Məhkəmə qərarları › İş №2-1(103)-126/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-126/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-126/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Azərelektromaş” EİB-nin tərəfindən İddiaçı verilmiş xx.xx.1990-cı il tarixli üzvlük kitabçasının surətindən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvü olan iddiaçıya Nardaran-Ləiş qəsəbəsi ərazisində 34 saylı sahədə 0.05 ha torpaq sahəsi ayrılmışdır. “Azelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli 02 saylı protokoldan çıxarışından görünür ki, “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının sədri M.N.Mürsəlovun birliyin işçilərinə Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarı ilə Nardaran-Ləiş kəndində, “Azərelektromaş’' bağçılıq yoldaşlığının 102 üzvünə 5.96 ha torpaq sahəsi ayrılmışdır. Protokolda “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağ sahəsi ayrılması ilə bağlı Bakı şəhəri X9 İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/255 saylı qərarına istinad edilmişdir. Həmin qərar və “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığının 102 nəfər üzvünə bağçılıq və bostançılıq sahəsindən torpaq sahəsi ayrılmış işçilərin siyahısı əldə edilmişdir. Həmin siyahı üzrə 93 sıra nömrəsi ilə qeyd edilmiş şəxs olan iddiaçıya 34 saylı bağ sahəsi ayrılmışdır. “Azərelektromaş” EİB-nin Bağçılıq yoldaşlığı təsərrüfatının torpaq sahəsinin payçılar arasında bölüşdürmə sxemindən müəyyən olunur ki, Nardaran-Ləiş kəndində 34 saylı bağ sahəsi mövcuddur. İddiaçı qeyd olunan sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli vətəndaşların müraciətindən imtina edilməsi barədə bildiriş məktubundan müəyyən olunur ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan 34 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-65/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərelektromaş” X1 Yoldaşlığı tərəfindən iddiaçıya, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən 5,96 ha torpaq sahəsindən ibarət olan 34 saylı bağ sahəsi ayrılmışdır. Bu barədə “Azərelektromaş” EİB-nin Bağçılıq Yoldaşlığının iclasının protokolundan xx.xx.1990-cı il tarixli çıxarışı da mövcuddur (sözügedən çıxarışın surəti iddia ərizəsinə əlavə edilir). Ona ayrılmış sözügedən torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sözügedən qurumdan ona xx.xx.2020-ci il tarixli imtina məktubu verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı verilmiş, “Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşir. Həmçinin sözügedən bağ sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş ərazi daxilində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən bir neçə dəfə texniki baxış keçirilməsinə baxmayaraq hasara alınmış ümumi ərazinin daxili hissəsinə baxış keçirmək mümkün olmamışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cı il tarixli, 2-1(112)-70/2023 nömrəli qərarının ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh qurumun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək ona istinad etmişdi ki, iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin harada yerləşdiyini konkret göstərə bilmir, belə ki, həmin torpaq sahəsinin məhz "xxxx" MMC-nin icarə hüquqlarının qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində olduğu halda belə onun tələbinin təmin olunması qeyri- mümkündür. Belə ki, MMC tərəfindən onun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində artıq qeydiyyatdan keçmişdir. Belə olan halda MMC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi ““Azərelektromaş” EİB-nin xx.xx.1990-cı il tarixli Bağçılıq Yoldaşlığının iclasının protokolundan çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən ölçüsü 0,05 ha olan 34 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqan tərəfindən “sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerinin müəyyən edilməməsi” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, iddiaçının adı torpaq sahəsi ayrılan “Azərelektromaş” bağçılıq yoldaşlığının siyahısında var və ona 34 nömrəli bağ sahəsi ayrılmışdır. Həmçinin məhkəmə sorğusuna əsasən cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli məktubda “Azərelektromaş” bağçılıq yoldaşlıq birliyinin üzvlük siyahısında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 33 nömrəli bağ sahəsinin Babaşova Tərgül Eyyub qızına, 35 nömrəli bağ sahəsinin X4 ayrılmasına dair məlumatın olduğu, lakin sözügedən bağ sahələrinə dair sənəd İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Qeyd edilmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Sorğuya cavab olaraq cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Azərelektromaş’’ bağçılıq yoldaşlıq birliyinə dair arxiv qovluğunda birliyin üzvlərinə ayrılmış torpaq sahəsinə dair sxematik xəritə (bölgü sxemi) aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh qurumun təqdim etdiyi mütəxəssis rəyində “Azərelektromaş” X1 Yoldaşlığının nəzdində olan “34” saylı bağ sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən bir neçə bağ sahəsi ilə birlikdə digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmış ümumi ərazinin daxilində yerləşdiyi qeyd edilmişdir. “Azərelektromaş” X1 Yoldaşlığına dair İdarənin arxiv qovluğunda yerləşmə sxemi aşkar olunmamışdır. Bu səbəbdən də İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş bağ massivi ünvanında yerləşən 34 saylı bağ sahəsinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən rəydə qeyd edilən digər şəxs barədə məlumat, həmçinin mişar daşı ilə hasara alınmış əraziyə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq elektron baza məlumatlarına əsasən göstərilən hasar daxilindəki ərazinin kimin istifadəsində olması barədə məlumat aşkar edilmədiyindən məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina əsası kimi “sözügedən bağ sahəsinin bir neçə bağ sahələri ilə birlikdə digər fiziki şəxslər tərəfindən hasarlanmış ümumi ərazinin daxilində yerləşdiyindən dəqiq yerinin müəyyən edilməməsi”ni bildirsə də, apellyasiya şikayətində sözügedən bağ sahəsinin "xxxx" MMCnin icarəsinə verilmiş ərazi daxilində yerləşdiyini göstərmişdir. Apellyasiya baxışı zamanı məlum olmuşdu ki, 680458 saylı xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, şimal hissəsində yerləşən 168,94 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə 4284 nömrəli xx.xx.2023-cü il tarixli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verlməsi barədə müqaviləyə əsasən “Dövlət” tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2381/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC hazırki iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədləri təqdim etsə də, həmin torpaq sahəsinin konkret olaraq harada yerləşdiyini göstərə bilməmiş, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən də həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Hazırki vəziyyətdə isə iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumilikdə 3-cü şəxs "xxxx" MMC-nin adına icarə hüquqlarının qeydiyyata alındığı torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən olunur. Belə olan halda 3-cü şəxsin adına icarə hüquqlarının qeydiyyatı ilə bağlı müvafiq sənəd (reyestrdən çıxarış) hal-hazırda qüvvədə olduğundan, ləğv və ya etibarsız sayılmadığından bu hal həmin torpaq sahəsi üzərində həm də iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını mümkünsüz edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-70/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar