyini nəzərə alaraq , AR Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında “Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram.
1. Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilsin. 2.Sifarişçiyə tapşıprılsın: ... ; Göründüyü kimi, cavabdehin mübahisələndirilən sərəncamı Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarlarından irəli gələn göstərişləri çərçivəsində, üçüncü şəxs "xxxx" MMCnin və Nəsimi rayon İcra hakimiyyətinin müvafiq müraciətləri nəzərə alınmaqla, habelə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Tikintidə X3 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun rəyləri və “Yerli icra hakimiyyətləri haqqında “Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla qəbul olunmuşdur. Belə ki, işdən aydın olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda yerləşən 1,55 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən mövcud tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsinə etiraz edilməmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 1,55 hektar torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: 3.1.6-cı bəndinə əsasən dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin etmək ; 3.9.7-ci bəndinə əsasən qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür; 3.11.1-ci bəndinə əsasən müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2-ci bəndinə əsasən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mübahisələndirən sərəncamın məzmunundan da göründüyü kimi adıçəkilən maddi hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati akt o halda qanunsuz sayılır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş olsun.. Konkret halda isə cavabdeh tərəfindən belə pozuntuya yol verilməmişdir. İddiaçıların apellyasiya şikayətinin dəlillərindən görünür ki, mübahisəli sərəncamla hansı hüquqlarının pozulmasını əsaslandırmaq əvəzinə, onlar tərəfindən daha çox subyektiv hüquqlarına aidiyyəti olmayan məsələlərə (üçüncü şəxsin icarəsinə verilmiş torpağın bir hissəsinin bələdiyyənin olması, üçüncü şəxslə bağlanmışm müqavilədə göstərilən şərtlər və s.) toxunulur. Ümumiyyətlə, apellyator iddiaçılar hazırkı iddia tələblərini irəli sürməkdə məqsədlərinin nədə ifadə olunduğu başa düşüləndir. Başqa sözlə, onların hüquqi maraqları, əslində, cavabdehin sərəncamı ilə bağlı deyil, üçüncü şəxslə aralarında onlar üçün ən sərfəli şərtlərlə razılıq əldə etmək niyyətində olduqları aydın görünür. Bir sıra iddiaçıların iddia tələblərini müdafiə etməkdən çəkinmələri də bunu deməyə əsas verir. Birinci instansiya məhkəməsinin qərarından da məhz, görünür ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış və haqlı olaraq məhkəmə iddianın rədd edilməsi barədə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. İPM-in 70.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, həmin akt qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə cavabdehin qanuni əsaslarla qəbul etdiyi mübahisələndirilən sərəncam apellyator iddiaçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyator iddiaçıların apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Apellyator iddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1312/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.