Məhkəmə qərarları › İş №2-1(103)-1262/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1262/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1262/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “əvvəlki illər üzrə müavinətin hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il ərzində ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsinin getdiyi dövrlərdə müxtəlif vəzifələr və hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.1998-ci il tarixində ona Müharibə Veteranı adı və vəsiqəsi verilmişdir. O, cavabdeh inzibati orqana ona veteranlıq üçün müavinətin təyin olunması barədə müraciət etmiş və ona müraciət etdiyi tarixdən hesablanaraq, müavinətin ödəniləcəyi bildirilməklə, xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməyə başlanılmışdır. O, cavabdeh inzibati orqana müraciət edərək, müraciət etdiyi tarixdən əvvəlki 3 (üç) il üçün müavinətin ödənilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq müraciətinə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Müharibə Veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsindən İddiaçı xeyrinə 100 (bir yüz) manat hüquqi xidmət haqqının tutulması, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə veteranlarına Azərbaycan Respublikası Prezident təqaüdünün təyin edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə 1 saylı DOST mərkəzinə müraciət etmişdir. Müraciət əsasında DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 2408 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən iddiaçıya müharibə veteranı kimi aylıq 80 manat məbləğində Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilmişdir. Bundan sonra İddiaçı DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinə əvvəlki 3 il üçün ödənilməli olan müavinətin hesablanaraq ödənilməsi ilə bağlı müraciət etmiş, lakin onun bu tələbinə imtina verilmişdir. İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.1998-ci ildə almış, lakin məlum olmayan səbələrə görə vəsiqəni aldığı müddətdən müavinət ilə bağlı müraciət etməmişdir. Halbuki, hal-hazırda vətəndaş əvvəlki 3 il üçün olan müavinətin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçının bu vaxta qədər qeyd olunan müavinətin alınması ilə bağlı aidiyyati üzrə müraciət etməməsi əsaslı şübhələr doğurur. Belə ki, müharibə veteranı vəsiqəsi olub, eyni zamanda hüquq-mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s. orqanlarda işləyən şəxslərə qeyd olunan müavinət xx.xx.2019-cu il tarixədək onların əmək haqlarına əlavə olunaraq ödənilib. Hesab olunur ki, iddiaçının bu hərəkətlərinə, yəni müharibə veteranı vəsiqəsini 1998-ci il tarixdə aldığı halda müavinətin təyin olunması üçün 2019-cu il tarixə qədər müraciət etməməsinə səbəb onun hazırki vaxtadək dövlət (hüquq mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s.) orqanlarında işləməsi ilə əlaqədar həmin müavinətin əmək haqqına əlavə kimi verilməsi halının olmasıdır ki, iddiaçı bu halı öz hərəkətləri ilə təsdiqləmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apelyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxxxx 1998-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona xx xxxxx 2019-cu il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən əvvəlki 3 (üç) il ərzində ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etməsi, bu əsasla iddiaçıya xx.xx.1998-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. İşin yeganə mübahisələndirilən halı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin nə vaxtdan ödənilməsidir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İstinad olunan normadan görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə Səbail rayon Hərbi Komissarlığı tərəfindən 1998-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilsə də, o sosial müavinət almaq üçün 2019-cu il tarixdə müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə xx.xx.2006-cı il tarixdən qüvvəyə minmişdir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Qanunun 9.1ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçıya müharibə veteranı kimi müavinətin xx.xx.2019-cu ildən əvvəlki üç illik dövr üçün üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi MPM-in 121.1-ci maddəsinə istinad edərək hüquqi xidmət xərclərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 100 manat pul tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Cavabdehin apelyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə üstüstə düşür və etirazda göstərdiyi dəlillər ilə bağlı birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunmuşdur ki, sonuncu Müharibə Veteranı adını və vəsiqəsini aldığı gündən ona müavinət təyin olunan günədək, iddiaçıya müavinətin xx.xx.2019-cu il tarixədək əmək haqlarına əlavə olunaraq ödənilə biləcəyi heç bir dövlət (hüquq mühafizə, ədliyyə, müdafiə nazirliyi, xüsusi xidmət və s.) orqanlarında işləməmişdir. Həmçinin, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə də (cavabdeh tərəfindən iddiaçının dövlət orqanlarında işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğular ünvanlanmışdır) iddiaçıya müavinətin xx.xx.2019-cu il tarixədək əmək haqlarına əlavə olunaraq ödənilə biləcəyi hər hansı bir dövlət orqanında işləmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1127/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar