Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1259/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X1 iştirakı ilə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-762/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 60 yaşı tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.02.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1224/2020 nömrəli iş üzrə 09.09.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25.02.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-104/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.09.2020-ci il qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə 03.02.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “31. İddiaçı sonradan tələbini dəyişərək, ona 60 yaşının tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmiş və təlbini hüquqi cəhətdən “Əmək pensiyaları haqqında” qanunun 9.1, 9.8 və 9.7.2-ci maddələri ilə əsaslandırmışdır.
32. İşə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsasları kimi “Əmək pensiyaları haqqında” qanunun 9.1 və 9.7.2-ci maddələrini seçmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu qanunun 9.7.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç element mövcud olmalıdır: 1. İddiaçının 30 ildən az olmayan ümumi iş stajının olması; 2. İddiaçının ən azı 15 təqvim ili məhkumlarla və həbsdə olan şəxslərlə işləməsi; 3. İddiaçının 60 yaşına çatması. İddiaçının 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində işlədiyi kitabxanaçı və müəllim vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarının 34-cü bölməsinin “ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri” bəndinə uyğundur.
33. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və gəldiyi nəticəni əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” qanunun 9.1, 9.8-ci maddələrinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək göstərmişdir ki, «hazırkı iddia tələbi üzrə iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 05.10.2019-cu il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 60 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçının 05.10.2019-cu il tarixədək (60 yaşının tamam olduğu tarixə) ümumi stajı 32 ildən, xüsusi stajı isə 16 ildən çox olmuşdur. Beləliklə, iddiaçının işlədiyi vəzifələr «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 34 saylı bölməsinin ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri bəndinə ( Penitensiar müəssisələrdə mülki işlər) uyğun olduğundan və o, 05.10.2019-cu ilədək qanunla tələb olunan güzəştli iş stajını da topladığı üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur».
34. Göründüyü kimi məhkəmələr iddiaçıya pensiya təyin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyarkən, iddiaçının yaşa görə pensiya hüququnu hansı əsaslarla əldə etməsi barədə ziddiyyətli fikirlərə əsaslanmışdır. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyin olunması zamanı tələbin hüquqi əsasının dəqiq müəyyən olunmalıdır.
35. Belə ki, yaşa görə pensiya təyin olunması üçün ümumi əsaslar və şərtlər Qanunun 7ci maddəsində əksini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, pensiyalar vətəndaş tərəfindən əvvəlki əmək, xidmət, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsi ilə qazanılır. Buna görə də pensiya təminatı sahəsində vətəndaşların hüquqları bilavasitə onun əmək və ya digər ictimai faydalı fəaliyyətindən, həmin fəaliyyətin həcm və xarakterindən asılıdır. Qanunverici pensiya hüququnun yaranması üçün əsasları da vətəndaşın əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun diferensiasiya etməklə müəyyənləşdirir.
36. Bu baxımdan Qanunun 7-ci və 9-cu maddələri fərqli şərtlər və əsaslarla pensiya təyin olunmasını ehtiva edir. Qanunun 7-ci maddəsi şəxsə ümumi əsaslarla pensiya hüququnu nəzərdə tutursa, 9-cu maddəsində pensiya təyin olunması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edir. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunur. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir.
37. Güzəştli şərtlərlə əmək pensiyası hüququndan bəhs edən 9-cu maddədə əmək şəraitinə görə, hipovizqanizm xəstəliyinə tutulanlara, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə, prokurorluq orqanlarında qulluq, hərbi qulluq, ədliyyə orqanlarında qulluq, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işə görə pensiya hüququnun şərtləri müəyyən olunmuşdur.
38. Baxılan iş üzrə iddiaçının Qanunun 9.1-ci maddəsinə əsasən xüsusi şərtlərlə pensiya hüququ olması barədə məhkəmələrin gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçıya həmin normaya uyğun olaraq pensiya təyin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır: 1. Şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə 12 il 6 ay çalışmış olmalı; 2. 60 yaşına çatmalı; 3. Azı 25 il sığorta stajına malik olmalı; 4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
39. Bu şərtlərdən hər hansı birinin olmaması, iddianın təmin olunmasını istisna edir. İşin hallarından görünür ki, iddiaçının 03.12.2002-05.10.2019-cu illərdə 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyaniqiyabi tam orta məktəbində işlədiyi kitabxanaçı və müəllim peşələri Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda “Penitensiar müəssisələrdə mülki işlər” adlanan 34-cü bölmədə göstərilmiş “ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri”nə uyğundur. İddiaçının bu peşələrdə stajı 16 il 10 ay 2 gün təşkil edir. Həmçinin iddiaçı 25 ildən çox ümumi staja malikdir və 05.10.2019-cu il tarixdə 60 yaşına çatmışdır. Lakin iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən olunmur.
40. İşə baxmış apelyasiya məhkəməsi bununla bağlı apelyatorun dəlilini qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsində belə bir müddəa nəzərdə tutulmadığından həmin qayda iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin bu mövqeyi düzgün deyildir. Çünki iddiaçıya Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilərkən, həmin Qanunun 9.7-ci maddəsi tətbiq oluna bilməz. Çünki Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş pensiya təyinatı şərtləri ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə şamil edilir.
42. Ümumiyyətlə iddiaçının cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xüsusi tam orta məktəbində işləməsi faktı, özlüyündə ona Qanunun 9.7-ci maddəsi əsasında pensiya təyin olunmasına əsas deyildir. Həmin norma ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə pensiya təyin olunmasını tənzimləyir və bu şəxsləri iki kateqoriyaya ayırır: 1. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 2. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər.
43. İddiaçının “ədliyyə orqanlarında qulluq keçmiş şəxs” kateqoriyasına aid edilibedilmədiyini araşdırmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun müddəalarına müraciət olunmalıdır.
44. Çünki həmin Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir (Qanunun giriş hissəsi).
45. Həmin Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir (Qanunun 3.1-ci maddəsi). Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir (Qanunun 4.9-cu maddəsi) Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 25 iyul 2006-cı il tarixli, 430 saylı Fərmanının 2.4 və 2.5-ci maddələrinə əsasın həmin Qanunun 3.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” və “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. Həmin Qanunun 4.9-cumaddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
46. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33-cü maddəsində penitensiar xidmətin işçiləri də xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Daha sonra həmin Qanunda penitensiar xidmətin əməkdaşları və mülki işçiləri “ədliyyə orqanlarının işçiləri” adlandırılır və göstərilir ki, penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər.
47. Göründüyü kimi “Əmək pensiyaları haqqında” qanunun 9.7-ci maddəsində nəzərdə tutulan ədliyyə orqanlarında qulluq keçən şəxs statusunun müəyyən olunması üçün onun “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.9-cu maddəsinə əsasən Ədliyyə Nazirliyi tərəfindən işə qəbul edilib-edilmədiyi müəyyən olunmalıdır.
48. İş materiallarına əlavə olunmuş iddiaçının əmək kitabçasında onun işəgötürəni kimi Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi göstərilmişdir. Hakbuki, iddiaçıya “Əmək pensiyalarl haqqında” Qanunun 9.7-ci maddəsinin tətbiq olunması, yəni ədliyyə orqanlarında qulluq keçmiş şəxs statusunda tanınması üçün, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1 və 4.9-cu maddələrinin mənasına görə iddiaçı Ədliyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən işə götürülmüş olmalıdır.
49. Məhkəmələr “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad etsələr də, bu normanı hansı əsasla tətbiq edildiyini izah etməmişlər. Məhkəmə kollegiyası xatırladır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçının barəsində həmin normanın tətbiq olunması üçün əsaslar yoxdur.
50. Göründüyü kimi işə baxmış məhkəmə iddianın düzgün həlli üçün iddiaçının hüquqi vəziyyətini müəyyən etməmiş, onun ədliyyə orqanlarında qulluq keçmiş şəxs hesab olunması üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən olunmuş əsasların olub olmadığını yoxlamamışdır.
51. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh iddia tələbinə qarşı yazılı və şifahi etirazlarında, habelə apelyasiya şikayətində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Lakin cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğini heç bir izahatında göstərməmiş, bu barədə hesabdan çıxarış təqdim etməmşdir. İşə baxmış məhkəmlər də pensiya kapitalının məbləğini müəyyən etmək üçün heç bir prosessual tədbir görməmiş, cavabdehdən pensiya kapitalının məbləği barədə sübut tələb etməmiş, pensiya təyin olunması üçün nə qədər pensiya kapitalının tələb olunduğunu, iddiaçının fərdi hesabının sığorta hissəsinə qeydə alınmış pensiya kapitalı arasında olan fərqi müəyyən etməmişdir. Nəticədə iddianın təmin olunması üçün həlledici əsas olan bu hal araşdırılmamış, iddiaçının pensiya kapitalının həqiqətən də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilməmiş, iddiaçının uzun müddətli staja malik olduğu halda pensiya kapitalının azlığının səbəbi öyrənilməmişdir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişləri nəzərə alaraq, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməli idi. İşdən müəyyən edilir ki, iddiaçı 03.11.1977-ci ildən 03.12.1979-cu ilə qədər (2 il 1 ay) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 06.09.1976-03.03.1977-ci illərdə (5 ay 27 gün) təhsil almış, 15.03.1977-01.09.1977-ci illərdə (5 ay 15 gün) və 27.03.1980-cı ildən 01.07.1980-cı ilə qədər (3 ay 4 gün) 11 №-li Trestin 9 №-li Xüsusi İdarəsində xarrat, 16.10.1980-cı ildən 09.07.1985-ci ilə qədər (4 il 8 ay 23 gün) Kombinatda xarrat, 31.01.1986-cı ildən 08.09.1987-ci ilə qədər (7 ay 8 gün) X4 İdarəsində kollektor operatoru, dizelmotorçu, 29.10.1987-ci ildən 11.07.1990-cı ilə qədər (2 il 8 ay 12 gün) xarrat, 12.07.1990-cı ildən 16.05.1991-ci ilə qədər (10 ay 4 gün) xarrat, 10.06.1991-ci ildən 15.10.1992-ci ilə qədər (1 il 4 ay 5 gün) xarrat, 11.11.1992-ci ildən 10.09.1997-ci ilə qədər (4 il 9 ay 29 gün) dülgər, 03.12.2002-ci ildən 24.10.2012-ci ilədək (9 il 10 ay 21 gün) Nərimanov rayonunda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində kitabxanaçı, 24.10.2012-ci ildən 60 yaşı tamam olan 05.10.2019-cu ilədək (6 il 11 ay 11 gün) həmin məktəbdə kimya ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. İddiaçının ümumi stajı 35 il 4 ay 9 gün təşkil edir. Bu müddətin 16 il 10 ay 2 günü iddiaçının 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində işlədiyi dövrdür. “Əmək pensiyaları haqqında” AR Qanununun: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 9.7.2. cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər - 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. Faktiki hallarının təhlili göstərir ki, işin hüquqi qiymət tələb edən ən mübahisəli məqamını iddiaçının tələbinə “Əmək pensiyaları haqqında” Qanunun 9.1 yoxsa 9.7-ci maddəsinin tətbiq edilməsi təşkil edir. Bu kontekstdə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsi tətbiq edilə bilməz. Çünki, iddiaçı 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində əvvəl kitabxanaçı, daha sonra isə kimya ixtisası üzrə müəllim vəzifəsinə Ədliyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən deyil, həmin məktəbin direktoru tərəfindən işə götürülmüşdür. Mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edildikdə isə 60 yaş, 25 il ümumi sığorta stajı və 12 il 6 ay xüsusi sığorta stajı ilə yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə də əməl olunmalıdır. Lakin bu şərt iddiaçı tərəfindən yerinə yetirilmir. Belə ki, cavabdehin Məhkəməyə ünvanlanan 23.06.2021-ci il tarixli məktubunda iddiaçının pensiya kapitalının 32.670,33 manat təşkil etdiyi, əslində isə 36.800 manat tələb olunduğu bildirilmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdən görünür ki, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilmir, eyni zamanda, həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək yükü üzərinə düşən cavabdeh sözügedən sübutetmə vəzifəsinə qanunla tələb olunan qaydada əməl etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsinə əsaslanan cavabdehin 15.11.2019-cu il tarixli **********6 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-762/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 60 yaşı tamam olduğu 05.10.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov