Məhkəmə qərarları › İş №2-1(103)-1260/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1260/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1260/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X10 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə ünvan 1ixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07.05.1999-cu il tarixli 356 saylı sərəncamına əsasən N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan təsərrüfat damı iddiaçının mərhum əri X1 adına rəsmiləşdirilmişdir. N.Nərimanov küçəsi, 7 saylı evin 36 saylı mənzilində yaşayan İddiaçı Nərimanov Rayon icra Hakimiyyətinə müraciət edərək mərhum əri E.A.Məmmədəliyevin istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamına əsasən N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damı N.Nərimanov küçəsi, 7 saylı evin 36 saylı mənzilində yaşayan İddiaçı adına keçirilməsi qərara alınmışdır. O, 10 iyun 2021-ci il tarixində DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən qeyri-yaşayış binası (təsərrüfat damı) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə 22 iyul 2021-ci il tarixli, **********96 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. İddiaçı aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Hazırda mübahisələndirilən qeyriyaşayış obyekti Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 07.05.1999-cu il tarixli 356 saylı sərəncamına əsasən iddiaçının mərhum ərinin adına sənədləşdirilmişdir. Həmin sərəncam verilərkən icra hakimiyyəti orqanlarının səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsi ilə müəyyən edilir. Həmin maddənin məzmunundan isə görünür ki, icra hakimiyyəti başçısının əsas səlahiyyətləri siyahısında qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərinin həlli də qeyd olunmuşdur. Göründüyü kimi N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən təsərrüfat damı səlahiyyətli orqan tərəfindən qanunvericiliyə uyğun qaydada iddiaçının mərhum ərinin mülkiyyətinə verilmiş, əri vəfat etdikdən sonra isə iddiaçının müraciəti əsasında Nərimanov Rayon İcra Hakimiyyətinin 01 avqust 2001-ci il tarixli sərəncamı ilə həmin təsərrüfat damının iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. Beləliklə, cavabdeh orqan iddiaçının öz müraciətinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hər hansı sənədi əlavə etmədiyini bildirsə də, həmin maddənin məzmunundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən təsərrüfat damının dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən əsas mövcud olsa da, cavabdeh həmin qeyriyaşayış obyektini qeydiyyata almaqdan imtina etmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdehin imtinasının digər dəlili qeyri-yaşayış binasına dair yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsidir. Halbuki, cavabdeh orqana müraciət edərkən iddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti təsərrüfat idarəsinin 35 saylı MKİS tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi təqdim etmişdir və həmin cizgidə qeyri-yaşayış obyektinin yerləşdiyi yer və məsafələr dəqiq göstərilmişdir. Həmçinin cavabdehin imtina məktubunda qeyd etdiyinin əksinə, qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşmir. Göründüyü kimi cavabdehin imtina məktubunda göstərdiyi dəlillər əsassızdır. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyriyaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, 22.07.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 1ixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, qeyd olunan qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, qeyri yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. Məhkəmə qərarından da görünür ki, iddiaçı tərəfindən təqdim edilən sərəncamlarda daşınmaz əmlakın istifadəyə verilməsi qeyd edilmiş və vətəndaşa xəbərdarlıq edilmişdir ki, əmlak abadlıq işləri ilə əlaqədar lazım gəldikdə sökülə bilər. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin uzun müddətdir ki, istifadəsində olduğunu, həmin qeyri-yaşayış sahəsinin İcra Hakimiyyəti tərəfindən onun adına sənədləşdirildiyini əsas götürərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan isə qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, qeyri-yaşayış binasına dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi və qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyini əsas götürərək, 22 iyul 2021-ci il tarixli, **********96 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin ilk dəlili olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli 356 nömrəli “Təsərrüfat damının E.A.Məmmədəliyevin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan X6 Nərimanov rayonu İcra Hakimiyyətinə müraciət edərək, əvvəllər erməni millətinə mənsub olmuş və uzun müddət istifadə etdiyi sahəsi 16 kv.m olan təsərrüfat damının öz adına sənədləşdirilməsini xahiş etmişdir. 35 nömrəli MKİS-nin rəhbərliyi özlərinin 21 nömrəli 22.03.1999-cu il tarixli arayışı ilə bildirilmişdir ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan E.A.Məmmədəliyev həqiqətən də 909-cu məhəllədə yerləşən sahəsi 16 kv.m olan, əvvəllər erməni millətindən olan sakin tərəfindən köməkçi sahə / təsərrüfat damı / kimi istifadə edilmiş tikilidən uzun müddətdir ki istifadə edir və icarə pulunu ödəyir. Göstərilənləri nəzərə alaraq, yerli icra hakimiyyəti orqanı tikilini 07.05.1999-cu il tarixli 356 nömrəli sərəncamla X2 adına sənədləşdirmişdir. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 01.08.2001-ci il tarixli 409 nömrəli “Təsərrüfat damının B.M.Ələsgərovanın adına keçirilməsi haqqında” sərəncamından görünür ki, N.Nərimanov küçəsi, 7 nömrəli evin 36 nömrəli mənzilində yaşayan X4 Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, mərhum həyat yoldaşı X2 istifadəsində olan 16 kv.m-lik təsərrüfat damının onun vəfat etməsi ilə əlaqədar öz adına keçirilməsini xahiş etmişdir. Göründüyü kimi, sözügedən 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamı mübahisələndirilən qeyri-yaşayış binasının ididaçının adına qeydiyyata alınmasına əsas verən hüquqmüəyyənedici sənəddir. Həmçinin, sözügedən sərəncamların verildiyi tarixdə qüvvədə olan “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” nin 13-cü maddəsinin d) bəndinə görə yerli icra hakimiyyəti başçısının tikinti, mənzil-kommunal təsərrüfatı, məişət xidməti, ticarət, ictimai iaşə, nəqliyyat və rabitə sahəsində səlahiyyətlərinə aiddir - Sovetin mənzil fondunu bölüşdürür, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərini həll edir. Beləliklə, Nərimanov Rayon İcra Hakimiyyəti Bakı şəhəri, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan qeyriyaşayış binasını iddiaçının mərhum ərinin adına, daha sonra iddiaçının müraciəti əsasında onun adına keçirməkdə səlahiyyətli olmuşdur. Apellyasiya şikayətinin digər dəlili olan qeyri-yaşayış binasına dair təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Arxivin Bakı filialında saxlanılan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 07.05.1999-cu il tarixli 356 nömrəli, 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamlarının arxiv nüsxələri ilə yanaşı, onlara əlavə edilmiş cizgi-sxemlər də təqdim edilmişdir. Təqdim olunmuş cizgi sxemlər Nərimanov Rayon İcra Hakimiyyətinin 07.05.1999-cu il tarixli 306 nömrəli sərəncamının icrasına nəzarətin bilavasitə tapşırıldığı 35 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi tərəfindən tərtib edilmiş və həmin MKİS-nin möhürü ilə təsdiqlənmişdir. Cizgi-sxemlərdə tikilinin yerləşmə vəziyyəti, eləcə də eni 3.2 m, uzunluğu 5 m olmaqla ümumi sahəsi 16 kv.m göstərilmişdir. Eyni zamanda, iddiaçı cavabdeh orqana müraciət edərkən Nərimanov Rayon İcra Hakimiyyəti təsərrüfat idarəsinin 35 saylı MKİS tərəfindən təsdiq edilmiş yerləşmə cizgisi təqdim etmişdir və həmin cizgidə qeyri-yaşayış binasının texniki göstəriciləri, ətrafında mövcud qonşu obyektlər təsvir edilməklə yerləşmə vəziyyəti və məsafələr dəqiq göstərilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə E.A.Məmmədəliyev arasında bağlanmış 14 may 1999-cu il tarixli, 100 nömrəli istismar yığımı müqaviləsinə əsasən, E.A.Məmmədəliyev N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən 16 kv.m-lik təsərrüfat damı ilə bağlı istismar yığımı haqqını ödəyir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış binasının ümumi sahəsinin 16 kv.m-dən ibarət olduğu bir daha öz təsdiqini tapır. Apellyasiya şikayətinin digər dəlili olan qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin 07.05.1999-cu il tarixli 356 nömrəli və 01.08.2001-ci il tarixli 409 nömrəli sərəncamlarının qəbul edilməsi zamanı bu sahədə müvafiq dövlət nəzarətini həyata keçirən qurum olaraq mübahisə predmeti olan qeyri-yaşayış binasının ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsini mübahisələndirməmişdir. Eyni zamanda, Nərimanov Rayon İcra Hakimiyyətinin sözügedən sərəncamlarından da göründüyü kimi, N.Nərimanov küçəsi, 909 saylı məhəllədə yerləşən, sahəsi 16 kv.m olan təsərrüfat damı məhəllədə yerləşir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki,Azərbaycan Respublikası Torpaq Məcəlləsinin - 31-ci maddəsinin 1-ci bəndinə görə meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Həmin maddənin 5-ci bəndinə görə meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Göründüyü kimi torpaq qanunvericiliyi yalnız meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyətlər müəyyən etmişdir. Həmin Məcəllənin 47-ci maddəsinin 3-cü bəndinə görə ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 12.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Bundan əlavə 17.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin fotoşəkillərində tikilinin ümumi istifadədə olan yaşıllıqlar - park, meşə-park, bağ, bağça ərazisində yerləşdiyi müəyyən olunmur. Apellyasiya şikayətinin digər sərəncamlarda daşınmaz əmlakın istifadəyə verilməsi və vətəndaşa xəbərdarlıq edilmişdir ki, əmlak abadlıq işləri ilə əlaqədar lazım gəldikdə sökülə bilər dəlilinə münasibətdə qeyd edilir ki, işin araşdırılmış hallarından göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsi sərəncamla iddiaçının mərhum ərinə verilməzdən əvvəl başqa şəxs tərəfindən istifadə edilmiş, daha sonra 07.05.1999-cu il tarixli 356 nömrəli sərəncamla iddiaçının mərhum ərinə, onun vəfatından sonra isə hazırki iddiaçının adına istifadə üçün verilmiş və artıq azı 25 ilə yaxın bir müddətdir ki, iddiaçı tərəfindən maneəsiz şəkildə sahiblik və istifadə edilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar (hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.) müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan qeyri-yaşayış sahəsi üzərindəki hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. ünvan 1ixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aida Hüseyn Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar