Məhkəmə qərarları › İş №2-1(103)-1259/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1259/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1259/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili X7, Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “artıq ödənilmiş verginin geri qaytarılması üçün rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş verginin qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə əvəz edilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2448/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadından cavabdeh və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2570/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayətləri mümkün sayılmamışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Vergilər Nazirliyinin əsl cavabdeh olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmiş, AR Ali Məhkəməsinin 2-1(102)-295/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2570/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətinin qəbulundan imtina edilsin. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti və əlavə verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən ərizə düzgün doldurulmadığı üçün vergi ödəyicisinə **********821400 saylı məktubla ona məlumat verilmiş və yuxarıda qeyd olunan çatışmazlıqlar aradan qalxdıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Lakin ötən müddət ərzində iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə Baş İdarəyə müraciət daxil olmamışdır. Belə ki, iddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə Baş İdarəyə yenidən müraciət edilmədiyindən cavabdeh tərəfindən rəyin verilməsi mümkün olmamışdır. Bundan əlavə iddiaçının hazırda vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotda olduğunu və sonuncunun məhkəmələrdə cavabdeh qismində iştirak etmək vəzifə səlahiyyətlərinə malik olduğunu nəzərə alaraq məhkəmə mübahisəsi üzrə ilkin cavabdeh X9 əsl cavabdeh kimi Vergilər Nazirliyi deyil, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməli və Vergilər Nazirliyinin iş üzrə cavabdeh qismində iştirakına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi birinci instansiya məhkəmsinin qərarının ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Validə Cabbarova apellyasiya şikayətinin təmin edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, İddiaçı MMC-nin nizamnaməsi xx xxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş kommersiya qurumunun dövlət reyestrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış ona ********** nömrəli VÖEN verilmişdir. Hüquqi ünvanı: ünvan 1 mənzil 32. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC tərəfindən 475.086,08 manat məbləğində artıq ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 İddiaçı MMC-yə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli məktublarına cavab olaraq ünvanlandığı məktubda qeyd edilmişdir ki, Sizin artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətlərinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 baxılmışdır. Bildiririk ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Bildiririk ki, Siz xx.xx.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 475086,08 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdiniz. Müraciətinizə baxılarkən tərəfinizdən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyi, ödənilmə tarixinin qeyd edilmədiyi aşkar edilmişdir. Eyni zamanda bildiririk ki, müvafiq ərizədə bank məlumatlarının tam göstərilmədiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyiniz təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında X6 və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Göründüyü kimi, qanunverici yuxarıda qeyd olunan normalarla vətəndaşı qanunazidd yaranmış vergi öhdəliklərinin tələb edilməsindən qoruyaraq, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsi ilə təminat altına almışdır. Belə ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən 15.1 və 15.1.4-cü maddələrinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0 və 24.0.10-cu maddələrinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra - büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Qaydaların 7.1-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vergilərin büdcəyə daxil olmasının təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. İşin araşdırılması ilə müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh orqan isə müraciətə baxılarkən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma tarixinin və yaranma səbəbinin düzgün əks etdirilmədiyini, ödənilmə tarixinin qeyd edilmədiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 475.086,08 manat məbləğində artıq ödənilmiş vergi şəxsi hesab vərəqəsində öz təsdiqini tapsada cavabdehin imtinasındakı qeyd etdiyi əsas qanununvericiliyə əsasən iddiaçının hüquqlarını pozulması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin əsl cavabdehlə əvəz olunması barədə dəlili ilə bağlı isə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsinin müzakirəsini zəruri hesab etmiş, iddiaçının nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etiraz etmədiyi bildirmiş, cavabdehin nümayəndəsi isə ilk cavabdehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir (iş mat. səh 77). Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmişdir və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi də Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının Vergilər nazirinin **********083100 nömrəli əmri ilə Baş İdaərinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan qurum kimi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hazırda mövcud olmayan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri, X3 hüququ varisi olması müəyyən edilməmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi çıxış etməlidir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Əsl olmayan tərəfin əvəz edilməsi ilə bağlı İPM-də müvafiq norma nəzərdə tutulmadığından və eyni zamanda, hazırkı halda bu əvəzetmə həmin Məcəllənin prinsiplərinə zidd olmadığından, sözügedən Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə görə iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2448/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar