Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1264/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş dövr üçün yaranmış məbləğin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-2276/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 02 yanvar 2017-ci ildən 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1982-ci illərdə əyani formada ali təhsil alaraq mühəndis mexanik ixtisasına yiyələnmişdir. Təhsildən sonra göndəriş əsasında 17 avqust 1982-ci ildən Bakı maşınqayırma zavodunda (keçmiş Kirov adına maşınqayırma zavodu) əmək fəaliyyətinə başlamışdır. 30 noyabr 1982-ci ildən 26 aprel 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 01 iyun 1984-cü ildən yenidən həmin zavodun Dəqiq döymə sexində isti əmək şəraitində 05 dekabr 1988-ci ilədək usta, sonra isə 15 noyabr 1998-ci ilədək sex rəisinin müavini və sex rəisi vəzifələrində işləmişdir. O, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən isti və zərərli işlərdə 14 ildən artıq işləmişdir. 01 yanvar 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minən günədək təhsil aldığı müddət və hərbi xidmət müddəti daxil edilməklə 26 ildən artıq əmək stajı vardır.Güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğuna görə pensiyanın təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İdarə 23 sentyabr 2020-ci il tarixli məktubla “əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajının 12 il 6 ay olmamasını və pensiya kapitalının cəmi 22415,91 təşkil etməsini” əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Həmin məktubu 12 oktyabr 2020-ci ildə poçt vasitəsi ilə almışdır.O, bu imtinanı əsassız hesab edir. Belə ki, o, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “usta” və sex rəisinin müavini, sex rəisi vəzifələrində zərərli əmək şəraitində 14 ildən artıq işləmişdir. Bu peşədə işləməyi ona imkan verir ki, güzəştil şərtlərlə pensiyaya çıxsın. Bu vəzifələrdə 12 il 6 ay işləyən kişilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıya uyğun olaraq 57 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. O, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. Onun 57 yaşı 02 yanvar 2017-ci ildə tamam olmuşdur və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Onun xx.xx.2006-cı ilədək əmək stajı isə 26 ildən artıqdır. Onun işlədiyi vəzifələr 2 nömrəli siyahıya aid olan vəzifələrdir. “2 nömrəli Siyahı”da (Metal emalı bölməsi) usta vəzifəsi şifrə (kod) 2150200b-23187, sex rəisi və müavini şifrə (kod) 2150200-24125 qeyd edilmişdir. O, isti və zərərli əmək şəraitində yuxarıda qeyd olunmuş vəzifələrdə 14 ildən artıq işləmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23578,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-2276/2021 nömrəli qərarı ilə İddiaçı iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmadan onun işlədiyi peşə və vəzifələrin ilə 2 nömrəli Siyahıda nəzərdə tutulmuş peşə və vəzifələr arasındakı fərqi müəyyənləşdirmədən qərar çıxarmışdır Məhkəmə 2 nömrəli Siyahıda “istehsalat və istehsalata hazırlanması üzrə sex rəisinin müavini qeyd olunduğu qənaitinə gələrək iddianı təmin etməmişdir. Əmək kitabçasındakı qeydlər, o cümlədən Baş arxiv idarəsinin təqdim etdiyi arayış təsdiq edir ki, həmin vəzifə isti əmək şəraiti olmaqla zərərli peşə sayılır. İstehsalata hazırlıq dedikdə dəzgahlara texniki xidmət, istehsal prosesinə başlamaq üçün lazımi detallarla təmin etmək, dəzgahın ayrı-ayrı hissələrini yağlamaq, sıradan çıxmış qızdırıcıları dəyişmək və sair başa düşülür. Məhkəmə bu vəzifələrdə işləyənlərin əmək funksiyalarını fərqli hesab edirsə, buna aydınlıq gətirməli idi. İstehsalatın hazırlanması üçün ilkin növbədə həmin dəzgahlara texniki xidmət göstərilməlidir. İstehsalatın, yəni, istehsal prosesinin başlanması üçün texniki xidmətin göstərilməsi mütləqdir. İstehsal prosesinə başlamaq üçün bütün texniki avadanlıqlara texniki xidmət göstərilməlidir. Yəni, nasazlıqlar aradan qaldırılmalı, sıradan çıxmış detallar dəyişdirilməli və dəzgah saz vəziyyətdə olmalıdır ki, istehsal prosesinə başlaya bilsin. Bütün bu işlərin yerinə yetirilməsi texniki xidmət üzrə sex və ya sahə rəsinin müavinin birbaşa əmək funksiyasıdır. Sex və ya sahələrdə işləyən avadanlıqlara texniki xidmət göstərilməsə istehsal prosesi gedə bilməz. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X1 və X2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. - НЗ nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur. - 24 iyun 1982-ci il tarixli ИВ 661561 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1977-1982-ci illərdə mühəndis mexanik ixtisası üzrə təhsil almışdır. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, 7.09.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1982-xx.xx.1982, xx.xx.1984-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.2000-ci il tarixdən hal-hazıradək işləyir. - Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli, İ- 11/58 nömrəli arxiv arayışından görünür ki, “S.M.Kirov adına X4 ordenli maşınqayırma zavodu” arxiv fondunda mühafizə əmr kitablarında İddiaçı (əmr № 334/k, 29 may 1984-cü il) İsti zərərli iş şəraiti ilə dəqiq döymə sexinə istehsalat sahəsinə usta təyin edildiyi; (əmr № 946/k, 10 dekabr 1988-ci il) İsti zərərli iş şəraiti ilə texniki baxış üzrə sex rəisinin müavini; (əmr № 347/k, 10 iyun 1992-ci il) Dəqiq döymə sexinə müvəqqəti sex rəisi keçirildiyi; (əmr № 61/k, 06 fevral 1995-ci il) Dəqiq döymə sahəsinə isti zərərli iş şəraiti ila sahə rəisi keçirildiyi; (əmr № 439, 01 dekabr 1998-ci il) ştatın ixtisara düşməsi ilə əlaqədar işdən azad olunduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********0 nömrəli imtina məktubundan görünür ki, mərkəzi Filiala təqdim edilən xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 11 gün) təşkil edir.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22415,91 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə sorğularına cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-01434- 2022 saylı cavab məktubu ilə İddiaçı "xxxx" ASC-də işləməsi barədə sənədlərin (arxiv kitablarına əsasən şəxsi məlumatları əks etdirən kartoçka T-2, 1984,1993,1998-ci illərə dair şəxsi heyət üzrə əmrlərin) təsdiq olunmuş ksero surətini təqdim edilmiş və eyni zamanda arxiv fondunun 1988,1992,1995-ci illərə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilmədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə qənaətə gələrkən qərarını onunla əsaslandırmışdır ki, “iddiaçının dəqiq döymə sexində işlədiyi usta, sex rəisi və sahə rəisi peşələri 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini peşəsi həmin Siyahıda təsbit edilməmişdir. Siyahının XİV bölməsində (Metal emalı) “sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri” (kod 2150100b—24125) nəzərdə tutulmuşdur ki, iddiaçının isə nə əmək kitabçasından, nə də iş yeri tərəfindən verilmiş arayışda istehsalat və istehsalatın hazırlanması üzrə sex rəisinin müavini işləməsi müəyyən edilmir. Belə olan halda iddiaçı 10 il 11 ay 11 gün güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, xx.xx.2006cı ilədək, yəni xx.xx.1984-xx.xx.1998-ci illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajının olması hazırkı işin mübahisələndirilməyən halıdır. Belə ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halı olan iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, xx.xx.2006-cı ilədək, yəni xx.xx.1984-xx.xx.1988-ci illərdə İsti zərərli iş şəraiti ilə Dəqiq döymə sexində istehsalat sahəsində usta, xx.xx.1988xx.xx.1992-ci illərdə İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini, xx.xx.1992-xx.xx.1994-cü illərdə Dəqiq döymə sexində müvəqqəti sex rəisi və xx.xx.1994- 1994-xx.xx.1998-ci illərdə Dəqiq döymə sahəsində isti zərərli iş şəraiti ilə sahə rəisi vəzifəsində işləmişdir. İddiaçının bu peşələrdə işlədiyi müddət 14 il 05 ay 14 gün təşkil etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının çalışdığı peşələrdən usta, sex rəisi və sahə rəisi peşələri 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, İsti zərərli iş şəraiti ilə texniki xidmət üzrə sex rəisinin müavini peşəsi 2 nömrəli Siyahıda təsbit edilmədiyini qeyd edərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Bununla bağlı işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanmış, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, SM-10/101№-li məlumatda qeyd edilmişdir ki, “keçmiş S.M.Kirov adına X4 Ordenli Maşınqayırma zavodunun ştat cədvəlində Dəmirçi presləmə istehsalatının Dəqiq döymə sexində zərərli iş şəraitli sex rəisi, həmçinin sex rəisinin müavini vəzifələri olmuşdur. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə Dəmirçi presləmə istehsalatı, Xİ-ci bölmənin 2-ci hissəsinin “b” bəndinə əsasən sex rəisi, sex rəisinin müavini vəzifələri zərərli iş şəraitində işləyən kateqoriyalara aiddir. Zərərli iş şəraitli Dəqiq döymə sexində olan dəzgah və digər texniki avadanlıqları istehsalata hazırlatmaq üçün onlara “texniki xidmət üzrə sex rəisinin müavini” vəzifəsi rəhbərlik edir.” Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş müvafiq güzəştli arayışdan görünür ki, sex rəisinin müavini vəzifəsi zərərli iş şəraitində işləyən kateqoriyalara aid edilmiş və müvafiq Siyahıda öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajı olduğundan, güzəştli iş stajı ilə bağlı çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapdığından, həmçinin bununla bağlı iddiaçının iş yerindən məlumat (arayış) təqdim edildiyindən cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsaslarından biri kimi nəzərdə tutulmuş iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 06 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. Bundan başqa, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunan müddəa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə əlavə edilmişdir və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaransa da, ona pensiya “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən 3 il geriyə, yəni xx.xx.2017-cı il tarixdən ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)- 2276/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələbi nəzərə alınmaqla, müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmaqla, ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1264/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1264/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver