Məhkəmə qərarları › İş №2-1(103)-1258/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1258/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X2 və ləğv prosesində olan "xxxx" ASC) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3987/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə X11, X2 və ləğv prosesində olan "xxxx" ASC iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan müraciətinə cavab olaraq xx.xx.2023-ci il tarixində imtina məktubu təqdim etmişdir. Qeyd olunan imtina məktubunda bildirilmişdir ki, müvafiq sənədlərə əsasən, yuxarıda qeyd edilmiş torpaq sahəsinin ölçüsü 0.12 ha, faktiki isə 0,112 ha təşkil edir. Həmçinin təsbit edilənə görə, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir ki, tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Bu məsələ ilə əlaqədar qeyd etmək lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən etdiyi müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, B-l 18-112 nömrəli Arxiv arayışında aydın və dəqiq bir şəkildə göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 707 №-li sərəncamından çıxarışa görə, Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələri ayrılsın: İddiaçı- Ləhiş ərazisindəki 81 №-li ВТК. Buradan da bəlli olduğu kimi, sözügedən torpaq sahəsi onun adına ayrılıb. Bunlardan əlavə, “Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi” tərəfindən təqdim edilmiş 46 saylı orderdə təsbit edilmişdir ki, yuxarıda göstərilmiş torpaq sahəsi həqiqətən də İddiaçı ayrılmışdır. Bunu da nəzərə alaraq hesab edir ki, cavabdeh orqanın imtina məktubunda göstərilən səbəblər əsassızdır və faktiki olaraq onun hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağın ərazisinə uyğun gəlir. Həmçinin, eyni sənəd əsaslarla əvvəlki müraciətiniz zamanı halhazırki torpaq sahəsinin cənubunda olan fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Bundan başqa, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Bundan əlavə, sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir.” Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2693, 2694 saylı bağ ərazisinə uyğun gəlir. Həmçinin, iddiaçı eyni sənəd əsaslarla əvvəlki müraciəti zamanı hal-hazırki torpaq sahəsinin cənubunda olan fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi X6 adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir. Həmçinin, iddiaçı əvvəlki müraciətində fərqli konfiqurasiya ilə sahənin cənub hissəsinə müraciət etmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədləri mişar daşı ilə sərhədlənib, darvazası yoxdur və giriş sərbəstdir. Həmçinin, yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən 2694 və 2695 saylı torpaq sahələrinin ərazisinə uyğundur. Bundan başqa, göstərilən torpaq sahəsinin 74 kv.m hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2695” saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3987/2024 saylı qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,112 hektar “2693” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 2693, 2694 saylı bağ ərazisinə uyğun gəlir. Həmçinin, iddiaçı tərəfindən eyni sənəd əsaslarla əvvəlki müraciəti zamanı hal-hazırki torpaq sahəsinin cənubunda olan fərqli konfiqurasiyalı ərazi göstərilmişdir. Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi X6 adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha, faktiki isə 0,112 ha təşkil edir. İddiaçı əvvəlki müraciətində fərqli konfiqurasiya ilə sahənin cənub hissəsinə müraciət etmişdir. Belə ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədləri mişar daşı ilə sərhədlənib, darvazası yoxdur və giriş sərbəstdir. Həmçinin, yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsinin bir hissəsi sxematik xəritəyə əsasən 2694 və 2695 saylı torpaq sahələrinin ərazisinə uyğundur. Bundan başqa, göstərilən torpaq sahəsin 74 kv.m hissəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2695” saylı bağ sahəsi kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 707 №-li sərəncamına əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2.06.1988-ci il tarixli 195 №li qətnaməsinə əsasən fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində İddiaçı Ləhiş ərazisindəki 81 №-li ВТК-dan bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və İstismarı Birliyi tərəfindən təqdim edilmiş 46 saylı orderə əsasən, İddiaçı Ləhiş ərazisindəki 81 №-li ВТК nəznində 0,12 ha 2693 saylı bağ sahəsi ayrılmışdır. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə bağlı reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bununla bağlı, o, cavabdeh inzibati orqana müraciət etsə də, Ləhiş bağ massivində eyni nömrəli torpaq sahəsi digər fiziki şəxsin - X6 adına qeydiyyata alınması, sonradan özgəninkiləşdirilməsi, sənədlərə əsasən torpaq sahəsinin ölçüsünün 0,12 ha, faktiki isə 0,112 ha təşkil etməsi əsası ilə imtina edilmişdir. Bundan sonra, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı, 0,112 ha torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. X6 adına qeydiyyata alınmış bağ sahəsinin nömrəsinin 2693 deyil, 2693/23 olduğu müəyyən olunur, sahəsi isə 0,25 ha təşkil edir. Torpaq sahələri isə üst üstə düşmur. Bağ sahəsinin qanuni əsaslarla ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 707 №-li sərəncamından olan çıxarış, bağın nömrəsi və sahəsini təsdiq edən order mövcuddur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə təsdiqini tapıb. Məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “2693” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər sırasında aşağıdakı sənəd nəzərdə tutulmuşdur: – şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 707 №-li sərəncamı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2693” saylı torpaq sahəsinin İddiaçı ayrılmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin imtinasının və şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, mübahisəli ərazidə 2692, 2693, 2693/23 və 2694 nömrəli bağ evləri mövcuddur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2693/23 saylı 0,25 ha bağ sahəsinə dair mülkiyyət hüquqları ilə bağlı X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın alqı-satqısı barədə ******* nömrəli, 17 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2693/23 saylı 0,25 ha bağ sahəsi X11 tərəfindən X9 özgəninkiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 dekabr 2010-cu il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2695/25 saylı 0,25 ha bağ sahəsi ilə bağlı X3 mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın alqı-satqısı barədə ******* nömrəli, 17 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən X7 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2695/25 saylı 0,25 ha bağ sahəsi X9 özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın alqı-satqısı barədə ******* nömrəli, 17 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən X7 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2694/24 saylı 0,25 ha bağ sahəsi X9 özgəninkiləşdirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, A05/23 nömrəli “Açıq hərracın nəticələrinə dair” yekun protokol əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2694 saylı 0,75 ha bağ sahəsi ilə bağlı Ləğv prosesində olan "xxxx" ASC-nin mülkiyyət hüququ 16 mart 2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması zamanı əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “2693” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur, cavabdehin imtina məktubunda qeyd edilən torpaq sahələri ilə faktiki olaraq üstüstə düşmür. Bu hal iş materiallarına əlavə edilmiş foto şəkillərlə də müəyyən edilir. Qeyd olunanlara əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahə ilə üst-üstə düşmədiyindən cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla oxşar məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3987/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar