Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nümayəndəsi X7 iştirakı ilə əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 saylı şəhər poliklinikası) məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixdən ona təyin edilmiş birinci qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2018-ci ilin İ rübündə aparılmış İ qrup əlillik təyinatlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birlikdə monitorinqi həyata keçirilmiş və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər (hemodializ, göz, onkoloji və digər xəstəliklər) müəyyənləşdirilmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli xx/xx-4027 saylı məktubuna əlavə edilmiş cədvəldə adları qeyd edilmiş şəxslər barədə Xroniki Böyrək Çatışmazlığına dair Tədbirlər Proqramı çərçivəsində dövlət hesabına hemodializ seanslarını qəbul edən xəstələrin siyahısında məlumatın olmaması səbəbilə onlara rəsmiləşdirilmiş göndərişlərin etibarsız olunduğu bildirmişdir. Həmin siyahıda iddiaçı 3-cü yerdə göstərilmişdir. Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş etibarsız edildiyindən, iddiaçıya aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Bildirir ki, AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında X2 tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qıymətləndirılməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Bakı şəhər 12 nömrəli şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli 0175003AAC0M nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyininə əsas olan 0175003AAC0M saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmiş və etibarsız hesab edilmişdir. Göndəriş etibarsız hesab olunduğundan Əlillik altsistemində iddiaçıya aid əlilliyin qiymətləndirməsi də etibarsız edilmişdir. Əks halda bu hal əsası olmayan əlilliyin təyini hesab olunaraq, büdcə vəsaitinin əsassız yerə xərclənməsinə səbəb ola bilər. İddiaçının əlilliyinin etibarsız edilməsi zamanı cavabdeh tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə gorə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçıya xx.xx.2018-cı il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz təyin edilmiş birinci dərəcə əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması qanunauyğun deyil, hüquqi prosedur qaydalarının pozulmasına səbəb ola bilər. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, AR Səhiyyə Nazirliyinin AR Əmək və X9 Nazirliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-4027 nömrəli məktubunda göstərilmişdir ki, 2018-ci ilin İ rübündə “Proqramlı hemodializ” üzrə İ qrup əlillik təyinatı aparılmış şəxslər barədə sonuncunun məktubunda qaldırılan məsələ Səhiyyə Nazirliyində mərkəzi məlumat bazası əsasında araşdırılmışdır. Müəyyən edilmişdir ki, birinci qrup əlillik təyin edilmiş bir qrup şəxslər barədə məlumat Xroniki Böyrək Çatışmazlığına dair Tədbirlər Proqramı çərçivəsində dövlət hesabına hemodializ seanslarını qəbul edən xəstələrin siyahısında mövcud deyil (siyahı əlavə olunur). Bu səbəbdən qeyd olunan şəxslərin adlarına verilmiş göndərişlər (Forma AZS 088) etibarsız olunur (Qoşma 4 vərəq). Məktuba əlavə olunan dörd vərəqdən ibarət siyahıda iddiaçının adı 3-cü sırada qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi X1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik təyin edilmiş, Forma 88 nömrəsi: 0175003AAC0M, qiymətləndirmə tarixi xx.xx.2018-ci il, diaqnoz: “xronik nefritik sindrom, xroniki qlomerulonefrit, ödemli hipertonik forma, xroniki böyrək xəstəliyi V mərhələ, dialez önü vəziyyət. Renal anemiya. Əsasən böyrəklərin zədələnməsi ilə müsayiət olunan hipertenziv (hipertoniya) xəstəlik (-yi), renol hipertoniya qeyri-spesifik kolit”. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktuba görə, iddiaçının əlillik vəziyyəti Bakı şəhər 12 nömrəli şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli 0175003AAC0M nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 2018-ci ilin İ rübündə aparılmış İ qrup əlillik təyinatlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq işçi qrupu ilə birlikdə monitorinqi həyata keçirilmiş və əlillik təyinatında kəskin artım müşahidə olunan risk qrupu xəstəliklər (hemodializ, göz, onkoloji və digər xəstəliklər) müəyyənləşdirilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilməmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş etibarsız edilmişdir. Bununla əlaqədar iddiaçıya aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 12 saylı şəhər poliklinikası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli 460 nömrəli məktubda göstərilmişdir ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi üçün 12 nömrəli Poliklinika tərəfindən xx.xx.2018-ci il tarixdə “Xroniki nefritik sindrom, xroniki qlomerulonefrit, ödemli hipertonik forma, xroniki böyrək xəstəliyi V mərhələ, dialez önü vəziyyət. Renal anemiya. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv (hipertoniya) xəstəlik(-yi) renal hipertoniya. Qeyrispesifık kolit” diaqnozu ilə 088 nömrəli Forma yazılaraq TSEK-ə göndərilmişdir. Hal-hazırda 12 nömrəli Poliklinikada iddiaçıya məxsus əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş tibbi sənədlər aşkar olunmamışdır. AR ƏƏSMN DSMF Sabunçu rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 40 nömrəli arayışına görə, iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi İ qrup əlil növü üzrə sosial müavinət ödənilmiş (155 manat), xx.xx.2018-ci il tarixdən ödəniş dayandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi üçün 12 nömrəli Poliklinika tərəfindən xx.xx.2018-ci il tarixdə “Xroniki nefritik sindrom, xroniki qlomerulonefrit, ödemli hipertonik forma, xroniki böyrək xəstəliyi V mərhələ, dialez önü vəziyyət. Renal anemiya. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv (hipertoniya) xəstəlik(-yi) renal hipertoniya. Qeyri-spesifik kolit” diaqnozu ilə 088 nömrəli Forma yazılaraq TSEK-ə göndərilmiş, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti 12 nömrəli Poliklinikanın xx.xx.2018-ci il tarixli 0175003AAC0M saylı göndərişi əsasında xx.xx.2018ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, bununla da, iddiaçıya xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir. Lakin iddiaçının xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər və 12 nömrəli Poliklinikada iddiaçıya məxsus əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş tibbi sənədlər aşkar edilmədiyi üçün, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş etibarsız edilmiş və bununla əlaqədar iddiaçıya aid qiymətləndirmə Əlillik altsistemində etibarsız edilmişdir. İddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi İ qrup əlil növü üzrə sosial müavinət ödənilsə də, xx.xx.2018-ci il tarixdən ödəniş dayandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər; 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 haqqında Əsasnamə”nin: 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və X9 Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir; 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “X3na göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə görə, səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat X3na göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X10 ötürülür; 4.9-1-ci bəndinə görə, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. AR Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin X2 tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçının əlilliyi 12 nömrəli şəhər poliklinikasının xx.xx.2018-ci il tarixli 0175003AAC0M nömrəli göndərişi əsasında X3 tərəfindən onun iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qıymətləndirılməklə müəyyən edilmiş, daha sonra göndərişi rəsmiləşdirən Səhiyyə Nazirliyi, Xroniki Böyrək Çatışmazlığına dair Tədbirlər Proqramı çərçivəsində dövlət hesabına hemodializ seanslarını qəbul edən xəstələrin siyahısında iddiaçı barədə məlumatın olmaması səbəbilə onun barəsində rəsmiləşdirilmiş göndəriş etibarsız sayılmış, bundan sonra, yəni əlilliyin təyininə əsas verən hüquqi sənəd (xx.xx.2018-ci il tarixli 0175003AAC0M nömrəli göndəriş) əsassız hesab edildiyinə gorə iddiaçının əlillik müayinəsi (xx.xx.2018-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik təyin edilməsi) Əlillik altsistemində cavabdeh tərəfindən haqlı olaraq etibarsız edilmişdir. Bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dəlalət edir. Belə ki, “X2 haqqında Əsasnamə”nin 4.1-ci bəndinin təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Hazırkı işdə də dövlət səhiyyə müəssisəsi olan 12 nömrəli Poliklinikanın xx.xx.2018-ci il tarixli 0175003AAC0M nömrəli göndərişi həmin təşkilatın yuxarı inzibati orqanı tərəfindən etibarsız sayıldığından, mötəbərliyini itirmiş sənəd kimi artıq hüquqi nəticə doğurmur. Lakin iddiaçı dövlət səhiyyə müəssisəsinin sözügedən göndərişinin etibarsız hesab edilməsini (qüvvədən düşürülməsini) mübahisə etmədən, bu etibarsızlığa istinad edən cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirmişdir. İddianın rədd olunmasının ən əsas dəlili isə ondan ibarətdir ki, iddiaçıya yenidən ümumi xəstəlik səbəbindən müddətsiz İ dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi üçün (iddiaçı bu tələbi ərizəsində əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi kimi ifadə etmişdir - İPM-52) onun barəsində dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib olunan mötəbər (etibarlı, qüvvədə olan) göndəriş olmalıdır ki, iş üzrə də belə bir göndərişin olmadığı mübahisəsizdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbuluna cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir yaxuda da belə sənədlər mövcuddur. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin işdən məlum olur ki, qanunla tələb olunan belə bir sənəd (dövlət səhiyyə müəssisəsinin göndərişi) artıq mövcud deyil. Bununla da, iddiaçı İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası ümumilikdə normativ hüquqi aktlara əsaslandığı üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə belə hüquqi aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə olunan hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən müəyyən sənədlə təsdiq edilməli olan işin konkret faktiki halı belə əhəmiyyətə malik sübutlarla təsdiq olunmayan iddiaçının əlilliyinin bərpa edilməsinin qanuniliyi iş üzrə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, nəticədə səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının əlilliyin bərpa edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “X2 haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-261/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı xx.xx.2018-ci il tarixdən ona təyin edilmiş birinci qrup əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1258/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1258/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver