Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1265/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2-1(112)-863/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2-1(112)-863/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1979-1984-cü illərdə “Bakı Neft Texnikumunda”kı təhsil müddətini sosial sığorta stajına daxil etməklə 20.07.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi M.Həsənov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 16.09.2020-ci il tarixli 2-1(103)-1481/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən və məruzəçi H.Həmidov, hakimlər V.Məmmədov və E.Nağıyeva). Həmin qərardan narazı qalan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 03.02.2021-ci il tarixli 2-1(102)- 86/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi İ.Şəfiyev, hakimlər Z.Quliyev və R.Nəbizadə). Məhkəmə kollegiyasının 18.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1979-cu ildən 1984-cü ilə qədər Bakı Neft Texnikumunda təhsil almışdır. Eyni zamanda, 23.10.1981-ci ildən 03.11.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 12.1983-cü ildən 15.05.1984-cü ilə qədər «Kirovneft» NQÇİ-nin Mənzil kommunal Təsərrüfatına istilik mövsümü müddətində maşinist qazanxana operatoru vəzifəsində, 17.07.1984-cü ildən 15.05.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti, 15.05.1985-ci ildən 01.11.1987-ci ilə qədər növbə mühəndisi, 01.11.1987-ci ildən 29.12.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, 29.12.1990-cı ildən 12.09.1991-ci ilə qədər mühəndis, 12.09.1991-ci ildən 29.02.1992-ci ilə qədər kompressor stansiyasının rəis müavini, 26.03.1992-ci ildən 10.03.1994-cü ilə qədər «Kirovneft» NQÇİdə Qaz Kompressor sexində usta, 10.03.1994-cü ildən 10.09.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, 16.09.1997-ci ildən 01.03.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, 07.03.2002-ci ildən 11.03.2002-ci ilə qədər kompressor stansiyasının rəisi, 11.03.2002-ci ildən 01.09.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini, 01.09.2005-ci ildən 25.02.2009-cu ilə qədər Qaz kompressor sexində böyük mühəndis vəzifələrində işləmişəm, 25.02.2009-cu ildən hazırki vaxta qədər Neftin və qazın hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 26 il 5 ay 17 gün ümumi iş stajını, 21 il 0 ay 2 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən "xxxx" Şirkəti tərəfindən müvafiq Arayış verilmişdir. Eyni zamanda qeyd etməlidir ki, zərərli iş stajı 17.07.1984-cü ildən 15.05.1985-ci ilə qədər «Türkmənqazsənaye» Birliyində texnoloji kompressorların maşinisti və 01.11.1987-ci ildən 29.12.1990-cı ilə qədər texnoloji kompressorların maşinisti, vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №li 21.01.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin 3-cü yarımbölməsinin 2-ci hissəsinin 2130302a-13775 şifrinə, 15.05.1985-ci ildən 01.11.1987-ci ilə qədər növbə mühəndisi və 29.12.1990-cı ildən ci ilə qədər mühəndisi vəzifələri 2130302b-22171 şifrinə, 12.09.1991-ci ildən ci ilə qədər kompressor stansiyasının rəis müavini və 11.03.2002-ci ildən 01.09.2005-ci ilə qədər qazkompressor sexinin rəis müavini vəzifələri 2130302b-24094 şifrinə, 26.03.1992-ci ildən 10.03.1994-cü ilə qədər «Kirovneft» NQÇİ-də Qaz Kompressor sexində usta vəzifəsi 2130302b-23187 şifrinə, 10.03.1994-cü ildən 10.09.1997-ci ilə qədər həmin sexdə 4-cü stansiya rəisi, 16.09.1997- ci ildən 01.03.2002-ci ilə qədər qaz kompressor sexinin rəisi, 07.03.2002-ci ildən 11.03.2002-ci ilə qədər kompressor stansiyasının rəisi vəzifələri 2130302b-24097 şifrinə uyğundur. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni 20.07.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 20.07.2019-cu il tarixli, **********1 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Halbuki, yuxarıda da qeyd etdiyi kimi, 01.01.2006-cı il tarixə qədər qüvvədə olan qanunvericiliyə əsasən təhsil aldığı dövr və əmək kitabçamda qeyd olunan bütün dövrlə iş stajı kimi qəbul olunmalıdır. Həmin qeydlər əsasında isə onun 26 il 5 ay 17 gün ümumi iş stajı mövcuddur. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li Siyahıda iddiaçının uyğunlaşdırdığı vəzifələr qaz kondensatı, qaz, neft emalı sahəsinə aiddir. Halbuki, iddiaçının əmək fəaliyyətini təsdiq edən 17 dekabr 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından və digər sənədlərdən müəyyən olunur ki, onun işlədiyi peşələr neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlıdır. Adıçəkilən Siyahının neftin, qazın, qaz kondensatının hasilatı bölməsində iddiaçının işlədiyi vəzifələr qeyd olunmamışdır. İddiaçının 01 yanvar 2006-cı il tarixinə tələb olunan 12 il 6 ay güzəştli iş stajı yoxdur və bu halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nə\ərə alaraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuşdur. - İddiaçı məxsus ЖТ 043522 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1979-cü ildən 1984-cü ilə qədər Bakı Neft Texnukumunda təhsil almışdır. - H3 ******* saylı hərbi biletinin surətindən görünür ki, İddiaçı 23.10.1981-ci ildən 03.11.1983-cü ilədək hərbi xidmətdə olmuşdur. - NT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.12.1983-cü ildən 25.02.2009-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. - "xxxx" tərəfindən 127 saylı, 13.11.2019-cu il tarixli siğortaolunanın ümumi iş stajı barədə məlumat Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinə göndərilmişdir. - "xxxx" tərəfindən verilmiş 128 saylı, 13.11.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" şirkətinin qaz kompressor sexində 01.09.2005-ci il tarixdən 25.02.2009-cu il tarixədək böyük mühəndis, 25.02.2009-cu il tarixdən hal-hazırkı günə qədər Neftin və qazm hazırlanması və vurulması sexində mühəndis vəzifəsində işləyir. Yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, 13.11.2019-cü il tarixli, arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 16.12.1983-cü ildə (əmr № 914 k, 19.12.1983-cü il) “Kirovneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına istilik mövsümü müddətinə maşinist qazanxana operatoru peşəsinə işə qəbul edilmişdir. 15.05.1984-cü ildə (əmr № 411, 22.05.1984-cü il) Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 26.03.1992-ci ildə (əmr № 249k, 26.03.1992-ci il) “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) X4 usta vəzifəsinə işə qəbul edilmişdir. 10.03.1994-cü ildə (əmr № 141 k, 09.03.1994- cü il) həmin sexdə 4-cü stansiya rəisi vəzifəsinə keçirilmişdir. 10.09.1997-ci ildə (əmr № 548k, 09.09.1997-ci il) AR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur. 16.09.1997-ci ildə (əmr № 572 k, 16.09.1997-ci il) köçürmə yolu ilə “Binəqədineft” NQÇİ-nin X4 11-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. 09.11.2000-ci ildə (əmr № 379 k, 08.11.2000-ci il) 9 saylı kompressor stansiyanın rəisi vəzifəsinin icrası həvalə olunmuşdur. 01.03.2002-ci ildə (əmr № 57/k, 01.03.2002-ci il) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 07.03.2002-ci ildə (əmr № 61 k, 07.03.2002-ci il) “Binəqədineft” NQÇİ-nin X4 12-ci dərəcəli kompressor stansiyanın rəisi vəzifəsinə işə qəbul edilmişdir. 11.03.2002-ci ildə (əmr № 70 k, 12.03.2002-ci il) qazkompressor sexinin rəis müavini vəzifəsinin icrası həvalə olunmuşdur. 01.09.2005-ci ildə (1 nömrəli protokol) İdarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. - Cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının 19.11.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 27.11.2019-cu il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının təqdim etdiyi 17 dekabr 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsi araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti daxil edilməklə ümumi iş stajı 26 il 5 ay 17 gün, güzəştli iş stajı isə 21 il 0 ay 2 gün təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onunla izah edir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi staj müddəti 25 ildən azdır. İşə baxmış birinci instansiya məhkəməsi isə cavabdehin imtinasını bu hissədə əsassız hesab edərək, iddiaçının 01.01..2006-cı ilədək 25 il ümumi iş stajının olduğu barədə nəticəyə gəlmiş və bu zaman iddiaçının işlədiyi dövrlə yanaşı iddiaçının orta-ixtisas təhsili aldığı müddəti də staja daxil etmişdir. Məhkəmə kollegiyası məhkəmələrin orta-ixtisas təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində orta ixtisas müəssisəsini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmçinin iddiaçının 01.09.1979-03.11.1983-cü illərdəki orta-ixisas təhsili və hərbi xidmət dövrləri, 17.07.1984-cü ildən 01.01.2006-ci ilədək əmək fəaliyyəti dövrü 25 ildən çoxdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olması birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının işlədiyi hansı vəzifə və ya peşələrin, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulan hansı peşə və vəzifəyə uyğun olduğunu müəyyən etməmişdir. Buna görə də cavabdeh apelyasiya şikayətində iddiaçının iddia ərizəsinə istinad edərək bildirmişdir ki, idiaçının 2 saylı Siyahıya uyğunlaşdırdığı vəzifələr qaz kondensatı, qaz, neft emalı sahəsinə aiddir. Lakin iddiaçının əmək kitabçasında göstərlmiş peşələr neftin, qazın, qaz kondensatının hasilatı sahəsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi "xxxx" tərəfindən verilmiş 128 saylı, 13.11.2019-cu il tarixli arayışa istinad etmişdir. Lakin həmin arayışla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləməsi mötəbər qaydada müəyyən olunmur. Arayışda iddiaçının işlədiyi müxtəlif peşələr göstərilməsinə baxmayaraq, hansı peşənin hansı bölmədə nəzərdə tutulduğu göstərilməmiş, ümumi şəkildə qeyd olunmuşdur ki, “yuxarıda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. Məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin SOCAR**********80020123X0037 saylı, 13.11.2019-cü il tarixli, arxiv arayışında isə iddiaçının işlədiyi peşələr və müddətlər sadalanmış olsa da, bu peşələrin Siyahılarda olan hansı peşəyə uyğunluğu ümumiyyətlə qeyd olunmamışdır. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq işdə olan SOCAR-ın Baş ofisin Mərkəzi Arxivinin 13.11.2019-cu il tarixli, **********080020123X00379 Arayışda İddiaçı işlədiyi sahələrin və peşələnin zərərli və ağır sahələr sayılması üçün zəruri olan göstəricilərin (buna görə fərqli əmək haqqı və güzəştlər tətbiq olunması və s.), onun işlədiyi peşənin AR Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və ya 2 nömrəli Siyahısı”nda hansı bölməyə aid olduğunu göstərməklə ətraflı arayışın göndərilməsi barədə SOCAR-a sorğu göndərmişdir. SOCAR “Azneft” İB-nin məhkəməyə ünvanlandığı 21.06.2021-ci il tarixli, SOCAR**********30360424X00011 saylı məktubunda bildirmişdir ki, sorğuya əlavə edilmiş, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivindən 13 noyabr 2019-cu il tarixli SOCAR**********80020123X00379 №-li arxiv arayışı ilə müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsində və Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələrində işləmişdir. İddiaçı fəaliyyət göstərmiş olduğu Mənzil Kommunal Təsərrüfatında “qazanxana operatoru” peşəsi, Qaz-kompressor sexində “usta”, “stansiya rəisi” və “qazkompressor sexinin rəis müavini” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahı”sında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə pensiya təyin olunmasına imkan verən peşələrə aid olmadığı müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində iddiaçının 01.01.2006-cı il tarixinə tələb olunan 12 il 06 ay güzəştli iş stajın olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmaması dəlillini əsaslı hesab edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi M.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2-1(112)-863/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1265/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1265/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver