Məhkəmə qərarları › İş №2-1(103)-1260/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1260/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1260/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi Əliyeva Göyçəkxanım İsa qızının, ərizəçinin vəkili X4 iştirakı ilə, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirkı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra mətndə AR SvəHXÇ DX) Bakı şəhəri Yasamal rayon İdarəsinə və üçüncü şəxs AR SvəHXÇ DX-nə qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinədair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-3487/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və AR SvəHXÇ DX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid statusunun və iddiaçıya şəhid ailəsi statusunun verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər siyahısından çıxarılmaqla, ilk cavabdeh olan AR SvəHXÇ DX-nin əsl cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsi ilə əvəz edilməklə, AR SvəHXÇ DX-nin prossesual statusunun dəyişdirilərək 3-cü şəxs qismində işə cəlb edilməsi, eyni zamanda iş üzrə məhkəmədən mərhum X1 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx.xx.2015-ci il tarixdə vəfatı tlə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın həyat yoldaşı İddiaçı verilməsi vəzifəsinin cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər siyahısından çıxarılmış, ilk cavabdeh AR SvəHXÇ DX əsl cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsi ilə əvəz edilmiş, iş üzrə AR SvəHXÇ DX prossesual statusu cavabdehdən 3-cü şəxsə dəyişdirilmişdir. İş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə «mərhum X1 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx.xx.2015-ci il tarixdə vəfatı ilə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın həyat yoldaşı İddiaçı verilməsi vəzifəsinin cavabdeh AR SvəHXÇ DX Bakı şəhəri Yasamal rayon İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi» kimi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3487/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, mərhum X1 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx xxxx 2015-ci il tarixdə İmişli rayonu Bəhrəmtəpə kəndində vəfat etməsi ilə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2753/2018 saylı qərarı ilə cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsi apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3487/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3487/2018 saylı qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinin 343 saylı xx.xx.2019-cu il tarixli məktubuna əsasən, məhkəmənin qüvvədə qalmış qərarı icra edilmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal Rayon İdarəsinə qarşı «mərhum X1 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində xx.xx.2015-ci il tarixdə vəfatı ilə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın həyat yoldaşı İddiaçı verilməsi vəzifəsinin cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə Əmək və X6 Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi maraqlı tərəf olsa da məhkəmə tərəfindən işə cəlb edilməmişdir. Hazırki iş üzrə məhkəmə qərarı onlar tərəfindən rəsmi qaydada əldə edilməmişdir. Məhkəmə qərarının onlara rəsmi qaydada təqdim edilməsi barədə məhkəməyə müraciət etmişlər. Qərardan qeyri-rəsmi qaydada xəbər tutmuşlar. Bu qərar onların hüquq və maraqlarına toxunur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və X6 Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edlmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalan»nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, həmçinin, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarmda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Lakin müxtəlif instansiya məhkəmələrində bu tipli işlərə baxılarkən kifayət qədər əsaslı dəlillər təqdim edilməsinə baxmayaraq, qanunvericiliyin tələbləri nəzərə alınmamaqla, fərqli yanaşma sərgilənir ki, bu da başqa səbəblərdən vəfat etmiş əlilliyi olan şəxslərə şəhid adının verilməsi və hüququ olmayan şəxslərə şəhid ailəsi statusunun bərpa edilməsi ilə nəticələnir. İddiaçının həyat yoldaşı mərhum X5 1994-cü il 10 iyun tarixində Azərbaycan Respublikasnın Müdafiə Nazirliyinin müvafiq əmri ilə xəstəliyi ilə əlaqədar ordu sıralarından tərxis olunmuş və ona ümumi səbəbdən İ dərəcə əlillik təyin edilmişdir. X3 2015-ci il 8 mart tarixində «Ağciyər, ürək çatışmazlığı, miokard infarkt» səbəbindən İmişli rayonunun Bəhrəmtəpə kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxxx 2015-ci il tarixli, 2- 1(81)-3462/2015 nömrəli qərarı ilə mərhumun əlillik səbəbi onun vəfatından 7 ay sonra dəyişdirilərək «Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, hərbi travmadır» kimi qeyd edilmişdir. Məhkəmə qeyd edilən işə baxarkən bu faktları və Qanunun sözügedən normalarını nəzərə almamış, əsassız olaraq mərhum X2 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət nəticəsində 2015-ci il 8 mart tarixində İmişli rayonu Bəhrəmtəpə kəndində vəfat etməsi ilə əlaqədar «şəhid» statusunun verilməsi məqsədilə arayışın verilməsi vəzifəsini AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinin üzərinə qoymuşdur. Göründüyü kimi, hazırki məhkəmə qərarı Əmək və X6 Nazirliyinin qanunla qorunan maraqlarına toxunur və bu baxımdan da üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə zərurəti yaranmışdır. Göstərilənlərə əsasən vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3487/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh AR SvəHXÇ DX-nin Bakı şəhəri Yasamal rayon İdarəsinə və üçüncü şəxs AR SvəHXÇ DX-nə qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şikayət məzmunca ərizə-vəsatətinməzmununa uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli və tam araşdırmamış, qərar qəbul edərkən qanunvericiliyin bir sıra tələblərini pozmuşdur ki, bu da əsassız məhkəmə qərardadının qəbul edilməsi ilə nəticələnmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin vəkili X7 ərizəyə və şikayətə şikayətə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, verilmiş vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Əliyeva Göyçəkxanım İsa qızı 1-ci instansiya məhkəməsinin iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(81)-3487/2018 saylı qərarı Əmək və X6 Nazirliyinin maraqlarına toxunmur, «şəhid» statusunun verilməsi məsələsi ümumiyyətlə Əmək və X6 Nazirliyinə aid olmayan məsələdir. Ərizədə də ərizəçi məhkəmə qərarının onun hansı maraqlarına toxunmasını əsaslandırmamışdır. Göstərilənlərə əsasən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatını dinləyərək, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3487/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli qərarına əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Yuxarıda göstərilən normaların tələblərindən göründüyü kimi məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunduğu hallarda məhkəmə həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Lakin göründüyü kimi, məhkəmə qərarı ərizəçinin qanunla qorunan maraqlarına toxunmur. Belə ki, ərizəçi məhkəmə qərarının onun qanunla qorunan maraqlarına toxunmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar ərizəçinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinin əsassız hesab edilərək, təmin edilməməsi barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3487/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar