Məhkəmə qərarları › İş №2-1(103)-1263/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1263/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1263/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1965-ci il tarixdə Neftçala rayonunda 26 Bakı kom. Adlı qəs. anadan olmuş, ünvan 1ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-4005/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 23.11.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə əsasən Hüseynov X1 rayonu, Mirqurbanlı kəndində qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-4005/2022 nömrəli qərardadı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının vəkili Vəkil Abdüləli oğlu qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-4005/2022 nömrəli qərardadının ləğv edilməsini və işin ərazi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (apellyasiya şikayəti İddiaçı nümayəndəsi və vəkili Vəkil Abdüləli oğlu göstərilməklə elektron qaydada imzalanmışdır). Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda 28.02.2022-ci il tarixdə iddiaçının vəkili Vəkil Abdüləli oğlu məhkəməyə AZEMİS “Elektron Məhkəmə İnformasiya” Sistemi vasitəsilə ərizə təqdim edərək, həmin vaxt Şirvan Apellyasiya Məhkəməsində digər iclasda vəkil qismində iştirak edəcəyindən, 01 mart 2022-ci il tarixə, saat 14:20-ə təyin edilmiş məhkəmə iclasının 20 gün təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkili ərizəyə heç bir sənəd-sübut əlavə etmədiyindən məhkəmə kollegiyası məhkəmə iclasının təxirə salınmasına əsas görməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, AR-İİ № 515078 nömrəli, 16.11.2021-ci il tarixli etibarnaməyə əsasən Vəkil İddiaçı nümayəndəsidir. Etibarnamə 1 ay müddətinə verilmiş və 16.12.2021-ci il tarixədək qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, 28.01.2022-ci il tarixdə verilmiş apellyasiya şikayəti verilən zaman qeyd edilən etibarnamə qüvvədə olmadığından, eyni zamanda Vəkil tərəfindən yeni etibarnamə təqdim edilmədiyindən Vəkil İddiaçı nümayəndəsi olmamış, bu səbəbdən o, apellyasiya şikayətini imzalamaqda səlahiyyətsiz olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Bu səbəbdən iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(112)-4005/2022 nömrəli qərardadından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar