Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1257/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvandakı fərdi yaşayış evinə aid 1985-ci ildən qanuni istifadəsində olan ümumilikdə 0,682 ha torpaq sahəsinin, o cümlədən 0,03 ha tikilialtı və 0,382 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə almaqla mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ünvan 1 ünvandakı fərdi yaşayış evinə aid 0,03 ha tikilialtı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və həmin torpaq sahəsinin plan-ölçüsünün İddiaçı verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Müstəqilliyi əldə edənə kimi torpaq ançaq dövlətin mülkiyyətində ola bilərdi və bu səbəbdən də fərdi şəxslərə torpaq ayrılması barədə hər hansı bir sənəd verilmirdi. Torpaq sahəsi ançaq istifadə də ola bilərdi. İlkin olaraq mənzil kimi iddiaçıya verilmiş yaşayış sahəsi həmin vaxt mövcud olmuş lahiyəyə əsasən təcrid olunmuş və həyətyanı torpaq sahəsinə malik olmuşdur. Bu hal həmin mənzilə dair Texniki İnvertalaşdırma və mülkiyyət hüquqlarını qeydiyyatı İdarəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.1995-ci il tarixli Şəxsi mülkiyyətdə olan mənzilin Texniki Pasportu ilə təsdiq olunur. İnzibati orqana və məhkəməyə tərəfimizdən təqdim edilmiş Texniki İnvertalaşdırma və mülkiyyət hüquqlarını qeydiyyatı İdarəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.1995-ci il tarixli Şəxsi mülkiyyətdə olan mənzilin Texniki Pasportu və sonradan həmin pasport əsasında mənzilin sökülərək fərdi yaşayış evinin inşa edilməsi və istifadəyə qəbul edilməsi ilə bağlı icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncamlar qeyd edilən halı təsdiq edən hüquq müəyyənedici sənəd kimi qəbul edilməlidir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakm dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmuəyyənedici sənədlər təqdim edilməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qərarının ləğv edilməsi, iddianın mümkün sayılmamasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 305 saylı sərəncamına əsasən İddiaçı mülkiyyətində olan mənzili öz şəxsi hesabına söküb yenidən tikməyə icazə verilmiş və həmin sərəncam əsasında “X2” MMC tərəfindən ünvan 2 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mövcud eskiz lahiyəsi hazırlanmış və Nərimanov RİH-nin memarı tərəfindən imzalanaraq təsdiq edilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra ünvan 3 ünvanda istifadədə olan 0,025 ha torpaq sahəsində sökülüb yenidən inşa edilmiş iki mərtəbəli, mansardlı fərdi yaşayış evi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 389 saylı sərəncamı ilə istismara qəbul edilmiş və qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ərazi idarəsinə müraciət edilmişdir. Hazırda ünvan 4 ünvanı ilə iddiaçının adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində hüququn növü kimi çıxarışda “istifadə”, torpaq sahəsinin mülkiyyət növü kimi “dövlət” göstərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci ildə tərtib edilmiş texniki pasporta əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin tikinti altı torpaq sahəsi 0,03 ha təşkil edir. İddiaçı həmin evin tikili altındakı torpağın və həyətyanı sahəsinin daşınmaz əmlakın dövlət reyestində iddiaçının adına qeydə alınmaqla çıxarışın və planölçünün verilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsinə münasibətdə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 12, 15-ci, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməsinin müvafiq bəndlərinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, “... ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi qanuni əsaslarla istifadədə olan torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmişdir və həmin fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır,iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiy 0,03 ha tikili altı torpaq sahəsi iddiaçının mülkiyyətindəki fərdi yaşayış evinin altındakı torpaq sahəsidir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən dövlət tərəfindən vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə kateqoriyasına aiddir. Odur ki, iddiaçının həmin torpaq sahəsi üzərində də mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasını tələb etmək hüququ vardır.” Kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin nəticəsi iddianın təmin edilən hissəsində əsaslı olsa da, rədd edilən hissəyə münasibətdə düzgün nəticəyə gəlinməmişdir. Belə ki, məhkəmə 0,382 ha həyətyanı torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər təqdim edilmədiyindən həmin sahəyə dair hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamalı olması nəticəsinə gəlmişdir. İş materiallarından və iddiaçının apelyasiya şikayətindən də aydındır ki, ünvan 6 ünvandakı fərdi yaşayış evi 1985-ci ildə Orderlə İddiaçı qanuni istifadəsinə və sahibliyinə, 1994-cü ildə isə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən mənzil 1994-cü ildən İddiaçı mülkiyyətində olmuş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 30/29034 nömrəli Qeydiyyat Vəsiqəsi və hər mənzilin 27 iyul 1995-ci il tarixdə inventarlaşdırma idarəsi tərəfindən tərtib edilən qeydiyyata alınmış şəxsi mülkiyyətdə olan mənzilin Texniki Pasportu tərtib edilərək verilmişdir. Həmin texniki pasportda həyətyanı torpaq sahəsinin 293,8 kv.m olması öz əksini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvəyyə minənədək əldə edilmiş yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüququ qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin 293,8 kv.m torpaq sahəsinə dair hüquqlarını müəyyən edən faktiki sübutlar iş materiallarında mövcud olmuşdur. AR İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apelyasiya baxışı zamanı iddiaçı tərəf məhkəməyə iddia tələbinin təmin olunmayan hissəsinə dair dəqiqləşdirilmə barədə ərizə ilə müraciət etmiş, iddia tələbinin həmin hissədə “ünvan 1 ünvanındakı fərdi yaşayış evinin həyətyani torpaq sahəsi kimi 27 iyul 1995-ci il tarixli Texniki Pasportda göstərilmiş 293,8 kv həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydi aparılmaqla İddiaçı adına mülkiyyət hüququna dair Çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin 293,8 kv.m həyətyanı torpaq sahəsinə dair hüquqları işdə olan faktiki sübutlarla təsdiqini tapdığından, həmin həyətyanı sahəyə dair hüuquqların dövlət qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsinə dair tələbi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh orqan sadalanan əsasların hər hansı birinin mövcud olmasına dair dəlilləri da məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh orqan apelyasiya şikayətini qeydə alınması tələb edilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırsa da, 1995-ci il tarixli texniki pasport müraciət zamanı cavabdeh orqana təqdim edilmiş, lakin qeyd edilən sənədin mövcudluğu orqan tərəfindən nəzərə alınmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti əsaslı olduğundan, təmin edilməli, mübahisələndirilən qərar qismən - iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməklə, həmin hissədə iddia tələbi təmin edilməlidir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti isə təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qismən ləğv ediməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qismən ləğv edilsin. İddiaçı ünvan 1 ünvandakı fərdi yaşayış evinə aid 27 iyul 1995-ci il tarixli Texniki Pasportda göstərilmiş 293,8 kv həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydi aparılmaqla İddiaçı adına mülkiyyət hüququna dair Çıxarışın, torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1257/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1257/2022
18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver