Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-126/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X21 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili X18, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarından iddiaçılar və cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 21 aprel 2021ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların xüsusi mülkiyyətindədir və onlara Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən MH seriyalı ******* saylı 13.06.2007-ci il tarixli Çıxarış verilmişdir. Çıxarışa əsasən İddiaçı1 - 1/9 hissədə, İddiaçı3 - 1/9 hissədə, İddiaçı2 - 4/9 hissədə, X5 3/9 hissədə payı var. Xüsusi mülkiyyətlərində olan evin yerləşdiyi “Sovetskiy” adlanan ərazi söküntü zonasına düşdüyündən orada söküntü işləri gedir. Onların xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən iddiaçıların razılıqları olmadan, kompensasiya ödənilmədən sökülmüşdür. İşə əlavə olunmuş Qiymətləndirmə cədvəlləri və müqavilələrin surətlərindən görünür ki, ünvan 3 ünvanının faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş «xxxx» MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli, 506- İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla qiymətləndirilmiş, X7 və X19 27.040 manat, X22 və X8 43.182 manat, X1 20.775 manat, X23 59.850 manat, X9 22.960 manat, X2 27.904 manat, X10 26.635 manat, cəmi 228.346 manat məbləğində vəsait hesablanmışdır. Eyni zamanda əlavə olaraq iddiaçılar İddiaçı1 5.628 manat, İddiaçı3 5.628 manat, İddiaçı2 22.504 manat məbləğində vəsait hesablanmışdır. İddiaçılar daşınmaz əmlaka görə onlara təklif olunmuş kompensasiyanın məbləği ilə razılaşmayaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələblərinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılara ünvanlanmış DK-kol-93152 saylı 05.09.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə bağlı məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edilməsi tövsiyə olunur. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hələ ev sökülməmişdən əvvəl dəfələrlə Cavabdehnə kompensasiya ilə bağlı müraciət etmişlər. Cavabdeh Başçısının İ müavini Səməd İslamovun 07.03.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, «Akademik A. Qarayev küçəsi, dalan 1,6 ünvanda yerləşən mənzilin satınalınması zamanı göstərilən məsələ nəzərə alınaraq kommissiyanın iclası zamanı müzakirəyə çıxarılması üçün müraciətin surəti 64 saylı MKİS-nə göndərilmişdir». Lakin dəfələrlə komissiyaya getmələrinə baxmayaraq, onlara kompensasiya ödənilmədi. Məcbur olub təkrarən Cavabdehnə müraciət etmişlər. Cavabdeh inzibati orqanın 25.07.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, «müraciət ilə əlaqədar olaraq bildiririk ki, paylı mülkiyyətçisi olduğunuz Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupunda məlumat mövcud deyildir. Paylı mülkiyyətçisi olduğunuz ünvanın hüquq müəyyənedici sənədlərini ərazi üzrə MKİS-nə təqdim etdikdən sonra sizə kompensasiya ödənilməsi məsələsinə baxılacaq». Göründüyü kimi, Cavabdeh 2 məktubu bir-birinə ziddir. Birinci məktubda göstərilmişdir ki, müraciətin surəti 64 saylı MKİS-nə göndərilmiş, digərində isə göstərilir ki, sənədlər MKİS-nə təqdim edildikdən sonra kompensasiya verilməsi məsələsinə baxılacaq. Bundan sonra iddiaçılar təkrarən 04.09.2018-ci il tarixdə 64 saylı MKİS-nə, Cavabdehnə və Yasamal Rayon MKTB-nə müraciət etmişlər və evə dair çıxarışın notarial təsdiq olunmuş surətini, İcra Hakimiyyətinin bir-birinə ziddiyyətli olan məktubların surətini ərizəyə əlavə edib göndərmişlər. Lakin buna baxmayaraq, heç bir müsbət nəticə əldə etməmişlər. Nəhayət onların razılıqları olmadan xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən kompensasiya verilmədən, iddiaçıların razılığı olmadan sökülmüşdür. Evi onların razılığı olmadan söküləndən sonra görən zaman şok vəziyyətinə düşmüşlər, stress və sarsıntı keçirmişlər. Necə ola bilər ki, dövlət tərəfindən razılıqları olmadan xüsusi mülkiyyətlərində olan ev sökülsün. Bunun nəticəsində iddiaçların mülkiyyət hüquqları pozulmuş və onlara külli miqdarda ziyan dəymişdir. Bununla bağlı Cavabdehnə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciətlər etmişlər, lakin müsbət nəticə əldə olunmamışdır. Maliyyə Nazirliyinin DX-03/05-05-811-4317 saylı 06 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, «5 ailənin üzvləri və ailə başçıları ilə uzun sürən müzakirədən sonra əmlak üçün ümumilikdə hesablanmış kompensasiya məbləğinin bir hissəsi Sizə saxlanılmış və qalan hissəsi isə ərazidə icrası nəzərdə tutulan lahiyənin vaxtında yekunlaşdırılması məqsədi ilə həmin ünvanda uzun müddət faktiki olaraq yaşamış, alınmanın təsirinə məruz qalan digər paylı mülkiyyətçilərə və istifadəçilərə müvafiq sənədlər əsasında notarial qaydada alqı-satqı aparılmaqla ödənilmişdir. Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1, ev 6 ünvanda paylı mülkiyyətinizdə olan sahəni faktiki olaraq həmin ünvanda təqdim edə bilməməyiniz, qeyd olunan ünvandakı yaşayış sahələrində uzun müddət digər payçıların yaşamaları (bu barədə məlumat MKİS-nin məlumatı) nəzərə alınaraq, faktiki olaraq ünvanda yaşayan, həmin ünvanda daşınmaz əmlaka xidmət göstərməklə onun istismara yararlı vəziyyətdə saxlanmasını təmin edən, kommunal xidmət haqlarını ödəyən mülkiyyətçilərlə müqayisədə aşağı qiymətlə hesablanmış kompensasiya məbləği Sizə təklif olunur». Həmin məktubu 12 avqust 2019-cu il tarixdə almışlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi 4 nəfərin adında paylı mülkiyyətdir. Maliyyə Nazirliyinin məktubunda isə göstərilir ki, guya həmin evdə 5 ailə yaşayıb və digər paylı mülkiyyətçilərə kompensasiya ödənilmişdir və guya iddiaçılara az da olsa kompensasiya məbləği saxlanılmışdır. Hesab edirlər ki, həmin məktub formal xarakter daşıyır və imtina kimi qəbul olunmalıdır. Çünki dəfələrlə ev sökülməmişdən əvvəl və söküləndən sonra da “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etmişlər, lakin onlara kompensasiya verilməkdən imtina edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 93- 152 saylı 05 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, «ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyiniz məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyə olunmuşdur». Cavab məktubunu poçt vasitəsi ilə 17 avqust 2019-cu il tarixdə almışlar. Hesab edirlər ki, Cavabdeh məktubu digər məktubları kimi imtina kimi qəbul olunmalıdır, çünki hər dəfə müraciət etdikdə formal cavab məktubu göndərilir. Faktiki olaraq hər dəfə bir bəhanə göstərilir, nəticədə xüsusi mülkiyyətlərində olan evin sökülməsinə baxmayaraq, cavabdeh kompensasiyanı ödəməkdən yayınır. Hazırda xüsusi mülkiyyətlərində olan ev razılıqları olmadan söküldüyündən stress keçirmişlər və böyük sarsıntı içindədilər. Hesab edirlər ki, kompensasiya ilə birlikdə Cavabdeh onlara mənəvi ziyana görə də pul ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1 bəndinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunun tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmçinin iddiaçıların mülkiyyəti olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsinə də kompensasiya ödənilməlidir. Torpaq sahəsinin kompensasiyasına görə hər birinə 50000 manat hesablanmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən ünvan 8 ünvanında yerləşən əmlakın ümumi sahəsi 126.6 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 4/9 hissəsi İddiaçı2, 1/9 hissəsi İddiaçı1 və 1/9 hissəsi İddiaçı3 məxsus olsa da, Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən ünvan 8 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilmiş şəxslərə məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişlər. Bundan başqa, iddiaçılar həmin ünvanda yaşamamışlar. Buna görə də çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr 400 manatdan hesablanmaqla İddiaçı2 22504 manat, İddiaçı1 5628 manat, İddiaçı3 isə 5628 manat kompensasiya məbləği müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər subut təqdim etməmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 8 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Qeyd olunan kompensasiya məbləği iddiaçılara təqdim edilə bilər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı1, 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı3 və 101.487,11 manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda qərardan narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarının dəyişdirilərək, iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5628 manat və İddiaçı3 5628 manat məbləğlərinin ödənilməsi və qərarın qalan hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2ın apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. O, sözegedən mənzilin 4/9 hissəsinin mülkiyyətçisidir. Məhkəmə yaşayış sahəsinin bazar qiymətini ədalətli müəyyən etməmişdir. Bazar qiyməti həmin yaşayış evinin hər kv.m. qiymətinin ən azı 3000 manat olmasıdır. Məhkəmə torpaq sahəsinin də onun mülkiyyətində olmasına münasibət bildirməmişdir. Həmin evin altında yerləşən torpaq sahəsi onun mülkiyyəti hesab olunur. Torpaq sahəsinin kompensasiyası 200000 manat hesablanmalıdır. Hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiyməti ümumi məbləğə əlavə edilməlidir. Onun evi özbaşına olaraq onun razılığı olmadan və kompensasiya ödənilmədən sökülmüş, nəticədə ağır sarsırtılara məruz qalmışdır. Buna görə də ona mənəvi ziyan da ödənilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətilərinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının iddianın təmin olunmadığı hissəsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda qeyd olunur ki, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən mülkiyyətin dövlət ehtiyacları üçün alınması məqsədi ilə hesablanmış kompensasiya məbləği mülkiyyətçilərə ödənilməli idi. Ona görə də mülkiyyətin bazar dəyəri və "Torpaqların dövlət ehtiyyacları üçün alınması haqqında" Qanunla müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla AR Prezidentinin "AR-nın Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə " AR-nın 2007-ci il 07 dekabr tarixli, 506-İ1İQD nömrəli Qanunun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hesablanmış məbləğin— 228346 manatın mülkiyyətdəki paylarına uyğun hissəsi iddiaçılara ödənilməlidir. Buna uyğun olaraq, 25371,77 manat İddiaçı1 (mülkiyyətdəki payı 1/9 hissə), 25371,77 manat İddiaçı3 (mülkiyyətdəki payı 1/9 hissə), 101487,11 manat iddaçı İddiaçı2 (mülkiyyətdəki payı 4/9 hissə) ödənilməlidir. Məhkəmənin bu qənaətə gəlməsinə səbəb cavabdeh tərəfindən təqdim edilmiş “xxxx” MMC-nin rəyi olmuşdur. “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Ümumiyyətlə bu cür qiymətləndirmə ilə razılaşmayaraq onu bildirmək istəyirlər ki, qiymətləndirmənin dövlət tərəfindən deyil, özəl bir məhdud məsuliyyətli cəmiyyət tərəfindən qiymətləndirilməsi təqdirəlayiq hal deyil. Çünki, özəl bir məhdud məsuliyyətli cəmiyyət təbii ki, öz maraqlarını güdərək həmin ərazilərdəki evlərin qiymətlərini çox aşağı məbləğdə qiymətləndirəcəkdir. Halbuki, hamı yaxşı bilir ki, köhnə “Sovetski” adlandırılan ərazi demək olar ki, şəhərin mərkəzinə ən yaxın olan ərazilərdən biridir və həmin ərazidə yerləşən evlərin bir kvadrat metrinə görə dəyəri 1500 manatdan deyil, ən azı 2500 manatdan hesablanmalı idi. Bundan başqa, həmin məhdud məsuliyyətli cəmiyyət hansı əsaslara görə köməkçi sahəni qərarda da qeyd olunduğu kimi hər kvadrat metrinə görə 1500 manatdan deyil, 1200 manatdan hesablayır? Bununla da, məhkəmə bunu araşdırmamış və “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi (və ya edilməmiş) hansı sənədinə istinad edilməsini qərarda qeyd etməmişdir. Halbuki, məhkəmə daha ədalətli davranaraq vətəndaşın mənafeyini gözləməli və dövlət ehtiyaclarını deyil də iddiaçıları düşünərək qərar çıxarmalı idi. Lakin görünən odur ki, məhkəmə həm çıxarışdakı paylara uyğun olaraq düşəcək olan pul məbləğini az hesablamış, həm də əmlak onların xəbəri olmadan söküldüyünə görə pozulmuş mənəvi haqlarını bərpa etməmişdir. Bundan başqa, qərarda qeyd olunur ki, iddiaçılar evin sökülməsinə görə vurulmuş maddi ziyanın digər hissəsi ilə əlaqədar, eləcə də mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Ümumiyyətlə, qərarın bu hissəsi absurd sübuta dayanır. Belə ki, qeyd edilir ki, “mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədilər.” Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa, qərarda qeyd olunur ki, məhkəmə iddia tələbinin evin yerləşdiyi torpaq sahəsinə görə də kompensasiya ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədilər. Əksinə, iş materiallarında olan AR DƏDRX Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların mülkiyyətindədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Halbuki həmin evin altında yerləşən torpaq sahəsi də iddiaçıların mülkiyyəti hesab olunur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Qeyd olunan qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin qərarın İddiaçı1 25.371,77 manat, İddiaçı3 25.371,77 manat və İddiaçı2 101.487,11 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsi hissəsində dəyişdirilməli və iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5.628 manat, İddiaçı3 isə 5.628 manat kompensasiya məbləğlərinin ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2-1 (112)-293/2020 nömrəli qərarından aydın olur ki, məhkəmə tərəfindən iddiaçıların paylarının müəyyən edilməsi üçün iddiaçıların məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı 13.06.2007-ci il tarixli Çıxarışa istinad edilmişdir. Məhkəmə qərarında iddiaçılara ödəniləcək kompensasiya məbləğinin hansı hesablama düsturuna uyğun hesablamalı olduğunu və hansı mötəbər sənədə istinad etdiyini göstərməmişdir. Məhkəmə qanuna zidd özünün formal mülahizələrinə söykənərək belə nəticəyə gəlmişdir ki, əgər həmin ünvanda yerləşən yaşayış sahələrinə görə faktiki istifadə və sahibliklərində olmuş vətəndaşlara ümumi 228346 manat məbləğində kompensasiya ödənilmişdirsə, həmin 228346 manat məbləğində pul iddiaçıların paylarına uyğun bölünərək onlara verilməlidir. Halbuki məhkəmənin bu cür kompensasiya məbləğinin hesablaması qaydası mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarına dair sənədlər üzrə bölgü aparmış, lakin əmlakın mütəxəssis tərəfindən aparılmış qiymətləndilmə rəyinə istinad etməmiş, təqdim edilmiş qiymətləndirməni isə nəzərə almamış, habelə əmlakın faktiki vəziyyətini, ölçülərini, təmir və yararlılıq səviyyəsini, mülkiyyətçilərin həmin əmlak üzərində faktiki sahiblik imkanlarının olubolmadığını araşdırmadan kompensasiya məbləği müəyyən etmişdir. Bundan başqa, qərar qəbul edilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun müsabiqə yolu ilə seçilmiş müstəqil ekspert olan "xxxx” MMC-nin məhkəməyə təqdim edilmiş rəy nəzərə alınmamışdır. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir. Mübahisə predmeti olan ünvanda yerləşən yaşayış sahələrindən faktiki istifadə və sahiblik edən X25, X13, X4, X14, X3 və X11 ilə Cavabdeh arasında müxtəlif tarixlərdə alqı-satqı müqavilələri bağlanılmışdır. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən şəxslər notarial qaydada verdiyi ərizələrində göstərmişdirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi dalan 1 ünvanında yerləşən 6 saylı yaşayış evinə görə digər mülkiyyətçilər tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərlərinə götürürlər (ərizələrin surəti əlavədə təqdim edilir). “xxxx" MMC tərəfindən ünvan 8 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən iddiaçılara məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişdirlər. Yəni, iddiaçıların mülkiyyət hüququ formal xarakter daşıyır. Buna görə də, “xxxx" MMC tərəfindən çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr üçün 400 manatdan hesablanmaqla X12 22.504 manat, İddiaçı1 5.628 manat, İddiaçı3 isə 5.628 manat kompensasiya məbləği müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və iddiaçılara hesablanmış kompensasiya məbləğini əsassız olaraq heç bir sübuta istinad olunmadan, artırmaqla qərar qəbul etmişdir. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Göründüyü kimi, hakim mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan ədalətsiz qərar qəbul etmişdir. "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarının 1-ci hissəsi ilə Bakı şəhərinin ünvan 9 ünvanında yerləşən fərdi yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu"nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşmüşdür. Tərəflərin izahatları: İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun və digər iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, eyni zamanda birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili X26 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun və digər iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, eyni zamanda birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmədiyi hissədə ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X20 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşdə olan Azərbaycan Respublikasının DƏDRX Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də istifadədə olan 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 1/9 hissədə, İddiaçı3 1/9 hissədə, İddiaçı2 4/9 hissədə, X5 3/9 hissədə adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırki işdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 paylı mülkiyyətlərində olan evin onlar məlumatlandırılmadan sökülməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdehndən “fərdi yaşayış evinin sökülməsinə görə həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ilə bağlı, həmçinin mənəvi zərərə görə kompensasiyanın ödənilməsi”ni tələb edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 15.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 246.2-ci maddəsinə əsasən torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Həmin Məcəllənin 246.4-cü maddəsinə əsasən mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.02.2018-ci il tarixli 51 saylı Qərarı ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azrəbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmiş, habelə bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi Bakı şəhəri Cavabdehnə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2018-ci il tarixli 572 saylı qərarı ilə həmin yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması qərara alınmış və alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçiyə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyasını yaratmaq Cavabdehnə tapşırılmışdır. İşdə olan qiymətləndirmə rəylərindən edilən çıxarışlardan və müqavilələrin surətindən görünür ki, ünvan 11 ünvanının faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş «xxxx» MMC tərəfindən, həmin əmlakın 2018-ci ilin iyun ayına olan bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, həmçinin Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26.12.2007ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla qiymətləndirilmiş, X7 və X19 27040 manat, X22 və X8 43182 manat, X1 20775 manat, X23 59850 manat, X9 22960 manat, X2 27904 manat, X10 26635 manat olmaqla, cəmi 228346 manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Həmçinin ünvan 11 ünvanının paylı mülkiyyətçiləri olan İddiaçı2, İddiaçı3 və İddiaçı1 məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsinin hər kv.m. üçün 400 manat olmaqla, İddiaçı2 5628 manat, İddiaçı3 22504 manat və İddiaçı1 5628 manat məbləğində vəsait hesablanmışdır. Hazırki işdən müəyyən olunur ki, “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə sözügedən evin paylı mülkiyyətçiləri olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus hissələrinin hər kv.m.-nin 400 manatdan qiymətləndirilməsinin səbəbi iddiaçıların həmin evdə yaşamaması ilə bağlı olmuşdur. Bu fakt cavabdehin apellyasiya şikayətində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası iş üzrə iddiaçılara məxsus paylı mülkiyyətdə olan evin onlara münasibətdə hər kv.m.-nin müstəqil qiymətləndirici tərəfindən 400 manat qiymətləndirilməsi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıların həmin daşınmaz əmlak üzərində paylı mülkiyyət hüquqları olsa da, onların həmin evdə yaşamaması qanunla qorunan mülkiyyət hüquqlarının digər mülkiyyətçilərlə müqayisədə daha az müdafiə olunmalı və ya həmin daşınmaz əmlaka görə ödənilməli olan kompensasiyanın məbləğinin daha az ödənilməli olması mənasına gəlmir. Belə ki, bu mənada mülki qanunvericilik mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı fərqli qaydalar müəyyən etməmiş, həmçinin ödənilməli olan kompensasiya məbləğinin hər mülkiyyətçiyə münasibətdə fərqli olması ilə bağlı qanunvericilikdə hər hansı müddəa da əks olunmamışdır. Buna görə də Kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi “qiymətləndirmə rəyində olan məbləğin kompensasiya kimi ödənilməsinin məqsədəmüvafiqliyi, iddiaçılara məxsus yaşayış sahələrinin mövcud olmaması, iddiaçıların onlara aid sahəni göstərə bilməməsi, yəni, iddiaçıların mülkiyyət hüququnun formal xarakter daşıması” barədə dəlillərini əsassız sayır. İddiaçılar isə onlara cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan rəy əsasında hesablanmış kompensasiya ilə razılaşmayaraq və ümumiyyətlə paylı mülkiyyətlərində olan evin onlar məlumatlandırılmadan sökülməsi ilə bağlı müvafiq məbləğdə kompensasiyanın ödənilməsi barədə müraciət etsələr də, cavabdeh tərəfindən tələbləri təmin olunmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mülkiyyətin bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 506-İİİQD nömrəli 2007-ci il 07 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələri nəzərə alaraq iddianın qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı1, 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı3 və 101.487,11 manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin iddiaçılara mübahisəli evin sökülməsinə görə vurulmuş maddi ziyanın digər hissəsi, eləcə də mənəvi ziyanın vurulması, həmçinin qeyd olunan torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək hesab etmişdir ki, iddia tələbləri həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddiaçılara ödənilməli olan kompensasiyanın məbləğini müəyyən edərkən cavabdeh tərəfindən qeyd olunan ünvanda faktiki olaraq yaşayan digər şəxslərə kompensasiyanın ödənilməsini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, mülkiyyətin dövlət ehtiyacları üçün alınması məqsədi ilə hesablanmış kompensasiya məbləği mülkiyyətçilərə ödənilməli idi. Ona görə də məhkəmə mülkiyyətin bazar dəyəri və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 506- İİİQD nömrəli 2007-ci il 07 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hesablanmış məbləğin- 228346 manatın mülkiyyətdəki paylarına uyğun hissəsinin, yəni İddiaçı1 mülkiyyətindəki payı 1/9 hissə nəzərə alınmaqla 25371,77 manat, İddiaçı3 mülkiyyətindəki 1/9 hissə nəzərə alınmaqla 25371,77 manat və İddiaçı2 mülkiyyətindəki 4/9 hissə nəzərə alınmaqla 101487,11 manat məbləğində kompensasiyanın ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların onlara paylı mülkiyyət hüququ ilə məxsus olan evin sökülməsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməsi barədə tələbinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, məhkəmə həmin kompensasiyanın miqdarı ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2018-ci il tarixli 572 saylı qərarı ilə Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən edilmiş evin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılara məxsus sahələrə görə kompensasiya hesabladığı zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.-ni 1500 manatdan hesablanması üsulunu tətbiq etməli idi (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.09.2019-cu il tarixli 2-1(102)-2348/2019 saylı qərarında kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). Əksinə, məhkəmə kompensasiya hesablayan zaman qanunvericilikdə nəzərdə tutulmayan və heç bir məhkəmə təcrübəsinə əsaslanmayan metodla kompensasiya məbləği müəyyən etmişdir. Odur ki, bu barədə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlili Kollegiya əsaslı hesab edir. Məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən sökülmüş fərdi yaşayış evinin əsas və köməkçi sahələri üçün hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin də ehtiva olunduğunu nəzərə alaraq hesab edir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu Ak.A.Qarayev küçəsi dalan-1-də istifadədə olan 0,0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 8 otaqlı 82,7 kv.m. yaşayış, 56,3 kv.m. köməkçi sahədən ibarət olmaqla, cəmi 139 kv.m.-dən ibarət 6 nömrəli fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi, yəni İddiaçı1 mülkiyyətindəki payının 1/9 hissə (139 : 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23166 manat (15,4 kv.m. x 1500 manat = 23166 manat), İddiaçı3 mülkiyyətindəki payının 1/9 hissə (139 : 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23166 manat (15,4 kv.m. x 1500 manat = 23166 manat) və İddiaçı2 mülkiyyətindəki payının 4/9 hissə (139 : 9 x 4 = 61,7 kv.m.) olması nəzərə alınmaqla 92666 manat (61,7 kv.m. x 1500 manat = 92666 manat) kompensasiya ödənilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçıların xeyrinə kompensasiya məbləğlərinin tutulduğu hissədə dəyişdirilərək, İddiaçı1 ödənilməli olan kompensasiyanın məbləği 23166 manat, İddiaçı3 ödənilməli olan kompensasiyanın məbləği 23166 manat, İddiaçı2 ödənilməli olan kompensasiyanın məbləği isə 92666 manat müəyyən edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçıların sökülmüş fərdi yaşayış evinin söküntüsü ilə bağlı daha çox kompensasiyanın onlara ödənilməli olması barədə dəlillərini əsassız sayır və onları qəbul etmir. İddiaçıların “mübahisəli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya” tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması faktı iş materialları ilə təsdiq olunmadığından və bu barədə iddiaçılar mötəbər sübut təqdim etmədikləri üçün əksinə, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda mübahisəli evin 0,0213 ha istifadədə olan torpaq sahəsində yerləşdiyi göstərildiyindən birinci instansiya məhkəməsi həmin tələbi rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçıların “mənəvi zərərin ödənilməsi” barədə tələbinə gəldikdə isə birinci instansiya məhkəməsinin həmin tələbin də rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3456/2018 saylı 02.05.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 1/9 hissəsinə, İddiaçı2 isə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-180/2019 saylı 11.04.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 4/9 hissəsinə köçürülmüşdür. Hazırki iş üzrə iddiaçılar mübahisəli evin sökülməsi zamanı həmin evdə yaşamalarını, gündəlik və yaşamaq üçün zəruri olan əşyalarının orada olmasını təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədikləri üçün bu hal söküntü işlərinin aparılması zamanı onların mənəvi sarsıntı və iztirab çəkmələri ilə bağlı mənəvi ziyan tələbinin təmin olunmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarı iddiaçılara kompensasiya məbləğlərinin ödənilməsi hissəsində dəyişdirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarı cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kompensasiya məbləğlərinin ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən 23166 manat məbləğində pul alınaraq İddiaçı1, 23166 manat məbləğində pul alınaraq İddiaçı3 və 92666 manat məbləğində pul alınaraq İddiaçı2 ödənilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-126/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-126/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver