Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1266/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3979/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 11.10.2017-ci il tarixli 87 №-li əmrindən çıxarışın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3979/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 87 №- li 11 oktyabr 2017-ci il tarixli Əmrindən çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) çavuş İddiaçı, 139-cu motorlaşdırılmış briqadada 2-ci xüsusi vasitələrin tətbiqi dəstəsinin 1-ci xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı (avtomatik idarə olunan “yüksək qalxan” yarımqrupu) (HQİ № 132015) vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X2 11.10.2017-ci il tarixli 87 №-li əmrinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarında qeyd etmişdir ki, “... iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı (qərardadları) mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı 10.09.2019-cu il tarixdə iddia ərizəsi ilə saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun hərbi xidmətdən ehtiyata buraxılması barədə 11.10.2017-ci il tarixli 284 saylı əmrin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, buraxılmış müddətin bərpa edilməsini və öz işinə qaytarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “Əmrin ləğv edilməsi” tələbi barədə iddiası mümkün sayılmamış və müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2764/2019cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03.06.2020-ci il tarixli 2-1(102)-697/2020 saylı qərardadı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(112)- 2764/2019 saylı 21 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.09.2020-ci il tarixli 2- 1(103)-1404/2020 saylı qərardadı ilə, apelyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(82)-3442/2019 saylı 09.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddiaçının müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə 2-1(82)3442/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2021-ci il tarixli 2-1(102)-381/2021 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1404/2020 saylı nömrəli qərardadlarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin olunmamışdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli məsələyə digər məhkəmə icraatında baxılmış, eyni tərəflər arasında eyni iddia tələbinə dair eyni predmet barədə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayəti isə hər hansı dəlillə əsaslandırılmadığından əsassız hesab edilməli, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3979/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-1266/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1266/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver