Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1268/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və qeyrilərinin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə yeni məlumat vərəqlərinin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarından iddiaçıların apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 və İddiaçı24 cavabdehə qarşı (üçüncü şəxs DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli 388 nömrəli, 29.02.2016-cı il tarixli 810 nömrəli və 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə, iddiaçılar dövlət qulluğunun xüsusi növ kateqoriyasına aid xüsusi rütbəli şəxs kimi əmək pensiyası hüquqları 20 təqvim ili tamamında yarandığından, həmin hüquqlarından istfadə etməyərək 2019-cu ilin iyul ayında Komitə tərəfindən təqaüdə göndərilmişlər. Dövlət Gömrük Komitəsi qanunsuzluq edərək onlara aid əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqəsində hər birinə ödənilmiş əmək haqqına dair məlumatları bilərəkdən qəsdən göstərməyərək, DSMF-yə göndərməmişdir. Cavabdeh tərəfindən onlara əmək pensiyası təmin edilməsi üçün DSMF-yə göndərilmiş məlumat vərəqəsində ödənilmiş əmək haqqına dair məlumatlar (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və ödənilmiş digər əlavələr) həqiqəti özündə əks etdirmir. Cavabdeh tərəfindən onlara işlədikləri dövrlərdə ödənilmiş əmək haqqı ilə bağlı pul məbləğlərinin qanunsuz göstərilməməsi səbəbindən sosial təminat hüquqları ciddi şəkildə pozularaq DSMF-yə əmək pensiyası təmin edilməsi üçün məlumat vərəqəsində həqiqəti əks etdirən məlumatlar göstərilməmiş və həmin məlumatlara uyğun olaraq DSMF tərəfindən əmək pensiyası təyin edilmişdir. Əmək haqları barədə bank tərəfindən onlara təqdim olunmuş çıxarışlardan görünür ki, cavabdeh tərəfindən onlara 2014-2018-ci illər ərzində aldıqları əmək haqqından rəsmi qaydada bank vasitəsi ilə sosial və vergi ödəmələri tutulmaqla 2.000-3.000 manat məbləğləri arasında məvacib ödənilmişdir. Bakı İnzibati Məhkəməsinin 17.11.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən, gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür; 41-ci görə, gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrə görə əlavələri Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının xüsusi rütbələrə görə müvafiq maaşlarına bərabər müəyyən edilir; 99-cu bəndinə əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələr Azərbaycan Respublikasının daxili işlər orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə görə verilən haqqın məbləğlərinə bərabər müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin (sonradan 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizinin və 24.01.2017ci il tarixli nömrəli Fərmanla isə 60 faizinin) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulan digər əlavələrə daxildir. Həmin Fərmanın 1-ci bəndi ilə Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuş, 4.1-ci bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2017-ci il tarixli 437 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası” təsdiq edilmiş və bununla əlaqədar olaraq “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.1997-ci il tarixli 140 nömrəli qərarı ləğv edilmişdir. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra vəsait) istifadə qaydasını müəyyən edir; 1.3-cü bəndinə görə, vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Adıçəkilən Qaydaya əsasən Dövlət Gömrük Komitəsinin 07.06.2018-ci il tarixli 100/123 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 24.05.2011-ci il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir. İddiaçılar təqaüdə çıxarkən yuxarıda qeyd olunan 50 və 60 faizləri xidmətdən buraxıldıqları gün almışlar, qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri DSMF-yə köçürülmüşdür. Göründüyü kimi, yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin fərmanlarının müddəaları onlara tətbiq olunaraq, hər birinə məxsus məlumat vərəqəsində göstərilməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçıların vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, iddiaçıların 2019-cu ilin iyul ayında hərbi qulluqçulara bərabər statuslu xüsusi rütbəli şəxslər kimi əmək pensiyasına çıxmaları və gömrük orqanlarında işlədikləri dövrdə aldıqları büdcədənkənar vəsaitlər şəklində əlavələrin onların pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmaması işin mübahisəsiz halıdır. Qeyd olunan əlavələr “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 29.02.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 24.01.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir. Hazırda iddiaçılar Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi nəzərə alınmaqla yeni məlumat vərəqələriinin DSMF-yə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin onların bu tələbi qanuni deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 01.01.2019-cu il tarixdən qüvvədə olan redaksiyada 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 3.3-cü maddəsinə əsasən, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir; 01.01.2019-cu il tarixdən əlavə olunan 20.30-cu maddəsinə görə, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 22.12.2006-cı il tarixli 499 nömrəli Fərmanının: 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bundan əlavə, iddiaçıların tələbinin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 27.03.2019-cu il tarixli 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.” məzmunda əlavələr edilmiş 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, iddiaçılar 2019-cu ilin iyul ayında əmək pensiyasına çıxdıqları vaxt artıq “Əmək pensiyaları haqqında” Qanun 01.01.2019-cu il tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” isə 27.03.2019-cu il tarixdən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində (pul təminatında) nəzərə alınmasını imperativ qaydada qadağan etmişdi. Məhz bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin qanunvericiliyin yanlış təfsirindən ibarət olan dəlilləri ilə bütövlükdə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin məlumat vərəqlərinin yenidən tərtib edilərək DSMF-yə göndərilməsi ilə bağlı iddiaçıların müraciətinin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), bununla bağlı cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin 28.04.2020-ci il tarixli 1000-210/210-26/008123 nömrəli imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olumaqla, qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4868/2020 nömrəli iş üzrə 17 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı1 və qeyrilərinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1268/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1268/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver