Məhkəmə qərarları › İş №2-1(103)-1257/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1257/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1257/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Onun nümayəndəsi və vəkili Vəkil2 Tacir oğlunun və tərcüməçi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2- 1(112)-3846/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 04.03.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 28.06.2019-cu il tarixli İQ-166/4 №-li qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona ailə üzvləri ilə birlikdə «Qaçqın vəsiqə»sinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək onun ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi haqqında vəsatətləri ilə əlaqəli mübahisəli məsələsinə məhkəmədə baxılıb tələbi üzrə yekun qərar qəbul edilənə kimi ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətlərin icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2-1(112)-3846/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi haqqında vəsatətləri ilə əlaqəli mübahisəli məsələsinə məhkəmədə baxılıb tələbi üzrə yekun qərar qəbul edilənə kimi onun ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətlərin icrası dayandırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 28.06.2019-cu il tarixli, İQ-166/4 nömrəli qərarından şikayət verilməsi üçün Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş müddətin tərəfindən buraxılmasının səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 28.06.2019-cu il tarixli, İQ-166/4 nömrəli qərardan şikayət verildiyi zaman Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə tətbiq olunan şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Həmin inzibati orqanın qərarından sonra iki dəfə iddiaçı və ailə üzvlərinə müvəqqəti şəhadətnamə təqdim edilmişdir. Sonuncu müvəqqəti şəhadətnamə MŞ-158-2019 saylı, 07 yanvar 2020-ci il tarixli olmuşdur. Həmin müvəqqəti şəhadətnaməyə əsasən 09.03.2020-ci ilədək etibarlı olması təsdiqlənmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir. Hesab edilir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən İnzibati-Prosessual Məcəllənin 24-cü maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-3846/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi 28.06.2019-cu il tarixli, İQ-166/4 nömrəli qərardan şikayət verildiyi zaman AR İnzibati Prosessual Məcəllə ilə tətbiq olunan şikayətin verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Dövlət Miqrasiya Xidməti tərəfindən 28.06.2019-cu il tarixli, İQ- 164 nömrəli qərar qəbul edilərkən iddiaçı, xarici ölkə vətəndaşı olan İddiaçı hüquqlarının izah olunması qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən inzibati icraatın aparıldığı Azərbaycan dilini bilməməsi və bununla bağlı peşəkar tərcüməçinin rəsmi şəkildə təyin edilməməsi fundamental hüquqlarının pozulması və Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan beynəlxalq hüquq normalarının pozulmasıdır. Belə ki, iddiaçıya qərardan şikayət etmək üçün prosessual müddət tərcüməçinin xidmətindən istifadə hüququ və digər hüquqları barədə məlumat əldə etmə imkanı məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı qərarla aydın şəkildə tanış ola bilməmiş və şikayət vermək hüququ barədə məlumatsız olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1532/2020 saylı, 08.09.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2-1(112)-3846/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-79/2021 saylı, 28.01.2021-ci il tarixli qərarı ilə (hakimlər X.Məmmədov, R.Nəbizadə, İ.Şəfiyev) iddiaçının kasassiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli, 2-1(103)-1532/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Dövlət Miqrasiya Xidməti tərəfindən 28.06.2019-cu il tarixli, İQ-166/4 nömrəli qərar qəbul edilərkən xarici ölkə vətəndaşı olan X1 hüquqlarının izah olunması qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçının inzibati icraatın aparıldığı Azərbaycan dilini bilməməsi və bununla bağlı peşəkar tərcüməçinin rəsmi şəkildə təyin edilməməsi onun fundamental hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçıya qərardan şikayət etmək üçün prosessual müddət məhdudiyyəti izah olunmamış, onun tərcüməçinin xidmətindən istifadə hüququ və digər hüquqları barədə məlumat əldə etmə imkanı məhdudlaşdırılmışdır. Bu səbəbdən iddiaçı qərarla aydın şəkildə tanış ola bilməmiş və şikayət vermək hüququ barədə məlumatsız olmuşdur. Müddətin bərpası ilə bağlı məsələnin həllində iddiaçının müddətin buraxılmasında təqsirinin olub-olmamasının müəyyən olunması tələb edilir. Bunun üçün isə işə baxan məhkəmələr iddiaçının təqdim etdiyi səbəblərin həqiqətən mövcud olubolmadığını, eləcə də həmin səbəblərin iddiaçının təqsiri ilə əhatə olunub-olmadığını müvafiq sübutlara istinadla yoxlamalı və qiymətləndirməlidirlər.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. İşin apellyasiya icraatı zamanı iddiaçının azərbaycan dilini bilməməsi ilə əlaqədar olaraq tərcüməçinin (ingilis dilindən) iştirakı təmin edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işin birinci instansiya icraatı zamanı iddiaçıya hüquqlarının izah olunması qanunvericiliyə uyğun həyata keçirilməmişdir. İddiaçının icraatın aparıldığı Azərbaycan dilini bilməməsi və bununla bağlı peşəkar tərcüməçinin rəsmi şəkildə təyin edilməməsi onun fundamental hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin birinci instansiya icraatı zamanı məhkəmə müddətin bərpası ilə bağlı ərizəyə baxarkən prosessual qanunvericiliyin tələblərini pozaraq xidməti vəzifələrinin tələblərinə uyğun davranmamış, ərizənin dəlillərindən irəli gələn lazımi araşdırmanı və qiymətləndirməni aparmamışdır. Məhkəmə müddətin iddiaçının təqsiri olmadan buraxılması hallarının mövcud olmadığını və ərizədə göstərilən halların buraxılmış müddətin bərpa edilməsi üçün əsas təşkil etmədiyini bildirsə də, bu qənaətlərini işin konkret hallarının təhlili və qiymətləndirilməsi ilə əlaqələndirməmişlər, yalnız ümumi ifadələrdən istifadə etmişdir. Nəticədə isə iddiaçının dəlillərin heç biri lazımi qaydada qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı tərcüməçinin iştirakı təmin edilməli və iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə lazımi hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2- 1(112)-3846/2020 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-3846/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 28.06.2019-cu il tarixli İQ-166/4 №-li qərarının ləğv edilməsi, qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və ona ailə üzvləri ilə birlikdə «Qaçqın vəsiqə»sinin verilməsinin cavabdehə həvalə edilməs” tələbinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kasassiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar