Məhkəmə qərarları › İş №2-1(103)-1256/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1256/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1256/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7532/2021 saylı, 14.12.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2018-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı,xx xxxx 1961-ci il tarixdə doğulmuş, 22.02.1980- 15.04.1980 dövründə Tovuz rayonunun Aşağı Ayıflı kəndi ərazisində fəailiyyət göstərən 70 nömrəli Tikinti Materialları kombinatında fəhlə işləmiş, 21.04.1980-28.05.1982-ci illərdə hərbi xidmətdə olmuş, 08.06.1982-01.09.1983-cü illərdə Gürcüstan Respublikasının Rustavi şəhərində Metallurgiya zavodunda peçnoyda hörgüçü, 20.12.1983-09.08.1984-cü illərdə Gürcüstan Respublikasının Tbilisi şəhər Vaqon Deposunda çilingər, 01.07.1985- 11.10.1989-cu illərdə Gürcüstan Respublikasının Tbilisi Lokomotiv Deposuna maşinist köməkçisi işləmiş, 21.11.1989-cu il tarixdən isə Kirovabad (hazırda Gəncə) Lokomotiv deposunda maşinist köməkçisi işinə təyin olunmuş və hal-hazırda da həmin depoda maşinist köməkçisi işləyir. 40 ilə yaxın ümumi əmək stajı vardır. Bundan 35 (otuz beş) ildən artığını güzəştli şərtlər qrupuna aid olan işdə işləmişdir. 57 yaşından güzəştli şərtlərələ əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadən 26.05.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimium məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800 manat pensiya kapitalı tələb olunduğu halda, onun cəmi 32.154,44 mana pensiya kaptalı qeydə alınmışdır. Ona görə də ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə etirazıda da imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(75322)-3775/2021 saylı, 14.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 13.03.2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti veərərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti imtina məktubuna və iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmu ni onunla əsaslandırılmış eyni zamanja qeyd olunmuşdur ki, qərar əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi qərarda qeyd olunmuşdur. 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərədə tutulsa da, qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra pensiya kapitalı kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır.Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Rəcəbli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarıının vaxtı və yeri və məhkəməyə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh iddiaçıya ünvanladığı imtina cavabı, iddia ərizəsinə etirazı və hazırkı aellyasiya şikayətinin dəlilərində mübahisələndirdyi yeganə hal ondan ibarətdir ki, iddiaçıya 57 yaşından pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci ildən qüvvədə olan redaksiyasına uyğun olaraq fərdi hesabının sığorta hissəsində minmum pensiya ödənişinə imkan verən pensiya kapitalına malik olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəilləri ilə razılaşmır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan göstərişləri baxımından, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixinə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi stajının mövcud olması kifayətdir. Həmin şərtlərin mövcudluğu isə iddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının və hərbi biletinin surətinə əsasən öz təsdiqini tapır. O cümlədən: 21.04.1980-20.05.1982 hərbi xidmət (2 il 29 gün); 22.02.1980-15.04.1980 Tovuz rayonunda 70 nömrəli Tikinti Materialları kombinatında - fəhlə (1 ay 23 gün); 08.06.1982-01.09.1983 Gürcüstan Respublikasının Rustavi şəhərində Metallurgiya zavodunda - peçnoyda hörgüçü ( 1 il 2 ay 23 gün); 20.12.1983-11.10.1989 Gürcüstan Respublikasının Tbilisi Vaqon və Lokomotiv Depolarında - elektovoz maşinist köməkçisi (5 il 9 ay 21 gün); 21.11.1989-cu il tarixdən "xxxx" QSC X2 Lokomotivində - elektrovoz maşinist köməkçisi (01.01.2006-cı ilə qədər – 16 il 1 ay 10 gün ) Qeyd olunan stajlar toplandıqda iddiaçının 01.01.2006-cı il tarixinə qədər 25 il 4 ay 5 gün sığorta stajı yaranır ki, həmin stajın da 12 il 6 aydan çoxunu dəmiryol nəqliyyatında elektrovoz maşinisti köməkçisi kimi çalışmışdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın “Nəqliyyat” adlanan XXVİİİ bölməsində elektrovozlarda maşinist köməkçiləri (kod:23001000—16885) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. İşin qeyd olunan halları, o cümlədən iddiaçının 2006-cı ilə qədər 25 il ümumi və 12 il 6 ay xususi iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmir. Qeyd edildiyi kimi, cavabdeh apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına istinadən mübahisələndirir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində tələb olunan 40800 manat pensiya kapitalının mövcud olmadığından 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Məhkmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri tamamilə əsassızdır. Çünki, hazırkı mübahisənin qanuni əsasını «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi təşkil etməsi baxımından, iddiaçı 2006cı ilə qədər 25 il ümumi və 12 il 6 aydan çox 2 nömrəli Siyahıda nəzərdə tutulan elektrovoz maşinisti köməkçisi (kod:23001000—16885) kimi güzəştli pensiya hüququ verən xüsusi stajı mövcud olduğuna görə ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixindən qüvvədə olan redaksiyası tətbiq olunmaqla, pensiya kapitalının yığımı tələb oluna bilməz. Beləliklə də, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün bütün faktiki şərtlər mövcuddur. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya 57 yaşından pensiya təyin olunmasından imtina olunmasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. (İPM.m.14.3) İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçıya 57 yaşının tamam olduğu 13.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinn cavabdehə həvalə edilməsi sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7532/2021 saylı, 14.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7532/2021 saylı, 14.12.2021--ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar