Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1265/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran hüseyn oğlu və X9 ibarət tərkibdə, X19 qızının katibliyi, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı X12 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı X10 və X6 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8818/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı X16 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından X7 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin həcminin artırılması) dair ərizə təqdim edərək, üçüncü şəxslər qismində X10 və X3 göstərilməklə, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından X7 və X2 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxslər - xx.xx.1977-ci il təvəllüdlü X10 və xx.xx.1958-ci il təvəllüdlü X4 iddiaçı X14 məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs M.Rəhimova apelyasiya şikayəti verərək qərarın ona aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddiaçı X17 ilə 07 aprel 1990-cı il tarixində rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin nikahdan 10 sentyabr 1990-cı il təvəllüdlü, Şərqiyyə adlı bir qız övladı doğulmuşdur. Sonradan iddiaçı ilə münasibətləri pozulduğundan Bakı şəhəri Səbail rayon məhkəməsinin 07 yanvar 2009cu il tarixli qətnaməsilə aralarında olan nikah ləğv edilmişdir. Nikah qeydiyyatı ləğv edildikdən sonra iddiaçı onu və qızını evdən qovaraq orada yaşamaqlarına imkan verməmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil üçüncü şəxslə birgə nikahda olduğu dövrdə, yəni xx.xx.1999-cu ildə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və onun həmin evin yaşayış sahəsindən ən azı istifadə hüququ yaranmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs M.Rəhimova apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi, iddianın ona aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə qeyd eidr ki, üçüncü şəxs M.Rəhimova tərəfindən birinci instansiya məhkəməsinin qərarı qismən - üçüncü şəxs M.Rəhimovaya aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız X5 münasibətdə yoxlanılır. İşdə olan: - AZE seriyalı 07039418 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Saylan rayonu, Arbatan kəndində doğulmuş X16 ünvan 3 ünvanında qeydiyyatdadır. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 002650 №li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, ev 13/15 ünvanında yerləşən 23 saylı mənzil xx.xx.1999-cu ildə xüsusi mülkiyyət hüququ ilə X12 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən MA seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, ev 13/15 ünvanında yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüquqi ilə X12 adına Daşınmaz əmlakın dövlət reyestrində 1305 №-li reyestr kitabının 119072 №-li vərəqində xx.xx.2011ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X10 və xx.xx.1958-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 065-21373A-3222 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaş X2 qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyinin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-19783-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Rəhimova (Aqili) Məharət Abdulxeyr qızı xx.xx.2005-ci il tarixdən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi, ev 13/15 ünvanında yerləşən 23 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxs M.Rəhimovanın qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmiş, üçüncü şəxs Məharət X1 məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da, onlar faktiki olaraq həmin ünvanda yaşamır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduqlarından mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.” Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən işin hallarına hərtərəfli yanaşmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun:
2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. (-).
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; (-). 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Apelyasiya şikayətinə əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X16 ilə üçüncü şəxs X6 xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2009-cu ildə məhkəmə qətnaməsi ilə həmin nikah pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki,”... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.” İddiaçının apelyasiya şikayətindəki mövqeyinə münasibətdə kollegiya bildirir ki, iddiaçı və üçüncü şəxs arasında nikah münasibətərinə xitam verilməsi hələ onun həmin mənzildən istifadə hüquqlarının olmaması və ya müvafiq hüququna xitam verilməsi nəticəsinə gəlməyə əsas deyil. Kollegiya hesab edir ki, üçüncü şəxs X6 iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvü (arvadı) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər. Hazırki mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş olması halı müəyyən edilmir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.” Sadalanan qanunvericilik normalarının tələblərini və Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alan kollegiya hesab edir ki, hazırki iş üzrə üçüncü şəxsin müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranması, xitamı və ya saxlanılması əsasları nəzərə alınmaqla həmin hüquqların xitamı məsələsinə baxılmasından sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə istifadə hüququna xitam verildiyi halda, M.Rəhimovanın ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması da həmin qətnamə əsasında həll ediləcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar qismən - iddia tələbinin üçüncü şəxs M.Rəhimovaya aid hissədə ləğv edilməklə, həmin hissədə iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apelyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv ediməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-8818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilsin. İddiaçı X16 cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi “X2 ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması” hissəsində rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov