Məhkəmə qərarları › İş №2-1(103)-1264/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1264/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1264/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı yüksəkliyə görə 20 faiz əlavənin ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 01.04.1998-ci il tarixdən 31.12.2006-cı il tarixədək ödənilməmiş yüksəkliyə görə 20 faiz məbləğdə əlavənin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu səbəbdən də son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1640/2020 nömrəli iş üzrə 29.09.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 17.06.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-169/2021 nömrəli iş üzrə 02.02.2021-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 29.09.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “36. Məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinin 09.02.2019-cu il tarixli məktubunda 20.03.1998-ci il tarixindən iddiaçıya pensiya təyin edilərkən yüksəkliyə görə 20 faiz əlavənin iddiaçının pensiya təminatında hesablandığı və 20.03.1998-ci il tarixindən 31.12.2006-cı il tarixinədək iddiaçının pensiya təminatında yüksəkliyə görə ödənişin ona ödənildiyi qeyd olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu məlumatı yoxlamadan, yəni məhkəmə araşdırması aparmadan iddianı təmin edərək iddiaçıya pensiya hesablanarkən dəniz səviyyəsindən yüksəkliyə görə 20 faiz məbləğində əlavənin 01.04.1998-ci ildən 31.12.2006-cı ilə qədər olan dövr üçün nəzərə alınaraq birdəfəlik ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur.

37. Apellyasiya instansiyası məhkəməsi də göstərilən halı nəzərə almadan əsassız olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmiş, bununla da hazırkı qərarın 26-28ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişləri nəzərə alaraq işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməli idi. Belə ki, AR DİN Maliyyə Plan İdarəsinin iddiaçıya ünvanlanan 09.02.2019-cu il tarixli 027-5881H-3219 nömrəli məktubunda qeyd olunmuşdur ki, DİO-dan xaric olunduğu 20.03.1998-ci il tarixdən iddiaçıya pensiya təyin edilərkən yüksəkliyə görə 20 faiz əlavə onun pensiya təminatında hesablanmış və 31.12.2006-cı il tarixədək ödənilmişdir. Pensiya işi araşdırılarkən müəyyən edilmişdir ki, pensiya təyin edildiyi 20.03.1998-ci il tarixdən 31.12.2006-cı il tarixədək DİN tərəfindən iddiaçının pensiya təminatında yüksəkliyə görə ödəniş ona ödənilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 10.02.2014-cü il tarixli 03/89/02-59 nömrəli məktubunda göstərmişdir ki, dəniz səviyyəsindən yüksəkliyə görə 20 faiz əlavə də qeyd edilən DİN-dən daxil olmuş yeni məlumat vərəqinə əsasən pensiyası 01.01.2007-ci il tarixdən yenidən hesablanmışdır. Dəniz səviyyəsindən yüksəkliyə görə 20 faiz əlavə - 126,97 manat da daxil olmaqla cəmi təminat xərcliyi 825,82 manat təşkil edir. Ona 39 il xidmət illərinə görə təminat xərcliyinin 100% miqdarda, yəni 825,82 manat pensiya düzgün hesablanmışdır. Beləliklə, ona 01.01.2007-ci il tarixdən 31.12.2013-cü il tarixədək hesablanmış 7.176,12 manat fərq məbləği 01.01.2014-cü il tarixdən ayda 205,03 manat olmaqla 35 ay ərzində pensiyası ilə birlikdə ödəniləcəkdir. İddiaçının 25542 (015375) nömrəli pensiya işində olan Pensiyanın yenidən hesablanması haqqında 13.01.2014-cü il tarixli P/İ 015375 nömrəli qərardan və DİN 25542 nömrəli məlumat vərəqindən görünür ki, dəniz səviyyəsindən yüksəkliyə görə 20 faiz əlavə nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; 20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz; 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır; 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. PM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşdən müəyyən edilir ki, həm iddia ilə tələb olunan 01.04.1998-ci il tarixdən 31.12.2006-cı il tarixədək, həm də 01.01.2007-ci il tarixdən 31.12.2013-cü il tarixədək ödənilməmiş yüksəkliyə görə 20 faiz məbləğdə əlavə iddiaçıya ödənilmişdir. Bu da o deməkdir ki, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilmir, eyni zamanda, həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək yükü üzərinə düşən cavabdeh sözügedən sübutetmə vəzifəsinə qanunla tələb olunan qaydada əməl etmişdir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı 01.04.1998-ci il tarixdən 31.12.2006-cı il tarixədək ödənilməmiş yüksəkliyə görə 20 faiz məbləğdə əlavənin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar