Məhkəmə qərarları › İş №2-1(103)-1259/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1259/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1259/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımovdan və X4 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. ünvan 1 ünvanında yerləşən sahəsi 63.0 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli, 3888 saylı alğı-satqı müqaviləsinə əsasən özəlləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2375/2019 saylı iş üzrə 01 noyabr 2019-cu il tarixli qərarı ilə ünvan 2 ünvanında yerləşən 60,8 kv.m qeyi-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövləl Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 508/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır.

2. İddiaçı məhkəməyə müraciət edərək ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 ABŞ dolları), maddi ziyan üçün 64.800 manat (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, çıxarış və texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 45000 manat pul vəsaitinin 25%-ni cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabından, 75%-ni Azərbaycan Respublikası dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4983/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4983/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1598/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDK-nin xx.xx.2017-ci il tarixli, 141№- li sərəncamı və bunun əsasında xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsi və xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli çıxarış ləğv edildiyindən ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsinin bugünkü günün bazar qiyməti ilə satışından ən azından əldə edə biləcəyi 396000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, ünvan 4 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq sözügedn əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixdə açıq hərraca çıxarılmış və iddiaçı həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən xx.xx.2018-ci il tarixdə 3888 №İi alğı-satqı müqaviləsi bağlanmışdır. Bu alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti ödənilmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli RX seryalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən həmin sahə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X7 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 3 ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li sərəncamının ləğv edilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 143/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qərardan "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)-508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Cavabdeh bu işlə bağlı keçirilən məhkəmə prosseslərinin heç birində iştirak etməmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)-2375/2019 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verməkdə maraqlı olmamışdır. Cavabdeh bu əməli ilə iddiaçının gələcəkdə əldə edə biləcəyi külli miqdarda faydanın qarşısını almışdır. Sonuncu dəfə 45000 manat pul vəsaitinin geri qaytarılması xahişi ilə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 sayl qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küç. 125 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanılmış xx.xx.2018-ci il tarixli 3888 №-li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin 25%-nin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin hesabından, 75%-nin Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq İddiaçı ödənilməsi cavabdehlərə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-4983/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 314/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №li alğı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1598/23 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-314/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(103)-314/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i tərəfindən 3 noyabr 2023-cü il tarixində icra edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhkəmə qaydasında AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №-li sərəncamı ləğv edilməsəydi, ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsini bugünkü bazar qiyməti ilə satsaydı küllü miqdarda fayda əldə etmiş olardı. Azərbaycan Respublikası "xxxx" MMC-nin 11 iyun 2024-cü il tarixli MB 17/0588 saylı arayışındandan göründüyü kimi, hal-hazırda ünvan 3 ünvanında və ona yaxın ərazidə yerləşən qeyri-yaşayış sahələrinin 1 kv.m. bazar qiyməti əmlakın təmir və yerləşmə vəziyyətindən asılı olaraq 7000-12000 manat arasında dəyişir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı və bunun əsasında xx.xx.2018-ci il tarixli 3888 nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edildiyindən ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsinin satışından ən azından əldə edə biləcəyi 396.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddiaya etiraz edir və bildirir ki, ünvan 3 ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-314/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3888 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 45000 (qırx beş min) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3/2-14459/2023 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilərək, qeyd edilən vəsaitin tələbkara ödənilməsinə etiraz edilmədiyi bildirilmiş və müvafiq vəsait artıq tələbkara ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən məhkəmə qərarı qanunamüvafiq qaydada icra edilmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla tərəflər üçün heç bir hüquqi nəticə yaratmadığından iddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı ödədiyi vəsait istisna olmaqla hər hansı əlavə vəsaitin ödənilməsi ilə bağlı tələb irəli sürə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakına dair özəlləşdirmənin nəticələri məhkəmə qaydasında ləğv olunduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən özəlləşdirmə ilə əlaqədar ödənilmiş pul vəsaiti Xidmət tərəfindən iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçı formal əsaslardan çıxış edərək ona 396000 (üç yüz doxsan altı min) manat məbləğində əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona maddi zərər vurulduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Qeyd olunanlarla yanaşı bildirilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qanunsuz hərəkətləri nəticəsində ünvan 3 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi üçün 15 iyun 2018-ci il tarixində “SER ELEKTRONİCS MMC” ilə İddiaçı arasında imzalanmış icarə müqaviləsi əsasında əldən çıxmış 54000 (əlli dörd min) manat faydanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 5673/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 484/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5673/2023 saylı 20 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, eyni tələb üzrə iddianın rədd edilməsi barədə artıq qüvvədə olan məhkəmə qərarı mövcud olduğundan, prosessual qanunvericiliyə əsasən hazırkı iddia məhkəmənin icraatına qəbul edilə bilməz. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 7 ünvanında yerləşən 60.8 kv. m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbinə dair son məhkəmə qərarı Ali Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçı uzun müddət ərzində bundan məlumatlı olsa da, qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürməklə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə əldə çıxmış faydanın hesablanmasını təmin etmək üçün ekspertiza təyin etməli və ya mütəxəssis cəlb etməli idi. Eyni zamanda iddiaçı tərəfindən Azərbaycan Respublikası MBA MMC Qiymətlndirmə Şirkətinin 11 iyun 2024-cü il tarixli MB 17/0588 saylı arayışını sübut kimi qəbul etməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən məsələlər araşdırılmamış və lazımi sübutlar əldə edilməmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmədə iddiaçıının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmsil etdiyi şəxsə alqı-satqı müqaviləsi üzrə alınan vəsaitin geri qaytarılmasını, həmin əmlakın bazar dəyərinin artmasını nəzərə alaraq əldə çıxmış fayda hesab etdiyi 396.000 manat pulun cavabdeh təşkilatdan onun xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 19.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Hazırki işdən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 63 kv.m qeyri-yaşayış sahəsinin bugünkü günün bazar qiyməti ilə satışından ən azından əldə edə biləcəyi 396000 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir.

22. Belə ki, iddiaçının mübahisələndirdiyi ünvan 7 ünvanında yerləşən 60.8 kv. m qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 nömrəli sərəncamı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmış, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-314/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3888 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 45000 (qırx beş min) manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi hesab edir ki, hal-hazırda həmin ərazidə yerləşən daşınmaz əmlakın dəyəri 2018-ci ildə olan dəyərdən qat qat yüksəkdir. Təqdim etdiyi mütəxəssis rəyi ilə qeyd olunan daşınmaz əmlakın hazırki, bazar dəyərinin 396.000 manat olması müəyyən olunur.

23. İşin apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğu verilmişdir.

24. Əmlak Məsələləri Dövlət Xidmətinin 05 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" X2 ilə bağlanılmış icarə müqaviləsi xx.xx.2017-ci il tarixindən ləğv edilmişdir. Göndərilmiş cavab məktubdan müəyyən olunur ki, qeyd olunan daşınmaz əmlakla bağlı mövcud olmuş icarə müqaviləsi ləğv edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati hüquq münasibətlərinə mülki qanunvericilikdən irəli gələn əldən çıxmış faydanın hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə tətbiq edilməsi yolverilməzdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, əmlakın dəyərinin yüksəlməsi ilə əmlakın öncəki dəyəri ilə yeni dəyəri arasında yaranmış fərqin əldən çıxmış faydaya aid etməsi düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda şəxsə vurulmuş maddi zərərdən irəli gəlməli və maddi zərər görmüş şəxsin əmlakı əldən çıxmadığı tədqirdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum edilməsi ilə nəticələnməlidir. Buna misal olaraq sahibinə gündəlik gəlir gətirən əmlakın sıradan çıxması ilə gəlirin hamısından və ya müəyyən hissəsindən məhrum olunmasını nümunə gətirmək olar. Hesab olunur ki, bazar iqtisadiyyatının nəticəsi olaraq hər hansı bir əmlakın dəyərinin bahalaşması nəticəsində köhnə dəyər ilə yeni dəyər arasında yaranmış fərqin tələb edilməsi vurulmuş maddi zərərdən deyil ehtimaldan irəli gələn amil kimi dəyərləndirilməlidir. Başqa sözlə desək alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 125 ünvanında yerləşən qeyri-yaşayış sahəsi iddiaçıdan geri alınmasaydı həmin obyektin gələcəkdə hansı qaydada istifadə olunması, hansı məbləğdə gəlir gətirməsi və dəyərinin artıb azalması mücərrəd xarakterlidir.

26. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsinin ləğvi ilə müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə olduğu təqdirdə tərəflər arasında yaranmış münasibətlərə maddi ziyanla deyil, alqı-satqı müqaviləsinin şərtlərinə əməl edilməməsinin nəticələri ilə bağlı Mülki Məcəllədə nəzərdə tutulnuş müddəalara istinad edilməlidir.

27. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfinfən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11832/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar