Məhkəmə qərarları › İş №2-1(103)-1258/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1258/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2013-cü il tarixli göndərişə əsasən İddiaçı “Piylənmə dördüncü dərəcə” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixli göndərişə əsasən İddiaçı “Piylənmə üçüncü dərəcə” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixli göndərişə əsasən İddiaçı “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə və ürəyin zədələnməsi ilə müşayət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixli göndərişə əsasən İddiaçı “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə və ürəyin zədələnməsi ilə müşayət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli göndərişinə (Əsas diaqnoz 120.8 Stenokardiyanın digər formaları UİX. Gərginlik stenokardiyası İİİ f.s,; Ağırlaşma 150.0Durğunluq ürək çatmamazığı XÜÇ İİİ f.s QDÇ İİ mərhələ, 149.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya Ekstrosistolik aritımiya; Yanaşı xəstəliklər: İİİ Ürəyin hipertenziv xəstəliyi Arterial hipertenziya İll əlavə risk İV F48.0 Nevrasteniya Asteno nevrotik sindrom K75 Qaraciyərin digər iltihabı xəstəlikləri HEPATOSİTEATOS E66 Piylənmə İİİ dərəcə BKİ 40) əsasən iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina olunmuşdur. İmtina əsası kimi “göndərişin natamam doldurulması” göstərilmişdir. Xəstədə əsas diaqnozun ağırlaşması reyestr məlumatı ilə uyğunsuzluq təşkil edir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən 2ci qrup ümumi xəstəlik ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən 30 mart 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq bundan imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xəstədə əsas diaqnozun ağırlaşması reyestr məlumatı ilə uyğunsuzluq təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan yazılı etirazında bildirmişdir ki, iddiaçıya xx.xx.2013cü il tarixli göndəriş əsasında bir il, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il, xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021- ci il tarixli göndərişə baxılmış və iddiaçıda əsas diaqnozun ağırlaşmasının reyestr məlumatı ilə uyğunsuzluq təşkil etməsi əsası ilə ikinci dərəcəli əlilliyin təyin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ikinci dərəcəli əlilliyin xx.xx.2021-ci il tarixdən təyin (bərpa) edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E65-E68 - Piylənmə və artıq qidalanmanın digər növləri => E66 - Piylənmə, Diaqnozun mətni: Piylənmə dördüncü dərəcə, Meyar:2.2. ikinci dərəcə əlillik => DİGƏR: Piylənmə dördüncü dərəcə” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Daha sonra həmin poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəb Ümumi xəstəlik, X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E65-E68 - Piylənmə və artıq qidalanmanın digər növləri => E66 - Piylənmə, Diaqnozun mətni: Piylənmə İİİ dərəcə, Meyar:2.2. İkinci dərəcə əlillik => DİGƏR: Piylənmə İİİ dərəcə" səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. xx.xx.2015-ci ildə sözügedən poliklinikanın 2766003AABBZ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları, Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyası İİ As.Ürək çatmamazlığı ilə müşayət olunan ürəyin zədələnməsi ilə müşayət olunan hipertoniya xəstəliyi, Meyar:2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik verilmişdir. xx.xx.2016-cı ildə sözügedən poliklinikanın göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları, Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyası İİ As.Ürək çatmamazlığı ilə müşayət olunan ürəyin zədələnməsi ilə müşayət olunan hipertoniya xəstəliyi, Meyar:2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Sumqayıt 2 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci ildə 0530003AAF6J saylı göndərişi əsasında baxılmış və “X1 X Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları, Diaqnozun mətni: XBT 10 kodu Xəstəliyin adı, Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, UİX .Gərginlik stenokardiyası İİİ f.s, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s .QDÇ İİ mərhələ, Ağırlaşma İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrosistolik aritımiya, Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ əlavə risk İV, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstədə əsas diaqnozun ağırlaşması reyster məlumatı ilə uyğunsuzluq təşkil edir (xx.xx.2020AktivdirB C Dxx.xx.2030)” səbəbi ilə imtina verilmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Məhkəmə bildirmişdir ki, Məhkəməyə daxil olmuş ekspert rəyində qeyd olunmuşdur ki: - Vətəndaş İddiaçı iş materiallarında olan 0530003AAF6J saylı göndərişə əsasən əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. -İddiaçı məhkəmə- tibbi müayinədən imtina etdiyindən onun hazırki vəziyyətini qiymətləndirmək mümkün deyildir. -Qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Nəzərə alınmalıdır ki, ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi İ20.8 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından yanaşı xəstəlik kimi 111 diaqnozda olan ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ əlavə risk İV xəstəliyi kimi Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə xəstəliyin yanaşı xəstəlik kimi iddiaçıda aşkar olunduğunu təsdiq edir. Göründüyü kimi, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X11 tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. Buradan da birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların pozulduğu müəyyən olunur. Həmçinin qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona ikinci dərəcə əlilliyin təyin edilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası bağlı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İş materiallarından aydın olur ki, xx.xx.2013-cü il tarixli göndərişə əsasən İddiaçı “Piylənmə dördüncü dərəcə” diaqnozu ilə bir il müddətinə, xx.xx.2014-cü il tarixli göndərişə əsasən həmin diaqnoz ilə bir il müddətinə, xx.xx.2015-ci il tarixli göndərişə əsasən “Ü.İ.X. gərginlik stenokardiyası İİ f/s. Ürək çatmamazlığı ilə müşayət olunan ürəyin zədələnməsi ilə müşayət olunan hipertoniya xəstəliyi” diaqnozu ilə bir il müddətinə, xx.xx.2016-cı il tarixli göndərişə əsasən həmin sonuncu diaqnozla beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixli göndərişə əsasən İddiaçı ikinci dərəcəli əlilliyin təyin olunmasından cavabdeh qurum imtina etmişdir. İmtina əsası kimi “göndərişin natamam doldurulması” göstərilmişdir – “Xəstədə əsas diaqnozun ağırlaşması reyestr məlumatı ilə uyğunsuzluq təşkil edir.” İşin birinci instansiya məhkəməsində icraatı zamanı xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş ilkin ekspert rəyində ekspertlər hesab etmişlər ki, canlı müayinə zamanı iddiaçıda olan xəstəliklərin patofunksional dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğunluğunun müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gəlmiş və xx.xx.2022-ci il tarixli qərardadla təkrar ekspertiza təyin etmişdir. Birinci instansiya məhkəməsinə daxil olmuş təkrar ekspert rəyində qeyd olunmuşdur ki: “Vətəndaş İddiaçı iş materiallarında olan 0530003AAF6J saylı göndərişə əsasən əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinədən imtina etdiyindən onun hazırki vəziyyətini qiymətləndirmək mümkün deyildir. Qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Nəzərə alınmalıdır ki, ekspert rəyindən də göründüyü kimi, göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının adına tərtib olunmuş göndərişlərdə qeyd olunan xəstəliklər onun təqdim etdiyi tibbi sənədlərdə öz təsdiqini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 595 saylı 14 sentyabr 2015-ci il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Həmin Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. Göründüyü kimi, iddiaçı barəsində tərtib olunmuş 06 aprel 2021-ci il tarixli göndərişlərin məzmununda iddiaçının əziyyət çəkdiyi xəstəliklərə əsasən onun əsas diaqnozu “İ20.8 Stenokardiyanın digər formaları, UİX Gərginlik stenokardiyası İİİ f.s və Ağırlaşması: İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s. QDÇ İİ mərhələ; İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrosistolik aritmiya; Yanaşı xəstəlikləri: İ11 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ əlavə risk İV; F48.0 Nevrasteniya, Asteno nevrotik sindrom; K75 Qaraciyərin digər iltihabı xəstəlikləri, Hepatositeatos; E66 Piylənmə, İİİ dərəcə BKİ 40.” olduğundan, həmin xəstəliklər üzrə ona xx.xx.2021-ci il tarixdə sonuncu göndəriş rəsmiləşdirilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1. (ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50- İ50.9, Z95.0) bəndinə əsasən ikinci dərəcə əlillik təyin edilməsi üçün əsas olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya xx.xx.2015 və xx.xx.2016-cı illərdə də ikinci dərəcə əlillik məhz həmin xəstəliklər üzrə təyin edilmişdi. Qeyd olunan halları nəzərə alan birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu apellyasiya şikayətində yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iddiaçının əyani müayinəsi aparılmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla təkrar məhkəmə-tibbi ekspertizası təyin etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş 3084 nömrəli xx.xx.2024-cü il tarixli ekpert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından vətəndaş E.T.İsmayılovun konkret olaraq hazırda hansı xəstəlikərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı iş materiallarında olan 0530003AAF6J saylı göndərişə əsasən əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən və xəstəliklər xroniki olduğundan onun Forma 88-də göstərilən xəstəliklərindən əziyyət çəkməsini inkar etmək də olmaz. Bu səbəbdən də o, xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi ekspertizadan keçirilərkən Akad. C.Abdullayev adına X7 İnstitutuna göndərilmiş və aparılmış müayinələrdən sonra ona “ÜİX; Gərginlik stenokardiyası (f.s. İİİ); Hipertoniya xəstəliyi İ mərhələ. Mədəcik ekstrasistoliyası. AF-48%; Xroniki ürək çatmamazlığı İİ f.s (İ20.0, İ88.1, İ49.9, İ50.0) diaqnozu qoyulmuşdur. Göründüyü kimi, iddiaçı barəsində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə tərtib olunmuş Forma 88-də sadalanan xəstəliklər iddiaçının hazırki vəziyyətdə keçirilmiş ekspertiza ilə bağlı aparılan tibbi-texniki müayinələr və tibbi rəyə əsasən hazırda da iddiaçıda mövcuddur. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İş materiallarında olan iddiaçı barəsində tərtib olunmuş 06 aprel 2021-ci il tarixli göndərişlərin məzmununda iddiaçının əziyyət çəkdiyi xəstəliklərə əsasən onun əsas diaqnozu “İ20.8 Stenokardiyanın digər formaları, UİX Gərginlik stenokardiyası İİİ f.s xəstəliklə əlaqədardır. Ağırlaşmaları: İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s. QDÇ İİ mərhələ; İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrosistolik aritmiya; Yanaşı xəstəlikləri: İ11 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİİ əlavə risk İV; F48.0 Nevrasteniya, Asteno nevrotik sindrom; K75 Qaraciyərin digər iltihabı xəstəlikləri, Hepatositeatos; E66 Piylənmə, İİİ dərəcə BKİ 40.” olduğu halda və əvvəllər – xx.xx.2015 və xx.xx.2016-cı illərdə həmin xəstəliklər üzrə iddiaçıya ikinci dərəcə əlillik təyin edildiyi halda, sonuncu dəfə xx.xx.2021-ci ildə rəsmiləşdirilən Forma 88 göndərişi üzrə cavabdeh əvvəlki davranışından fərqli qaydada hərəkət etmişdir ki, bu zaman da həmin hərəkətinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, nəticədə əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (2-1(102)-764/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)671/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-589/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)-555/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)- 437/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarları və s.) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə əlillik təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 282/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-282/2023 saylı 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar