Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-126/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan ölçünün tərtib olunması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X10-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X18 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan ölçünün tərtib olunması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" ASC-nın 2 saylı 01.02.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.10.1974-ci ildə Zavoda daxil olmuş və hazırda qaynaq sexində dispetçer vəzifəsində çalışır. “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan çıxarışa əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 322, 324 saylı bağ sahəsinin zavodun işçisi İddiaçı daimi istifadə üçün verilməsi qərara alınmışdır. “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş 277 saylı bağçının üzvlük kitabçası və torpaq sahəsinin planına görə İddiaçı 2000-ci ildə həmin cəmiyyətə üzv qəbul edilmiş və 34 saylı 26.10.2000-ci il tarixli protokola əsasən 17-ci cənub küçəsində yerləşən sahəsi 1200 kv.m olan 322, 324 saylı bağ sahəsi onun daimi istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 322 və 324 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********60 saylı 02.03.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında onun adı aşkar olunmamış və “322”, “324” bağ nömrəsi eyni bağçılıqla digər fiziki şəxs müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Eyni zamanda sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla bağlı Azərbaycan Respublikası “Azəriqaz” İB tərəfindən məktub təqdim olunması zəruridir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “324 saylı bağ sahəninin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə sonasına düşməyən 437 kv.m hissəsinə dair plan ölçünün tərtib olunması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1974-cü ildən işlədiyi Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə üzv olmaq istəyən şəxslərin 188 nəfərdən ibarət olan siyahısı Bakı şəhəri X11 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarına əsasən təsdiq edilmiş və Bakı şəhərinin Dübəndi bağ massivi ərazisində iddiaçıya bağ sahəsi ayrılmışdır. Bakı “Avtomobil” zavodunun nəzdində yaradılmış “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi yığıncağının 26 oktyabr 2000-ci il tarixli 34 nömrəli protokoluna əsasən Bakı şəhəri, Dübəndi bağ sahəsi ərazisində yerləşən 17-ci Cənub küçəsində boş qalmış və məişət tullantıları üçün nəzərdə tutulmuş və hər birinin sahəsi 6 sot olmaqla 322 nömrəli və 324 nömrəli bağ sahələri onun daimi istifadəsinə verilmiş və bu barədə adına 277 nömrəli üzvlük kitabçası verilmişdir. Faktiki istifadəsində olan bağ sahəsinə dair onun adına torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi və çıxarışın verilməsi barədə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh tərəfindən həmin müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi sözügedən bağ sahələrinə dair digər şəxslərin müraciətinin daxil olması, İdarəyə təqdim olunmuş “Avtomobilçi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması, torpaq sahəsinin ona aid ayrıc aktından kənarda yerləşməsi, eyni hasar daxilində olması, yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi göstərilmişdir. İddiaçı qeyd edir ki, ona ayrılmış bağ sahələri ayrıc aktının daxilindədir, qaz xəttinin mühafizə zolağından aralıda yerləşir və həmin bağ sahələrinə dair hüquqlar digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz İddiaçı Bakı şəhəri, Pirallahı rayonunun Dübəndi bağ massivində yerləşən 17-ci cənub küçəsində hər birinin sahəsi 600 kv.metr olan 322 və 324 №-li bağ sahələrinə dair plan və ölçüsünün tərtib olunması, bağ sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin İdarəyə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və “322”, “324” bağ nömrəsi ilə eyni bağçılıqda digər fiziki şəxs müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir. Eyni zamanda bildilmişdir ki, sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Bununla bağlı Azərbaycan Respublikası “Azərıqaz” İB tərəfindən məktub təqdim olunması zəruridir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********60 saylı 02.03.2018-ci il tarixli məktubda münasibət bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan əlavə “322” və “324” saylı bağ nömrəsi eyni bağçılıqla digər şəxslər X3 və X5 müraciəti olmuşdur. İddiaçı tərəfindən naturada göstərilən sahə sözügedən bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir və həmin ərazidə iki bağ sahəsi bir hasar daxilində yerləşir, ara mərz nişanları şərtidir, həmçinin sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin müfahizə zolağında yerləşir. Birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları 3-cü şəxs qismində cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin düzgün və ədalətli araşdırılması məsədilə Bakı şəhər İcra Hakimiyyəti, Pirallahı rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti, X1 Təşkili üzrə Dövlət Agentliyi, "xxxx"ın Neft Kəmərləri İdarəsi, X8, X13 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməli, iş üzrə ilkin ekspertiza düzgün keçirilmədiyindən təkrar ekspertiza təyin edilməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X23 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 02.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxs X22 məhkəmə iclasında nümayəndəsinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «ünvan tam deyil» səbəbindən geri qaytarıldığı üçün digər 3-cü şəxs X14 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin, 3-cü şəxslər X15 və X6 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 13.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, iddiaçının göstərdiyi ərazi ilə bağlı X13 və X8 tərəfindən cavabdeh inzibati orqana müraciət edildiyini, lakin X3 müraciətinin skanlaşdırılmasının vaxtında aparılmaması səbəbindən sözügedən şəxsin müraciətinin məhkəməyə təqdim etmək imkanının olmadığını, həmin şəxslərin də müraciətlərinin təmin olunmasından imtina edildiyini, baza məlumatlarının yoxlanılması zamanı sözügedən ərazinin mühafizə zolağına düşdüyünün müəyən edildiyini, həmçinin bu barədə SOCAR-ın məktubunun olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 02.03.2018-ci il tarixdir. Lakin sözügedən imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 01.11.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “26.10.2000-ci il tarixli protokola əsasən onun daimi istifadəsinə verilmiş Bakı şəhərinin Dübəndi bağ sahəsində yerləşən 324 saylı bağ sahəninin ərazidən keçən yüksək təzyiqli qaz kəmərinin mühafizə sonasına düşməyən 437 kv.m. hissəsinə dair plan ölçünün tərtib olunması və çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun təqdim etdiyi sənədlərin surət olması, onun adının sözügedən bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmaması, həmin ərazi ilə bağlı başqa şəxslərin də müraciət etdikləri, sözügedən ərazinin yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hazırkı işin halları üzrə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 17-ci Cənub küçəsindəki 324 saylı bağ sahəsinin 437 kv.metr hissəsinə dair plan və ölçünün tərtib olunmasından və çıxarışın verilməsindən imtina olunması üçün əsasların mövcud olmamasına, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillərin məhkəmə araşdırılması zamanı öz təsdqini tapmamasına, eləcə də cavabdeh tərəfindən iddiaçıya verilmiş sənədlərin qeyrimötəbərliyi barədə hər hansı sübutun təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə iddiaçı plan- ölçü və çxarış verilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd qismində “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan çıxarışı (i.v. 40), üzvlük kitabçasını (i.v. 41) və torpaq sahəsinin planını (i.v. 42) təqdim etmişdir. Adı çəkilən protokoldan çıxarışa (i.v. 40) əsasən “Avtomobilçi” bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17-ci cənub küçəsi 322, 324 saylı bağ sahəsinin zavodun işçisi İddiaçı daimi istifadə üçün verilməsi qərara alınmışdır. Bununla bağlı “Avtomobilçi” Bağçılıq Cəmiyyəti tərəfindən iddiaçıya 277 saylı bağçının üzvlük kitabçası da təqdim olunmuşdur. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh inzibati orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq (i.v. 111) bildirilmişdi ki, “Avtomobilçi” X12 nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 17-ci Cənub küçəsi, 322 və 324 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı, X7 və X15 müxtəlif vaxtlarda 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdilər. Həmin sorğuya cavab məktubuna bir sıra sənədlər də əlavə olunmuşdur. Digər tərəfdən, məhkəmə sorğusuna əsasən birinci instansiya məhkəməsinə "xxxx" ASC tərəfindən təqdim olunmuş cavab məktubu və həmin məktuba əlavə olunmuş sənədlərdən, o cümlədən “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan (i.v.145) görünür ki, Əzizbəyov rayonu Dübəndi baş massivində zavod işçiləri üçün ayrılmış bağ sahələrinin əksəriyyətinin sahibləri Respublikadan köçüb getmiş və zavod məhsul istehsalını dayandırdığı üçün işçilərin əksəriyyəti zavoddan çıxıb gediblər. Onlara məxsus bağ sahələri istifadəsiz qalmışdır. Bəzi işçilərin isə öz bağ sahələrini ərizələrinə əsasən başqa zavod işçilərinə vermək istəyirlər. X19 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin sahibi öz bağ sahəsini zavodun işçisi İddiaçı vermək istəyir. Odur ki, qeyd olunan protokoldan çıxarışa əsasən X19 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. Göründüyü kimi, iddiaçının plan-ölçü və çıxarış verilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı iş materiallarında “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı 26.10.2000-ci il tarixli iki protokoldan çıxarışı mövcuddur. Onlardan birində (i.v. 40) iddiaçıya daimi istifadə üçün 322, 324 saylı bağ sahələrinin 17-ci Cənub küçəsində məişət avadanlıqları üçün boş saxlanılmış ərazidən ayrıldığı, digərində isə (i.v.145) 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin onun sahibi olan X22 tərəfindən iradə ifadəsinə əsasən İddiaçı verildiyi qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, 322, 324 saylı bağ sahələrinin 17-ci Cənub küçəsində məişət avadanlıqları üçün boş saxlanılmış ərazidən ayrılması ilə bağlı “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan çıxarışı işdə mövcud olsa da, həmin protokola əsasən cəmiyyət üzvlərinin siyahısı məhkəmə sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim olunmamışdır. Belə ki, bu barədə sorğuya cavab olaraq yalnız Cəmiyyətin 17.02.1988-ci il tarixli 2 saylı protokolu və həmin protokola əsasən cəmiyyət üzvlərinin siyahısı təqdim olunmuşdur. Yəni, adı çəkilən 34 saylı 26.10.2000-ci il tarixli protokolla bağlı cəmiyyət üzvlərinin siyahısı məhkəməyə təqdim olunmamışdır (cavabdeh iddiaçının adının protokol siyahısında olmadığına istinad edir). Cəmiyyətin 17.02.1988-ci il tarixli 2 saylı protokolu və onun tərkib hissəsi olan siyahıda isə (96-cı sırada, i.v.116) Oruc Səmədovun adı qeyd olunmuşdur. Həmin Protokoldan görünür ki, (i.v. 120) Oruc Səmədova verilmiş bağ sahəsi 15-ci Cənub küçəsində 326 saylı bağ sahəsi olmuşdur. Belə olan halda Oruc Səmədov ona aid olmayan 17-ci Cənub küçəsində yerləşən 322 və 324 nömrəli bağ sahələrini İddiaçı vermək səlahiyyətində ola bilməzdi. Bu hal “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolu (i.v.145) ilə X19 məxsus 17-ci Cənub küçəsi 322/324 saylı bağ sahəsinin İddiaçı verilməsini də qeyri-mümkün edir. Beləliklə, iddiaçının bağ sahəsi üzərində hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi 322, 324 saylı bağ sahələrinin 17-ci Cənub küçəsində məişət avadanlıqları üçün boş saxlanılmış ərazidən ayrılması ilə bağlı “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan çıxarışı (i.v. 40) həmin protokolla bağlı Cəmiyyət üzvlərinin siyahısı təqdim olunmadığından və belə siyahıda iddiaçının adının olması qeyri-mümkün olduğu səbəbindən, digər- 34 saylı 26.10.2000-ci il tarixli protokoldan çıxarışı (i.v.145) isə Oruc Səmədovun 17-ci Cənub küçəsində yerləşən 322 və 324 nömrəli bağ sahələrini İddiaçı vermək səlahiyyətində olmadığı (belə ki, 17.02.1988-ci il tarixli 2 saylı protokol və onun siyahısına görə Oruc Səmədova 15-ci Cənub küçəsində 326 saylı bağ sahəsi məxsus olmuşdur) səbəbindən məhkəmə kollegiyası iddia olunan torpaq sahəsi ilə bağlı plan-ölçü və reyestrdən çıxarış verilməsi üçün hüquqmüəyyənedici sənədlər qismində qəbul etmir. Qeyd olunması zəruridir ki, Mülki Məcəllənin 139-1.1.7-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddələrinə əsasən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırki işdən isə iddiaçının plan- ölçü və reyestrdən çıxarış tələb etdiyi torpaq sahəsi ilə bağlı təqdim etdiyi bağçılıq bostançılıq cəmiyyətinin protokolundan çıxarışın (hətta hər iki protokoldan çıxarışın) və üzvlük kitabçasının həmin cəmiyyətin üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən olunmur. Digər tərəfdən, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********60 saylı 02.03.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “322”, “324” bağ nömrəsi ilə bağlı eyni bağçılıqla digər fiziki şəxs müraciət etmişdir, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir və iki bağ sahəsi bir hasar daxilindədir, ara mərz nişanları şərtidir, sözügedən ərazi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********96 saylı 21.07.2020-ci il tarixli məktubunda qeyd olunan “Avtomobilçi” X12 nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində yerləşən 17-ci cənub küçəsi, 322 və 324 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X7 da müraciət etməsi ilə bağlı Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərə, o cümlədən “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin 34 saylı 26.10.2000-ci il tarixli protokolundan çıxarışa əsasən məişət avadanlıqları üçün boş saxlanılmış 17-ci cənub küçəsi 322, 324 saylı bağ sahəsinin X9 daimi istifadə üçün verilməsi qərara alınmışdır. Bu barədə X9 da iddiaçıya olduğu kimi eyni saylı- 277 saylı üzvlük kitabçası verilmişdir. X2 322 və 324 saylı bağl sahələrinə dair ona plan sxem və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana ünvanladığı müraciətində həmin bağ sahələrinin 16-cı Cənub küçəsində yerləşdiyini göstərmişdir. Qeyd olunan hal ilə bağlı Kollegiya cavabdehin imtina əsaslarından biri kimi qeyd etdiyi- mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsi üçün X5 da müraciətinin olması ilə bağlı əlavə araşdırma aparılmasına zərurətin olmadığını hesab edir. Bundan əlavə, "xxxx" Dövlət Neft Şirkətinin **********60040033B00155 saylı 30.03.2018-ci il tarixli məktubundan görünür ki, qeyd edilmiş torpaq sahəsi SOCAR-ın “Qaz İxrac” idarəsinin Abşeron Magistral X21 istismarında olan “Pirallahı-Qala” qaz kəmərindən (0325 mm, yerüstü) 0,4 metr məsafədə mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ərafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndi ilə boru-kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmışdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. "xxxx" Dövlət Neft Şirkətinin **********30480092X00012 saylı 13.09.2019-cu il tarixli məktubundan görünür ki, 322 saylı bağ sahəsi tam olaraq (31 metr məsafədə), 324 saylı bağ sahəsinin UTM WGS 84 koordinat sistemində aşağıda göstərilən X: 440026.00, 440034.38, 440084.22, 440074.00, Y: 4473634.00, 4473649.38, 4473617.80, 4473601.00 koordinatlar daxilində olan 1088 kv.m. hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X21 (MQKS) istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli qaz kəmərinin (0325 mm, yerüstü) mühafizə zonası daxilində, aşağıda göstərilən X: 440034.38, 440038.00, 440088.00, 440084.22, Y: 4473649.38, 4473656.00, 4473624.00, 4473617.80 koordinatlar daxilində olan 437 kv.m. hissəsi isə qeyd olunan kəmərin mühafizə zonası xaricində yerləşir. Məlumat üçün bildirilmişdir ki, Pirallahı və Xəzər rayonlarının bir hissəsinin əhalisini, sənaye obyektlərini təbii qazla təmin edən “Pirallahı-Qala” yüksək təzyiqli qaz kəməri 1949-cu ildə istismara buraxılmış, 2013-cü ildən Abşeron MQKS-nin balansına verilmiş və həmin tarixdən bu günə kimi kəmərin bağ sahələrinə yaxın olan hissəsində hər hansı bir rekonstruksiya işləri aparılmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7.-ci bəndi ilə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir, belə ki, boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göründüyü kimi, qaz kəməri daha əvvəl çəkilmiş və müvafiq qurum tərəfindən iddiaçıya bağ sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Belə olan halda, müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həm kəmərin istismarının, həm də həmin ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin olunması məqsədilə iddianın rədd olunması xahiş edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə ünvanlanmış **********30490075X00730 №-li 13.09.2019-cu il tarixli məktubdan görünür ki, Pirallahı rayonu, Dübəndi bağ massifi, 17-ci Cənub küçəsində yerləşən 322 və 324 nömrəli torpaq sahələrinin ərazisindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətləri keçmir, qurğular mövcud deyil və sahə qaz xəttinin mühafizə zonasında yerləşmir. Qeyd olunan torpaq sahələrinin hasarından 0,5 metr məsafədən keçən D=325 mm-lik yüksək təzyiqli qaz kəməri Qaz İxrac İdarəsinə məxsusdur. İşin apellyasiya baxışı zamanı İddiaçı çıxarış verilməsini tələb etdiyi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 324 saylı bağ sahəsinin “Avtomobilçi” bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda yerləşməsini özündə əks etdirən sənədlər cavabdeh inzibati orqandan tələb olunmuşdur. Həmin məhkəmə sorğusuna əsasən 23.11.2021-ci il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məktubla cavab verilərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 322 və 324 saylı bağ sahəsinin “Avtomobilçi” bağçılıqbostançılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənarda və yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşməsini əks etdirən ortofotoplan təqdim olunmuşdur. Sözügedən ortofotoplandan açıq-aydın görünür ki, mübahisəli bağ sahəsi bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyəti üçün ayrılmış ərazidən kənarda, yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşir. Bu baxımdan iddiaçının plan-ölçü və çıxarış verilməsini tələb etdiyi 324 saylı bağ sahəsinin çox hissəsi yüksək təzyiqli qaz xəttinin mühafizə zonasında yerləşdiyi üçün iddiaçı tələbini dəyişdirərək mühafizə zonasına düşməyən 437 kv.m. hissəsinə plan ölçü və çıxarış verilməsini tələb etmişdir. Bu barədə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, rəsmiləşdirilməsi tələb olunan torpaq sahəsi bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyəti üçün ayrılmış ərazidən kənarda yerləşməklə yanaşı, həmin sahənin vaxtilə bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyəti üçün yüksək təzyiqli qaz xəttinin mühafizə zonasına düşən hissədən ayrılması absurddur. Göründüyü kimi, hazırki işdə iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas verən lazımi hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından və bununla bağlı olan hallar sübuta yetirilmədiyindən tələb olunan inzibati aktın verilməsi üçün şərtlər də tam ödənilməmiş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına da səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi Bakı şəhər İcra Hakimiyyətinin, Pirallahı rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin, X1 Təşkili üzrə Dövlət Agentliyinin, "xxxx"ın Neft Kəmərləri İdarəsinin, X3 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələri, həmçinin iş üzrə təkrar ekspertiza keçirilməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, həmin dəlillər cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68/2021 saylı 11 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-126/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-126/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver