Məhkəmə qərarları › İş №2-1(103)-1267/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1267/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1267/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair barədə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1686/2020 saylı, xx xxxx 2020-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 34, mənzil 25-ə dair X2 adına olan dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 saylı evin 25 saylı mənzili əvvəllər iddiaçıya məxsus olmuş, 2007-ci ildə mənzili oğlu X3 hədiyyə etmiş və sonuncunun adına çıxarış verilmişdir. Oğlu Araz ailəsi ilə birlikdə Rusiyada yaşadığından mənzil qızı Asudə ilə birlikdə onun istifadəsində qalmışdır. 2008-ci ildə binada qaz partlayışı baş vermiş və partlayış nəticəsində yaşadıqları mənzil dağılmışdır. 2009-cu ildə dövlətin hesabına həmin yerdə yeni bina tikilərək mənzillər bərpa edilmişdir. Araz xx xxxx 2012-ci ildə Rusiyada vəfat etmişdir. Yəni miras sayılacaq əmlak 2008-ci ildə məhv olunmuşdur. X1 adına olan RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilməsi üçün cavabdehə mürciət etsə də müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1686/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamış və qərardad onunla əsaslandırılmışdır ki, məhv edilmiş daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmamış, cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun həmin mənzildə qeydiyyatda olmaqla yaşaması, eyni ünvanlı mənzilin başqa yerdə tikilməsi və tamam başqa mənzil olması məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə və iddia ərizəsinə uyğun izahat verib təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktik hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 saylı evin 25 saylı evin qeydiyyatının ləğv edilməsinə dair tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan qeydiyyatın ləğv üçün qanuni əsaslar olmadığı əsası ilə xx xxxxxx 2019-cu il tarixdə müraciətin təmin olunmasından imtina etmişdir. Məhv edilmiş daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi halları qanunvericilikdə göstərilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində göstərilmişdir :” 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 150-ci maddəsində qeyd edilmişdir : ” 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.” İşin faktiki hallarından göründüyü kimi məhv edilmiş daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İddiaçı tərəfindən onun həmin mənzilə dair hər hansı hüququnun olması iş materialları ilə təsdiq edilmir və iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi ilə bağlı iddiaçının maraqlı şəxs olmasını təsdiq edən sənədlər də iş materiallarında mövcud deyildir. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi mübahisəli mənzil mülkiyyətçinin iradəsi ilə deyil, qaz partlayışı nəticəsində dağıdılmış, zərər dəymiş digər mənzillər kimi mübahisəli mənzil də dövlətin hesabına bərpa edilərək sahiblərinə təhvil verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1686/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar