Məhkəmə qərarları › İş №2-1(103)-1263/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1263/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1263/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlunun və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)- 160/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə yenidən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun (iş üzrə İddiaçı) işdən azad olmağının qanunsuz hesab etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********7 saylı, 13 iyun 2019-cu il tarixli əmrini ləğv edib, onu əvvəlki iş yeri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X3 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün 13.06.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, hətta dəfələrlə mükafatlar almışdır, buna baxmayaraq iddiaçı barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir, ancaq hər hansı xidməti araşdırmanın aparılması zəruri hesab edilməmişdir. İddiaçı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının üzvüdür. Həmkarlar təşkilatının razılığına baxmayaraq iddiaçı müvafiq məsələyə baxılması üçün həmkarlar iclasına dəvət edilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericilik tələbləri pozulmuşdur. 11.12.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 4 saylı region üzrə X3 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 13 iyun 2019-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə istinad olunaraq, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə iddiaçı ilə bağlanmış 02 mart 2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda sözügedən əmrin məzmunundan görünür ki, iddiaçı barəsində yuxarıda göstərilən əmrin qəbul edilməsinə Nazirlik yanında X11 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli, **********7 nömrəli yazılı məruzəsi əsas olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin sabiq rəisi tərəfindən imzalanmaqla nazirə ünvanlanmış “yazılı məruzə”nin məzmunundan görünür ki, sözügedən Xidmətin rəisi tərəfindən iddiaçı və digər əməkdaşlar barəsində aparılmış araşdırmalar zamanı onlar tərəfindən vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi, qanunvericiliyin tətbiqinin düzgün həyata keçirilmədiyi, vəzifə səlahiyyətlərini aşaraq qulluq etdikləri orqanın nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikləri müəyyən edildiyinə istinad olunaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinin tələblərinə əsasən barələrində intizam tədbirlərindən birinin tətbiq olunması məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda qeyd olunan “yazılı məruzə”nin məzmununda göstərilmişdir ki, guya Nazirliyin əməkdaşı T.Əliyev icraatlarında olan vətəndaş X6 şikayətinin araşdırılması üçün barəsində şikayət olunan "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış dəvət məktubu həmincəmiyyətin nümayəndəsinə təqdim edərkən ondan rüşvət tələb etmişdir. Əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəddə, istərsə də 13 iyun 2019-cu il tarixli əmrin məzmununda ümumi şəkildə ifadə olunmuş əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlar iş materialları ilə təsdiq olunmamaqla yanaşı cavabdeh orqan tərəfindən də iddiaya etirazın əsası kimi istinad olunan hallar məhkəmədə sübuta yetirilməmişdir. Məhz bu səbəbdən də işə baxan məhkəmə iddia tələbini əsassız hesab edərkən qərarında buvə ya digər hala istinad edə bilməmiş, yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarının məzmununu qərarında sadalamaqla hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbinin təmin edilməməsi barəsində qərar qəbul edən məhkəmə nəzərə almamışdır ki, iddiaçı barəsində olan əmr ümumi ifadələrlə, yəni onun əmək funksiyalarının icraatı zamanı guya yol verdiyi nöqsanlara istinadən əsaslandırılmışdır. Əmrdə əmək funksiyalarını hansı qaydada icra edə bilmədiyi, hansı nöqsana yol verdiyi göstərilməmişdir. Onun barəsində olan əmrin verilməsinə əsas olmuş “yazılı məruzə” adlanan sənəd də ümumi sözlərlə əsaslandırılmışdır. Həmin sənəddən də dəqiq müəyyən edilmir ki, iddiaçı tərəfindən hansı nöqsanlara yol verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1181/2020 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-85/2021 saylı, 03.02.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev,R.Nəbizadə, Z.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli.,2-1(103)-1181/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri X12 və X5 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X3 dövlət qulluğunda baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində işləmişdir, cavabdehin 13 iyun 2019-cu il tarixli əmrinin 1.2-ci bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə 02.03.2015-ci ildə bağlanmış əmək müqaviləsinə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək, cavabdehin 13 iyun 2019-cu il tarixli, **********7 saylı əmrinin iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X3 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsini tələb edir. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının işdən azad edilməsinə əsas X11 Xidmətinin rəisi E.Cəfərovun 07 iyun 2019-cu il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərildiyi kimi, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəki şəhər sakini X7 "xxxx" MMC-də əməkhüquqlarının pozulması barədə müraciəti 23 may 2019-cu il tarixdə X11 Xidmətinə daxil olmuş, müraciət yerində baxılıb cavablandırılması üçün 4 saylı region üzrə X9 göndərilmişdir. Daxil olmuş materialların araşdırılması region rəisi tərəfindən baş əmək müfəttişləri İddiaçı və Zaur Hüseynova tapşırılmışdır. Araşdırma zamanı 4 saylı region üzrə DƏM-in əməkdaşlarıİddiaçı və Z.Hüseynov tərəfindən "xxxx" MMC-yə müəssisənin səlahiyyətli nümayəndəsinin 4 saylı region üzrə X9 dəvət olunması üçün 29.05.2019-cu il tarixli məktub hazırlanmış, lakin məktub poçt vasitəsilə göndərilməmiş, əvəzində icraçılar tərəfindən 4 saylı region üzrə DƏM-in əməkdaşı X8 verilmiş və ona məktubu müəssisənin rəhbərliyinə təqdim etmək üçün aparması tapşırılmışdır. Müəssisənin baş mühasibi tərəfindən rəhbərliyin müəssisədə olmaması əsas gətirilərək məktub qəbul edilməmişdir. T.Alıyev məktubu qaytararaq icraçılara təqdim etmiş və icraçılar tərəfindən 30.05.2019-cu il tarixdə məktub poçt vasitəsilə müəssisəyə göndərilmişdir. T.Alıyev dəvət məktubunu təqdim edərkən cəmiyyətin səlahiyyətli nümayəndəsi ilə görüşmüş və ona müəssisəyə A.Əhmədovun əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsinə əsasən 20000-25000 manat inzibati cərimə tətbiq olunacağını bildirərək, məsələnin onların xeyrinə həll olunması üçün köməklik edəcəyini vəd etməklə ondan rüşvət tələb etmişdir. Əmək müfəttişləri İddiaçı, Zaur Hüseynov və əmək müfəttişi Telman Alıyev vətəndaş müraciətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol vermiş, qanunvericiliyin tətbiqini düzgün həyata keçirməmiş, vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişlər. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1-ci, 18.0.4-cü, 18.0.5-ci maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğundan azad edilməsi barədə əmrverilərkən, maddi hüquq normasının tələblərinə əməl edilməklə iddiaçının barəsində araşdırma aparılması üçün cavabdeh inzibati orqanın rəhbərinin əmrinin verilməsi vəondan izahat alınması müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində maddi və prosessual hüquq normalarını sadalamış və hər hansı əsaslandırılmış qiymətləndirmə aparmamışdır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. İşəgötürən aşkar olunmuş xətaya görə bu tənbeh növlərindən hər hansını seçə bilər və ondan bu tənbeh növlərinin ardıcıllığına riayət olunması tələb olunmur. Lakin nəzərə alınmalıdır ki, Qanunun 25.6-cı maddəsi tələbinə görə bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Bu normadan göründüyü kimi, şəxsə dövlət qulluğundan azad edilməsi növündə inzibati tənbeh növünün tətbiq edilməsi üşün 3 şərtdən ən azı birinin olması vacibdir. 1. Dövlət qulluqçusunun yol verdiyi pozuntunun kobud pozuntu olması; 2. Pozuntular kobud sayılmasa da onların mütəmadiliyi; 3. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi. Həmçinin iddiaçının yol verdiyi nöqsanlardan biri kimi onun "xxxx" MMC-nin rəhbərinə yazılmış məktubu poçt vasitəsi ilə göndərmədiyinə istinad olunur. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının hərəkəti “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan vəpaylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a zidd olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, xidmət rəisinin yazılı məlumatında iddiaçının kobud pozuntusayılan xətaya yol verməsinə istinad edilməsinə baxmayaraq, "xxxx" MMC-nin məhkəməyə ünvanladığı məktubda İddiaçı, X10 və X2 "xxxx" MMC-nə qarşı hər hansı qanun pozuntusuna, o cümlədən korrupsiyaya şərait yaradan hala yol verilmədiyi göstərilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 4 saylı region üzrə X3 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar