Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı və üçünjü şəxs Abbasov Hicran Rəşid oğlunun iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: Abbasov Hicran Rəşid oğlu) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8672/2021 saylı 22.12.2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (3-cü şəxs Abbasov Hicran Rəşid oğlu) öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs Abbasov Hicran Rəşid oğlunun ünvan 1-dən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.2.2.3). İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 07.12.2010-cu il tarixdə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən MA ******* №-li çıxarış verilmişdir. Üçüncü şəxs H.Abbasov onun doğma oğludur və yetkinlik yaşına çatmayan uşaqları ilə iddiaçıının evində formal qeydiyyatdadır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin iş № 2(006)-971/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Abbasov Hicran Rəşid oğlunun cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə H.Abbasovun mübahisəli mənzilə mülkiyyətçinin ərizəsi əsasında formal olaraq qeydiyyata alınmış, həmin mənzildə faktiki olaraq yaşamamış, mənzildən istifadə hüququ yaranmamışdır. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Həmçinin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin iş № 2(006)-971/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Abbasov Hicran Rəşid oğluna qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, o əsasla ki, Abbasov Hicran Rəşid oğlunun ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzildən istifadə hüququ yoxdur. Qərardad qanuni qüvvəsini almışdır. Həmin qərarları əsas gətirərək Abbasov Hicran Rəşid oğlunun onun mənzilindən qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə cavabdeh Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncu 07 iyul 2021-ci il tarixli cavab məktubu ilə ona məhkəməyə müraciət etməli olduğu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8672/2021 saylı 22.12.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 2 ünvanından üçüncü şəxs Abbasov Hicran Rəşid oğlunun qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs H.Abbasov apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti oununla əsaslandırılmışdır ki, məhkəmə əhəmiyyətli sayda sübutları araşdırmamış, zəruri sübutları toplamamışdır. Məhkəmə iddiaçının mülkiyətində olan mənzilin mərhum ərinin adına olmuş mənzilin özəlləşdirilməsi və alqı-satqısından əldə etdiyi vəsait hesabına aldığına əhəmiyyət verməmişdir. Məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçıya məxsus mənzildən digər övladları ilə yanaşı üçüncü şəxsin gələcəkdə həmin mənzildən məcburi pay almaq hüququna malikdir. Üçüncü şəxs izahatında həyat yoldaşı ilə aralarındakı nikahın qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən pozulduğuna bildirməsinə də əhəmiyyət verməmiş, iddiaçının xeyrinə araşdırma aparmışdır. Üçüncü şəxsin ailəsindan miras qalmış əmlakın satışından əldə edilmiş mənzildə yaşaya bilmədiyini nəinki araşdırmamış, hətta onu qediyyatdan çıxarmışdır. Məhkəmə üçüncü şəxsin yaşayış yerinin hara olmasını belə araşdırmadığı, ailə üzvü kimi məcburi pay hüququna malik olduğu halda, məhkəmə buna aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs H.Abbasov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək, mübahisəli mənzili 2010-cu ildə öz puluna aldığını və üçüncü şəxsin heç vaxt orada yaşamadığını və mülkiyyətində olan mənzilə heç bir hüquqa malik olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İnzibati-Presessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən üçüncü şəxs H.Abasovun qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 07.07.2021-ci il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatdan çıxarılma yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsi barədə qətnaməsi əsasında həyata keçirilir. Adıçəkilən Qanunun 9-cu maddəsində isə aşağıdakılar qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “...1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə cavabdehin imtinası əsassızdır. Belə ki, işə əlavə olunmuş MA ******* №-li daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan, habelə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanladığı 18.01.2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli mənzil 07.12.2010-cu il tarixdə iddiaçının adına mülkiyyət hüquq ilə qeydiyyatdan keçmiş və həmin sənədlərə əsasən üçüncü şəxs H.Abbasovun mənzilə hər hansı istifadə hüququ qeydə alındığı müəyyən olunmur. Eyni zamanda, işdə olan Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli 18.07.2021-ci il tarixli arayışına və üçüncü şəxs Abbasov Hicran Rəşid oğlunun 08990169 N-li şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, sonuncu iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən yaşayış sahəsində 17.05.2011-ci il tarixdən qeydiyyatdadır. İşə əlavə olunmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-971/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Abbasov Hicran Rəşid oğlunun cavabdeh İddiaçı qarşı “evə köçrülmə tələbinə dair” iddiası rədd edilmiş və həmin qətnamədən apellyasiya şıkayəti verilməmiş, 14.06.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən edilmiş hallara görə İddiaçı “Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzili alqı-satqı-yolu ilə almış və 07.12.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına müvafiq qeydiyyat aparılmışdır. Onun oğlu Abbasov Hicran Rəşid oğlu isə X1 ilə 2004-cü ilin dekabr ayında ailə həyata qurduqdan sonra həyat yoldaşına məxsus ünvan 5 ünvanına köçmüş, həmin ünvanda 3 uşaqları doğulmuş və uzun illər orada yaşamışlar.” Bundan əlavə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-971/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə müəyyən edilən hallara görə İddiaçı cavabdeh Abbasov Hicran Rəşid oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair hissədə iş üzrə xitam verilmiş və icraata xitam verilmənin əsası kimi göstərilmişdir ki, Abbasov Hicran Rəşid oğlunun İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüququ olmamışdır.” Beləliklə də tədqiq olunan sübutlarla (o cümlədən, məhkəmə aktları ilə) müəyyən olunan hallardan göründüyü kimi, hazırkı iş üzrə üçüncü şəxs H.Abbasov faktiki olaraq, iddiaçının 2010-cu ildən mülkiyyətçisi oluğu Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzildə yaşamamış və onun həmin mənzilə qeydə alınmış istifadə hüququ mövcud deyildir. Belə olan halda, cavabdeh orqan tərəfindən onun qeydiyyatdan çıxarılmasından imtina olunması əsaslı hesab oluna bilməz Çünki, ən azından, Azərbaycan Respublikasının 08.12.1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Məhkəmə kollegiyası cavabdehin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə istinad olunan mövqeyi ilə də razılaşmır. Çünki, qeyd edildiyi kimi, tədqiq olunan məhkəmə aktları ilə iddiaçının mübahisəli mənzildə faktiki olaraq yaşamadığı və həmin mənzilə istifadə huququ qeydə alınmadığı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenum tərəfindən isə qərarı alınmışdır ki: “...2 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs H.Abbasovun apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, sübutlar toplamadığını və onun ailə üzvü kimi məcburi pay hüququna malik olduğunun nəzərə alınmadığını mübahisələndirən dəlilləri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin mübahisəli mənzildə yaşamadığı və həmin mənzilə hər hansı əmlak hüququ mövcud olmadığı və yaşamadığı halda, onun qeyd olunan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, üçüncü şəxs H.Abbasovun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8672/2021 saylı 22.12.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Üçüncü şəxs Abbasov Hicran Rəşid oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8672/2021 saylı 22.12.2021-ci qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vidadi Məmmədov