Məhkəmə qərarları › İş №2-1(103)-1257/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1257/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1257/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X3 iştirakı ilə İddiaçı X5 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-58/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-58/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, iddiaçı X6 Novxanı - Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş iddiaçıya məxsus torpaq sahəsinə görə 21282 manat kompensasiya məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, o cümlədən məhkəmə tərəfindən kompensasiyanın müəyyən edilməsində qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə kompensasiya məbləği şişirdilmələrə yol verilməklə müəyyən edilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 384n nömrəli bağ sahəsinin onun mülkiyyətində olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla əsaslandıra bilməmiş, mülkiyyət hüququnu təsdiq edən sənədləri təqdim etməmişdir.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 X1 İnkişafı və İstismarı Birliyi ilə bağlanmış müqavilə 2005-ci il 21 fevral tarixində 10 il müddətinə bağlanılmışdır. Məhkəmə sözügedən daşınmaz əmlakın söküntüsü zamanı həmin müqavilənin qüvvədə olub-olmamasını araşdırmamış, ümumiyyətlə iddiaçının sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasını nəzərə almamışdır. Digər tərəfdən məhkəmə əmlakın dəyərini müəyyən edərkən çoxsaylı pozuntulara yol vermişdir. Məhkəmə tərəfindən işə baxılarkən Maliyyə Nazirliyinin mütəxəssisinin rəyi öyrənilməmişdir. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki iş üzrə üçüncü şəxsin apelyasiya şikayəti qərarının ləğvinə yönəldiyindən, iddiaçı tərəfindən isə apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilmiş hissəsində qanuniliyini yoxlayır. İşdən müəyyən olunur ki, iddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 1200 kv m olan 384n nömrəli bağ sahəsinin dövlət ehtiyacları ilə alınması ilə bağlı kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının torpaq sahəsinə dəymiş ziyanla bağlı müraciətinə cavab olaraq torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə çıxarışın notarial qaydada təsdiq olunmuş surətinin təqdim edilməsi iddiaçıdan tələb edilmiş, nəticədə müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçıX8 məhkəmədə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia qaldıraraq Novxanı - Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahəsinin hər sotu üçün 12480 manat məbləğində olmaqla 0,12 ha ölçüdə torpaq sahəsi üçün 149760 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinə iddiaçının qanuni əsaslarla istifadə hüququna malik olduğunu, torpaq sahəsinin yalnız bir hissəsi (354,7 kv.metr hissəsi) cavabdeh tərəfindən çəkilmiş avtomobil yolu və piyada səki yolu ilə üst-üstə düşdüyünü əsas götürərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə (hazırki apelyasiya baxışında yoxlanılan hissəsində) razılaşır. İşdən müəyyən olunur ki,Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və X4 X2 İnkişafı və İstismarı Birliyi ilə X8 arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 384n nömrəli bağ sahəsi 10 il müddətinə xx.xx.2015-ci il tarixə qədər iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 384 n nömrəli bağ sahəsinin ölçüsü 1200 kv metr təşkil etmişdir, bağ sahəsi Binəqədi rayonu Goradil massivində yerləşmişdir. ”Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolu çəkilərkən iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsinin bir hissəsi tikinti altına düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetri Xidməti tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 384n saylı bağ sahəsinə torpaq sahəsinin planı tərtib edilərkən bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200 kv metr, faktiki sahəsi isə 1746 kv metr olmuşdur. ”Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolu çəkilərkən vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin 621 kv metr hissəsi avtomobil yolu keçən hissəyə düşdüyü üçün faktiki 1125,0 kv metr torpaq sahəsi qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 384n saylı bağ sahəsinə dair koordinatlar üzrə yerləşən 0.12 ha torpaq sahəsinin 354,7 kv metr hissəsi, iş materiallarının 6-cı və 7-ci səhifələrinə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən “Novxanı- Pirşağı” avtomobil yolu ilə və piyada səki yolu ilə üst- üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləş-dirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacı hesab olunur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçıya aid bağ torpaq sahəsinin bir hissəsinin tikinti altına düşməsi müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlı olduğundan, iddiaçıya itirdiyi əmlaka görə kompensasiya ödənilməlidir. Kollegiya bu hissədə üçüncü şəxsin iddiaçının mübahisə predmeti olan əmlakın iddiaçının mülkiyyətində olmasına dair sənədin təqdim edilməməsi, bu əsasdan kompensasiyanın hesablanmasının əsaslı olmaması ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun: - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz) -7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. -7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən təhkim zolağı - avtomobil yolunun yerləşdirilməsi üçün ayrılmış torpaq sahələridir; Həmin Qanunun 14-cu maddəsinə əsasən avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması üçün zəruri olan tikililərin, mühəndisi və texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin (yolun hərəkət hissəsi, səkiləri, velosiped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri, suötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi ərazini əhatə edir. Sadalanan normalara və işin hallarına əsasən iddiaçının sözügedən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilməməsi iddiaçıya kompensasiya verilməsindən imtina üçün qnauni əsas hesab edilə bilməz. Əvvəla, həmin torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış, qanuni istifadəsində olmuşdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abaşlaşdırma və X4 X2 İnkişafı və İstismarı Birliyi ilə X8 arasında imzalanmış xx.xx.2005-ci il tarixli müqavilə, eləcə də Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi “Torpaq sahəsinin planı və ölçüsü sözügedən torpaq sahəsi üzərində hüququqlarının olmasına dair ilkin hüquqmüəyyənedici sənədlərdir.Eyni zamanda qeyd edilən bağ sahəsi hazırda da iddiaçının faktiki istifadəsindədir, iş üzrə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən həmin torpaq sahəsinin iddiaçının istifadəsindən geri tələb edilməsi ilə bağlı hər hansı hal işə baxılan zaman müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaqla bağlı adı çəkilən müqavilə və plan-ölçü mülkiyyət hüququna “qanuni gözləntisi” olan iddiaçının mülkiyyətçi statusundan irəli gələn kompensasiya verilməsini tələb etmək hüququna rəvac verir. Digər tərəfdən yuxarıda sadalanan qanun normalarına əsasən yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış əmlak hüquqları olan şəxslər yaxud yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər belə alınmanın təsirinə məruz qalan şəxslər hesab edilir. Bu əsasdan da çıxış edərək hesab edilir ki, iddiaçının alınmanın təsirinə məruz qalan şəxs kimi kompensasiya hüququ qanunla qorunmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin verdiyi xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən X6 məxsus olmuş Bakı şəhəri, Goradil bağ massivində avtomobil yolunun kənarında yerləşən 384n saylı sahəsi 0,12 ha olan bağ torpaq sahəsinin bazar qiymətlərinə uyğun gələn dəyəri təqribən (12,0 sot x 6000 manat) 72000 manat məbləğində müəyyən edilmişdir. Kollegiya iş üzrə təqdim edilmiş mütəxəssis rəyinin obyektivliyinə, həqiqi bazar qiymətini əks etdriməməsinə dair hər hansı halın müəyyən olunmadığını nəzərə alaraq həmin rəyi mötəbər sübut kimi qəbul edir və iddiaçının iddiaçıya kompensasiya olaraq (354,7 kv.metr x 6000 manat) 21282 manat ödənilməsini qanuni və ədalətli hesab edir. İPM-nin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinəyönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-58/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar