Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1260/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2932/2020 saylı 20 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2932/2020 saylı 20 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya əmək kitabçasında göstərilən və 30 may 1998-ci il tarixdən 12 sentyabr 2002-ci il tarixə qədər "xxxx" Şərikli Müəssisəsində sürücü vəzifəsində işlədiyi dövr üzrə iş stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim R.Kərimli) Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli 2- 1(103)-1079/2020 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2-1(82)- 2932/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov). Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)-234/2021 saylı 02.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.09.2020-ci il tarixli 2- 1(103)-1079/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər K.Bədəlov və İ.Hüseynov). Bakı Apelyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli,2-1(103)-1260/2021 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməs barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət emiş, İddiaçı 30 may 1998-ci il tarixdən 12 sentyabr 2002-ci il tarixə qədər "xxxx" Şərikli Müəssisəsində sürücü vəzifəsində işlədiyi illərin sosial sığorta stajına əlavə edilərək əmək pensiyasının yenidən hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1972-ci il tarixində əmək fəaliyyətinə başlamışdır. 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Xidmət qurtardıqdan sonra yenə əmək fəaliyyətinə başlamışdır. Son dəfə 2002-ci il tarixdə işdən azad edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında izahat vermiş cavabdehin nümayəndəsi F.Əzizli apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçının əmək kitabçasında "xxxx" şərikli müəssisəsində sürücü vəzifəsinə işə qəbul tarixi qeyri-dəqiq yazılmış, həmin tarixlə bağlı hər hansı düzəliş edilməmişdir. Bundan əlavə, "xxxx" şərikli müəssisəsi 1997- ci ildə dövlət qeydiyyatına alınsa da, 2009-cu ildə sığortaedən kimi qeydiyyatdan keçmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, məhkəmə iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə görə iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Cavabdehin iddiaçıya ünvünlanmış 04.07.2019-cu il tarixli **********4 nömrəli Əmək pensiyasının təyin edilməsi barədə Bildirişində göstərilmişdir ki, onun tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ərizəsini təmin etmək mümkün deyil. “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 30.06.2018-ci il tarixdə iddiaçının 63 yaş yarımı tamam deyildi, lakin 30.06.2019-cu il tarixdə onun 64 yaşı tamam olmuşdu. “Əmək pensiyaları haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçı qanunla tələb olunan 25 il sığorta stajına da malikdir. Belə ki, əsli məhkəmə kollegiyası tərəfindən tədqiq edilən və işə əlavə olunan 22.11.1972-ci il tarixdən doldurulmağa başlanmış əmək kitabçasına əsasən iddiaçı 17.10.1972-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə hərbi xidmət də daxil olmaqla, 12.09.2002-ci il tarixədək işləmişdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). Sadalanan normaların tələblərinə uyğun olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Əmək kitabçasının yalnız 30.05.1998-12.09.2002-ci il tarixlərə aid məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, həmin məlumatlara şübhə etməklə, habelə hüquqi faktı inkar yolu ilə ərizəyə və iddiaya etiraz etməklə işini bitmiş saymış, İPM-in 14.3-cü maddəsinin tələbinə müvafiq qaydada iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əvəzinə, qanunsuz olaraq bunu iddiaçıdan və məhkəmədən gözləmiş və tələb etmişdir. Bunun təbii nəticəsi kimi, cavabdehin faktiki cəhətdən heç bir dəlil ehtiva etməyən, 24.02.2020-ci il tarixdə təqdim olunmuş apellyasiya şikayəti də formal olmuşdur. Cavabdehin iddiaçının əmək kitabçasına etirazının əsaslarını təsdiq etmək üçün müvafiq qurumlara hər hansı sorğu ilə çıxış etməsi iş materilları ilə təsdiq olunmur. Halbuki, “İnzibati icraat haqqında” AR Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). “İnzibati icraat haqqında” Qanuna 07.12.2018-ci il tarixli 1383-VQD nömrəli Qanunla əlavə edilmiş 32.2-1-ci maddəyə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Eyni Qanuna 28.12.2018-ci il tarixli 1446-VQD nömrəli Qanunla əlavə edilmiş 30.5- ci maddə ilə də qanunverici oxşar tənzimləməyə üstünlük vermiş, bununla da inzibati orqana müraciət edən fərdin hüquqlarının maksimum təminatına rəvac vermişdir. Adıçəkilən normaya görə, inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Həmçinin, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi, eləcə də inzibati prosessual qanunvericiliklə qorunmağa çalışılan balansın (hegemon publik hakimiyyət daşıyıcısı ilə müqayisədə fərdin məhdud imkanlarının ədalət mühakiməsi müstəvisində bərabərliyinin təmin olunmasının) pozulmasına haqq qazandırmaq kimi başa düşülməməlidir. Belə hallarda obyektiv həqiqət prinsipi də mütləq anlamda qəbul edilərək, sırf fərdin əleyhinə işləyən mexanizmə çevrilməməlidir. İPM-in 15.1-ci maddəsinə görə də, inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddiaçının əmək kitabçasında qeyd edilmiş "xxxx" şərikli müəssisənin (VÖEN **********, VÖEN qeydiyyat tarixi: 04.01.2005) hüquqi şəxs kimi ilkin dövlət qeydiyyat tarixi barədə, 1998-2002-ci illərdə fəaliyyətinin olub-olmaması barədə məlumatın, həmin müəssisənin nizamnaməsinin və digər sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək üçün müvafiq orqanlara sorğu göndərilmişdir. AR İN yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlandığı 05.07.2021-ci il tarixli, **********396500 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" şərikli müəssissəsi 17.10.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə edilmiş nizamnamənin surətindən görünür ki, “Azşərqtrans-1” müəssisəsi AR Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 03.11.1999-cu ildə, 1-2443 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə ünvanlandığı 10.09.2021-ci il tarixli, **********776400 nömrəli məktubunda "xxxx" şərikli müəssisəsinin 17.10.1997-ci il tarixdə dövlət qeydiyyatına alınması barədə müəyyən edildiyi bildirilmiş, həmçinin 1998-2002-ci illərdə fəaliyyəti barədə məlumat qoşmada əlavə edilmişdir. "xxxx" şərikli müəssisəsinin (VÖEN **********: 04.01.2005 – 100018908: 28.10.1997) vergi ödəyicisinin şəxsi vərəqəsində onun 1998-2002 ci illərdə olan sahibkarlıq fəaliyyətini məlumatlar öz əksini tapmışdır. ”İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2932/2020 saylı 20 dekabr 2019cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1260/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1260/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver