Məhkəmə qərarları › İş №2-1(103)-1264/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1264/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1264/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyadan tutulmuş ödənişlərin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12601/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ödənilmiş pensiya məbləğinin geri ödənilməsi barədə qərarının ləğv edilməsi, iddiaçıya 08 dekabr 2008-ci il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının natamam ödənilməyə başladığı tarixdən tam məbləğdə ödənilməsinin bərpa edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə öhdəlik qoyulaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə ərizə təqdim edərək tələbin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı - İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-6743/2023 saylı qərarının ləğv edilməsi və pensiya məbləğinin əvvəlki məbləğdə bərpa edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 6743/2024 saylı qərarın ləğv edilməsi, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və azaldılma ilə bağlı xx.xx.2024-cü il tarixdən sonra ödənilməmiş pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya DSMF-in Qaradağ rayon şöbəsi tərəfindən 08 dekabr 2008-ci ilin tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda cavabdeh iddiaçının ümumi iş stajını düzgün hesablamayaraq, onun guya pensiya hüququnun 08 dekabr 2010-cu il tarixində yaranmasını bəhanə gətirərək, həmin tarixdə qüvvədə olmuş pensiya hesablanmasını əsas götürmüş, öz mülahizəsinə görə iddiaçının pensiyasını yenidən hesablamış və nəticədə iddiaçıya 31209 manat 16 qəpik artıq ödənilmiş pensiya məbləğinin büdcəyə geri ödənilməsini tələb etmişdir. Cavabdeh iddiaçının güzəştli və ümumi iş stajına irad tutmadığı üçün hesab edir ki, bu iki hal mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Mübahisələndirilən yeganə hal, guya iddiaçının 50 yaşdan deyil, 52 yaşdan pensiyaya çıxmalı olduğu cavabdeh tərəfindən irad tutulmasıdır. Buna görə də iddiaçı hesab edir ki, hazırki iddia üzrə iddiaçının məhz 50 yaşda güzəştli pensiya almaq hüququnun olubolmaması müəyyən edilərsə, mübahisə həll edilmiş sayılacaq.Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1- ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13-cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997- ci il avqust ayının 1-dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq 01,08.2000-ci il tarixindən 1 nömrəli siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 nömrəli siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni 01.01,2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilib. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə 01,07.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Halbuki, iddiaçı onu da nəzərə almalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki normaların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) 01.01,2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda 01,08.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006- cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 8 ay 10 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,42 manat (31,69 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,98 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5839,20 manat sığorta kapitalına uyğun 40,55 manat (5839,20:144) və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 183,53 manat (57,98+40,55+85) (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 197,37 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3819,20 manat sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (3819,20 : 124 ay (144 ay-20 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=30,80 manat) iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 197,37 manatdan 228,17 manata (197,37+30,80) artırılıb. Həmçinin iddiaçının iştirakı ilə 13 may 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələri dinlənilib. Lakin tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmayıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 31209,16 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 31209,16 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 554,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12601/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, araşdırma zamanı, Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008- ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 31 il 8 ay 10 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə onun pensiyasının sığorta hissəsi 37,42 manat (31,69 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 57,98 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5839,20 manat sığorta kapitalına uyğun 40,55 manat (5839,20:144) və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 183,53 manat (57,98+40,55+85) (indeksləşdirilərək xx.xx.2012-ci il tarixinə 197,37 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3819,20 manat sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (3819,20 : 124 ay (144 ay-20 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=30,80 manat) iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 197,37 manatdan 228,17 manata (197,37+30,80) artırılıb. Həmçinin iddiaçının iştirakı ilə 13 may 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələri dinlənilib. Lakin tərtib olunmuş akt iddiaçı tərəfindən imzalanmayıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 31209,16 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 31209,16 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 554,06 manat təşkil edir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati icraat haqqında Qanunun 73.2-ci maddəsinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2024-cü il tarixlidir, iddiaçı tərəfindən iddia xx.xx.2024-cü ildə qaldırılmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən sığorta kapitalına uyğun təyin edilməli olduğunu əsas götürərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödənilmiş pensiya məbləği hesablamışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-6743/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50-dən 52-yə çəkilməklə yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində pensiyanın məbləği 554 manat 06 qəpik müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-6743/2024 saylı qərarın ləğv edilməsi, iddiaçıya 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və azaldılma ilə bağlı xx.xx.2024-cü il tarixdən sonra ödənilməmiş pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi təşkil edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi üzrə 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Beləliklə, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını və qanunsuz qərar ləğv edilməklə, qanuni qərar qəbul edildiyini iddia edir. Cavabdeh hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə xx.xx.1997-ci il tarixədək 1 nömrəli Siyahı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilərin güzəştli pensiya hüququ gözləntisi 50 yaş idi. Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan qazanılmış pensiya hüququ xx.xx.1997-ci il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə olan hüququn deyil, xx.xx.2006-cı il tarixədək olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə (“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun son redaksiyasına uyğun) yaranmış hüququn, qazanılmış və ya gözlənti hüququnun saxlanılmasına xidmət edir. Məhkəmə qeyd edilən mövqeni qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya həmçinin qeyd edir ki, iddiaçı ona pensiya təyin edilən zaman tələb olunan güzəştli və ümumi iş stajına malik olmuşdur. Həmçinin, apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi də izahatında güzəştli və ümumi iş stajı ilə bağlı mübahisə olmadığını bildirdi. Bundan əlavə, qeyd edilməlidir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesablanaraq ödənilir. Məhkəmə kollegiyası həmçinin, oxşar işlər üzrə məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş qanunla “pensiya hüququnun yarandığı” əsası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 50 yaşı tamam olmuş şəxslərə pensiya təyini həmin dövrdə mövcud olan məhkəmə təcrübəsinə uyğun olmuş və inzibati orqan məhz qeyd edilən məhkəmə təcrübəsinə uyğun pensiya təyinatını həyata keçirmişdir və bu, faktiki olaraq həmin dövr üçün dövlətin pensiya siyasəti olmuşdur ( Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1573/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı) Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Qanunvericiliyin tələblərindən aydın olduğu kimi, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır, hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Məhkəmə kollegiyası hesab edir ki, faktiki olaraq xx.xx.1997-ci ilədək iddiaçı həmin dövr üçün qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən edilmiş tələblərinə (20 ildən artıq ümümi əmək stajı və 10 ildən artıq güzəştli şərtlərlə əmək stajı) uyğun gəldiyinə görə inzibati orqanın əmək pensiyasının yenidən hesablayaraq 50 yaşdan təyin edilmiş əmək pensiyasının ödənilməsi şərtlərinin qeyd edilən şəkildə dəyişdirilməsi (faktiki olaraq 50 yaşdan təyin edilmiş əmək pensiyası hüququnun ləğvi) qanuna uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Hazırki işdə əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar iş üzrə Ali Məhkəmənin 2-1(102)- 3135/2024 saylı, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında da mövqe bu şəkildə əsaslandırılmışdır. Odur ki, həm maddi, həm də prosessual qanunvericiliyin tələbləri baxımından əmək pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin azaldılması üçün əsaslar mövcud olmamışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12601/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar