Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1267/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının yarandığı vaxtdan hazırki vaxta qədər hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi (anası) X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının yarandığı vaxtdan hazırki vaxta qədər hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarından cavabdeh btərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X11 29.01.2009-cu il təvəllüdlüdür. Onun qanuni nümayəndəsi (anası) İddiaçı xx.xx.1985-ci il təvəllüdlüdür. 1201 saylı 10.07.2009-cu il taixli doğum haqqında akt qeydinə əsasən 29.01.2009cu il tarixdə doğumuş X4 atası Həsənov Aydın Yəhya oğlu, anası İddiaçıdır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 X12 ilə olan nikahı ləğv edilmiş, nikah ləğv olunduqdan sonra kişiyə “Həsənov”, qadına “Yusubova” soyadı verilmişdir. Eyni zamanda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3008/09 saylı 10 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə 29 yanvar 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2009-cu il tarixdən başlayaraq hər ay, Həsənov Aydın Yəhya oğlundan 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, X6 ödənilməsi qət edilmişdir. AO seriyalı ******* saylı hərbi biletə görə 22.08.1978-ci il təvəllüdlü Həsənov Aydın Yəhya oğlu 10.07.2000-ci il tarixdən 16.07.2001-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. AZ-İİ seriyalı 115020 saylı 13 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Aydın Yəhya oğlu 21 iyun 2020-ci ildə vəfat etmişdir. İddiaçının qanuni nümayəndəsi İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı 3 nömrəli DOST Mərkəzinə müraciət etmiş, lakin sonun tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 29.09.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeyd olunmuş kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə bu maddədə göstərilən sığorta stajı olduqda həmçinin həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən 18 yaşına çatmamış uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, müraciətçinin əri Həsənov Aydın Yəhya oğlunun tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanılması mümkün olmadığı üçün ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi qanunvericilik tələbləri baxımından uyğun hesab olunmur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı əsl iddiaçı X11 ilə əvəz olunmaqla, İddiaçı sonuncunun qanuni nümayəndəsi kimi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, atası 21.06.2020-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. O, uzun illər müxtəlif vəzifələrdə işləmişdir. Atasının 8 il 8 ay iş satıjının cavabdeh orqan tərəfindən yoxlanılmasının mümkün olmaması ona ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia əsassızdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 17-ci maddələrinin tələblərinə görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün mərhum ərinin 8 il 8 ay sığorta stajı olmalıdır. Lakin mərhumun əmək kitabçasında iş yeri ilə bağlı qeyd edilən “Azərmənzilsənayetikintitəmir” Birliyi Füzuli 1 №li Təmir-Tikinti Trestinin dəqiqləşdirilməsinə zərurət yaranmış və aidiyyəti sorğular verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08.12.2020-ci il tarixli, **********32 nömrəli məktubunda, həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialının 08.12.2020-ci il tarixli 13 nömrəli məktubunda sözügedən müəssisə barəsində müvafiq olaraq hər hansı məlumatın olmadığı və hər hansı bir sənədin təhvil verilmədiyi göstərilmişdir. Bu səbəbdən də mərhumun tələb olunan sığorta stajı müəyyən edilməmişdir. Əmək stajını təsdiqedici sənəd kimi əmək kitabçası ilə yanaşı arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları və digərlər nəzərə alınır. X19 “Azmənzilsənayetikintitəmir” Birliyi Füzuli 1 nömrəli Təmir-Tikinti Trestinin işlədiyi dövlər tam araşdırılmamışdır. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2020-ci il tarixli məktubda sözügedən idarənin VÖEN-i təsdiqlənsə də, hal-hazırda fəaliyyət göstərmədiyi qeyd edilmişdir. Məhkəmə araşdıması zamanı müəssisənin mövcudluğu ilə eyni zamanda şəxsin həmin müəssisədə işləyib-işləməməsi, əmək haqqı barədə sübuların toplanılması da araşdırılmamışdır. Belə ki, şəxsin işləməsi faktı müvafiq arxiv arayışları yaxud da müəssisənin daxili əmri, əmək haqqı cədvəlləri və digər sənədlər müəyyən edilir. Füzuli rayon Dövlət Arxiv İdarəsiinin 08.12.2020-ci il tarixli arayışına əsasən Füzuli 1 nömrəli Təmir-Tikinti Trestinin sənədləri arxivə təhvil verilmədiyi göstərilmişdir. Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.12.2020-ci il tarixli məktubunda həmin idarənin mövcudluğu təsdiq edilsə də, Aydın Həsənovun orada işləməsinə dair heç bir əmr və ya əmək haqqı cədvəlləri təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2021 saylı 09.02.021-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, mərhum 22 avqust 1978-ci il təvəllüdlü X8 qızı- 29 yanvar 2009-cu il təvəllüdlü X7 ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilərək, ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazın və etiraza əlavənin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işi tam araşdırmamış, müəssisədə həmin dövrlərdə Aydın Həsənovun işləməsinə dair əmrlər, əmək haqqı cədvəlləri müəyyən olunmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Əmək kitabçası ilə yanaşı müvafiq təsdiqedici sənədlərin (əmrlər, əmək haqqı cədvəlləri və s.) olmaması mərhum A.Həsənovun Füzuli 1 No-li Təmir Tikinti Trestində əmək stajını istisna edir. Məhkəmə qeyd edilən halları hüquqi qiymət vermədən iddianı əsassız olaraq təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi (anası) X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddiaçı tələblərinin təmin olunmadığı hissədə məhkəmə qərarını mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının yarandığı vaxtdan hazırki vaxta qədər hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı iddiaçı (qanuni nümayəndəsi) tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin mərhum atası Aydın Həsənovun tələb olunan 8 il 8 ay sığorta stajının yoxlanmasının mümkün olmaması səbəbindən tələbinin təmin edilməsindən imtina olunmuşdur. Bundan narazı qalan iddiaçının qanuni nümayəndəsi hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən mərhum Həsənov Aydın Yəhya oğlunun sığorta stajı 07.10.1998-ci ildən 01.07.2000-ci il və 18.07.2001-ci ildən 28.12.2004-cü illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydləri təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 və 17-ci maddələrinin təhlili onu göstərir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla, ən azı 5 il sığorta stajına malik olmalıdır. 22.08.1978-ci il təvəllüdlü mərhum Həsənov Aydın Yəhya oğlunun (ölmüş ailə başçısının) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi ilə tələb olunan sığorta stajı aşağıdakı qaydada hesablanır: onun öldüyü 41 yaşı (qanunvericiliyin tələblərinə əsasən əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün müəyyən olunduğunu, mərhumun isə 21 iyun 2020-ci ildə, yəni 42 yaşı tamam olmadan öldüyünü nəzərə almaqla) - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 26 yaş x 4 ay = 104 ay : 12 ay = 8 il 6 ay. Hazırki iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün ölüm gününədək ailə başçısının minimum 8 il 06 ay iş stajının olması tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İddiaçının mərhum atası Aydın Həsənova məxsus ******* saylı 08 avqust 2001-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, 22.08.1978-ci il təvəllüdlü Həsənov Aydın Yəhya oğlu 20.10.1995-ci ildən 10.07.1998-ci ilədək (2 il 9 ay 20 gün) Azərbaycan Respublikası Prokurorluğunun Təsərrüfat xidmətində fəhlə, 11.09.1998-ci ildən 06.10.1998-ci ilədək (26 gün) Respublika Prokurorluğu İstintaqa nəzarət idarəsində mütəxəssis-kompyuterçi, 07.10.1998-ci ildən 01.07.2000-ci ilədək (1 il 8 ay 21 gün) və 18.07.2001-ci ildən 28.12.2004-cü ilədək (3 il 5 ay 10 gün) “Azərmənzilsənayetikintitəmir” Birliyinin 1 №li Təmir-Tikinti Trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. Bundan başqa iddiaçının mərhum atasının hərbi biletinə əsasən onun 01.07.2000-ci il tarixdən 18.07.2001-ci il tarixədək hərbi xidmət dövrü 1 il 17 gün təşkil edir. Beləliklə, iddiaçının mərhum atası Həsənov Aydın Yəhya oğlunun iş stajı əmək ktabçasına görə 8 il 17 gün, hərbi xidmət dövrü üzrə 1 il 17 gün nəzərə alınmaqla cəmi 9 il 1 ay 4 gün təşkil edir. Cavabdeh inzibati orqan xidməti məktub əsasında aparılan araşdırma ilə bağlı Füzuli rayon 1 №-li Təmir-Tikinti Trestinin 1998-2004-cü illər aralığında yalnız 2004-cü ilin İ və İİ rübünə aid haqq-hesab cədvəllərinin aşkar olunduğuna, digər dövrlər üzrə heç bir sənədin aşkarlanmadığına istinad edərək iddiaçının mərhum atası Aydın Həsənovun 07.10.1998-ci ildən 01.07.2000-ci ilədək və 18.07.2001-ci ildən 28.12.2004-cü ilədək işlədiyi müəssisənin mövcud olub-olmamasını, onun həmin müəssisədə işləyibişləməməsini, eləcə də əmək haqqı barədə məlumatları mübahisələndirir. Birinci instansiya məhkəməsinin verdiyi sorğu əsasında Füzuli rayon Vergilər Şöbəsindən daxil olmuş sənədlərdən görünür ki, “Azərmənzilsənayetikintitəmir” Birliyi üzrə 404 saylı 11 dekabr 1991-ci il tarixli əmrə əsasən X1 rayon 1 nömrəli Təmir-tikinti Trestinə müdir təyin edilmiş, adı çəkilən müəssisənin 00967 qeydiyyat nömrəsi ilə 17.06.1990-cı ildə dövlət qeydiyyatına alındığı və Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında ona şəhadətnamə verildiyi müəyyən olunur. 131 saylı 16 may 1991-ci il tarixli Sərəncama əsasən yaradılmış “Azmənzilsənayetikintitəmir” birliyi 23 sentyabr 2002-ci il tarixdə Sumqayıt şəhərində hüquqi şəxslərin dövlət qeydiyyatına alınmış və 0202-121 saylı uçota alınma haqqında arayış verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Belə ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə müvafiq olaraq iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçının mərhum atasının cavabdeh tərəfin mübahisələndirdiyi 07.10.1998-ci ildən 01.07.2000-ci ilədək və 18.07.2001-ci ildən 28.12.2004-cü ilədək işlədiyi müəssisə ilə bağlı əmək kitabçasında aparılan qeydləri və ya əmək kitabçasının özünün mötəbərliliyini şübhə altına alan hallar mövcud olmadığından, bu halları təkzib edə biləcək sübutlar da olmadığından, bununla da mərhumun həmin müəssisədə işləməsi faktı təsdiqləndiyindən cavabdehin “həmin dövrün yoxlanmasının mümkün olmadığı” əsası ilə imtina verməsi və əlavə olaraq əmrlərin və əmək haqqı cədvəllərinin tələb olunması barədə dəlilləri əsassızdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-483/19 saylı 196.01.2019-cu il tarixli qərar) hüquqi mövqe belə əsaslandırılmışdır. Beləliklə, hazırki işdə iddiaçı (qanuni nümayəndəsi) onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirdiyindən, inzibati orqan isə belə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddiaçının ailə başçısını itirməyə görə ona pensiya təyin olunması ilə bağlı tələbi əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan iddiaçının ailə başçısını itirməyə görə ona pensiya təyin olunması üçün mərhum atasının tələb olunan 8 il 6 aya qarşı onun hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumilikdə 9 il 1 ay 4 gün iş stajı olduğundan ona həmin əsasla hüququnun yarandığı vaxtdan pensiya təyin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə hüququnun yarandığı vaxtdan pensiya təyin edilib ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınsa da, qərarın nəticə hissəsində iddiaçının bu hüququnun nə vaxtdan yarandığı tarix əks olunmamışdır. Lakin məhkəmə kollegiyası bu halı kobud pozuntu kimi qəbul etmir və hesab edir ki, bu hal qərarın ləğvi üçün də əsas yaratmır. Odur ki, məhkəmə qərarı mübahisələndirilən hissədə iddiaçının hüququnun yarandığı tarix- 21.06.2020-ci il hesab edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır və birinci instansiya məhkəməsi qərarının iddianın təmin edildiyi hissədə ləğv edilib, həmin hissədə iddia tələbinin rədd olunması üçün heç bir əsas yaratmadığından qəbul edilmir. Buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə iddiaçının hüququnun yarandığı tarix- 21.06.2020-ci il hesab edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2317/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə iddiaçı X7 ailə başçısını itirməyə görə hüququnun yarandığı tarix 21.06.2020-ci il hesab edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1267/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1267/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver