Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1268/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 oğlunun sədrliyi və məruzəsi ilə, ibarət tərkibdə, katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8148/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m olan 502 saylı yaşayış otağına xüsusi mülkiyyət kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 12 kv.m olan 502 saylı otaqda rəsmi qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Həmin mənzil ilkin olaraq sahəsi 24 kv.m olan 2 otaqdan ibarət olmuşdur. Mənzil və mənzilin yerləşdiyi yaşayış binası (ailəli şəxslər üçün yataqxana) “Ulduz” EİB-nin balansında olmuşdur. Həmin binada sahəsi 24 kv.m olan 2 otaqlı mənzil “Ulduz” EİB-nin müdiriyyətinin və həmkarlar təşkilatının 23 dekabr 1987-ci il tarixli, 53 saylı qərarı əsasında verilmiş orderə uyğun olaraq hazırda vəfat etmiş anası X1, o da daxil olmaqla 4 nəfərdən ibarət ailələrinin yaşaması üçün ayrılmışdır. X14 2009-cu il tarixdə ona ayrılmış və istifadəsində olan sözügedən 2 otaqlı mənzilin iki yerə bölünməsi üçün yenidən həmin binanı balansında saxlayan “Ulduz” EİB-nə müraciət etmişdir. "Ulduz" EİB-nin özünün və həmkarlar təşkilatının 10 dekabr 2019-cu il tarixli birgə qərarı əsasında 24 dekabr 2009-cu il tarixli, 91 saylı order əsasında ünvan 4, 502-ci mənzil iddiaçının 3 nəfərdən ibarət ailə üzvü (iddiaçı, əri və uşağı) üçün ayrılmışdır. Həmin tarixdən etibarən 502-ci yaşayış otağı digər 501-ci yaşayış otağından izolə edilmişdir. 1987-ci il tarixdən hazırkı vaxta qədər qanuni əsaslarla ona ayrılmış mənzildə yaşayır. Sonralar "Ulduz" EİB ləğv edilmişdir, yaşadığı yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. 2021-ci ilin dekabr ayında qanuni əsaslarla kirayəçisi olduğu yuxarıda qeyd edilən ünvanda yerləşən mənzili özəlləşdirmək məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün 24 dekabr 2021-ci il tarixli, **********57 nömrəli yazılı cavabı ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestr xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanın sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim etməməyi səbəbindən sözügedən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Yazılı müraciətə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə edilmişdir. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən müvafiq mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzildə yerləşən yaşayış otağı ilə eyvanın arakəsməsi sökülmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8148/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, sözügedən mənzilə dair kirayə müqaviləsi xx.xx.2022-ci il tarixdə 118 saylı Xüsusi Təyinatlı Mənzil İstismar Sahəsi ilə rəsmən bağlamışdır bu müqavilədən irəli gələn öhdəlikləri, o cümlədən də mənzil kirayə haqqını ödəmişdir. Məhkəmənin istinad etdiyi Mənzil Məcəlləsinin 98.1. və 101.2-ci maddələri ilə əlaqədar bildirir ki, həmin maddələrdə nəzərdə tutulan tələblər yataqxanalarda yaşayış sahəsinin verilməsi, istifadəsi və digər qaydalara şamil edilmir. Yataqxanalarda yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əsasnamə ilə nizamlanır. Mənzil Məcəlləsinin bu maddələri onunla cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi arasında olan mübahisənin həllinə tətbiq edilə bilməz. Belə ki, mübahisəli mənzil zamanında "Ulduz" EİB-nin balansında olmuşdur, hazırda vəfat etmiş anası Mahirə Musafayeva həmin idarədə işləyərkən "Ulduz" İB-nin, Həmkarlar Təşkilatının birgə qərarı əsasında 1988-ci il tarixdə 2-otaqlı mənzil verilmişdir, 2009-cu ildə anası yenidən həmin birliyin müdriyyətinə müraciət edərək ona verilmiş 2 otaqdan birini onun adına, digərini isə digər övladının adına rəsmiləşdirməsini xahiş etmişdir. Anasının ərizəsi təmin edilərək hazırda mübahisənin obyekti olan mənzil 3 nəfər ailə üzvü ilə birlikdə ona verilmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yataqxanalarda yaşayış yerlərin verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş əsasnamə əsasında verildiyindən həmin münasibətə Mənzil Məcəlləsinin normaları tətbiq edilmirdi, hazırda da yataqxanalarda yaşayış sahəsinin verilməsi Mənzil Məcəlləsinin normaları ilə tənzimlənmir. İş üzrə əhəmiyyəti olan hallar müəyyən edilmiş olduğu halda məhkəmə bu hallara uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir, bu da öz növbəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarında sözügedən mənzil kirayə müqaviləsi olduğu halda, məhkəmə bu müqavilənin hüquqi qüvvəsini müqavilənin bağlanmasına dair sərəncamın olmamasından asılı etmişdir. Birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmənin iddianın təmin etməməsi ilə bağlı nəticələr işin hallarına uyğun deyildir, qərarda göstərilmiş nəticələr qanundan kənar olmaqla sırf subyektiv mülahizə xarakteri daşıyır. Birinci instansiya məhkəməsi tərəfindən mənzil kirayə müqaviləsi üzrə öhdəliklərin tərəfindən yerinə yetirilməsini təsdiq edən ödəniş qəbzlərinə istinad edilmir. Həmin qəbzləri şikayətinə əlavə edir. Mənzil kirayə müqaviləsinin bağlanmasına dair ərizəsinə məhkəmə münasibət bildirməmişdir, həmin ərizəni şikayətinə əlavə edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: - 07 iyun 1988-ci il tarixli orderdən görünür ki, “Ulduz” EİB-nin müdiriyyətinin və həmkarlar təşkilatının 23 dekabr 1987-ci il tarixli, 53 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı, 501-502 saylı ev müəssisədə işlədiyi dövrdə X2 verilmiş, orderdə həmin mənzilə köçmək hüququna malik olan şəxslər qismində X1, əri X3, uşaqları X6 və X4 adı qeyd olunmuşdur. - xx.xx.2021-ci il tarixli, 199482 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. - “Ulduz” EİB-nin xx.xx.2009-cu il tarixli, 91 nömrəli orderinin surətindən görünür ki, “Ulduz” EİB-nin müdriyyəti ilə razılaşdırılaraq HİK-nın 18 saylı, xx.xx.2009-cu il tarixli birgə qərarına əsasən İddiaçı və onun 3 nəfərdən ibarət ailə üzvlərinə Cavanşir küçəsindəki 21a saylı evdə yerləşən 2 saylı yataqxananın İX mərtəbəli binasındakı 5-ci mərtəbədə yaşayış sahəsi 12 kv.metr olan 1 otaqlı 502 saylı mənzilində yaşamaq hüququ verilmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022 tarixli, 733 nömrəli məktubundan görünür ki, iddaçı X10 rayon İcra Hakimiyyətində mənzil növbəsində deyil. Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A nömrəli evin 502 saylı mənzili 1 saylı XTMKTB-nin 118 saylı MKlS-in balansındadır (118 saylı MKİS-in təqdim etdiyi arayışa əsasən) və həmin ünvanda iddiaçı X10 4 nəfər ailə tərkibi ilə (X9, X12, X13) qeydiyyatda olmaqla yaşayırlar. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci İl tarixli, 703s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İB-nin balansında olan ünvan 1 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Qeyd edilən ünvandakı 502 saylı mənzil dövlət mənzil fondunun növünə aiddir. Binaya xidmət göstərən 118 saylı Mənzil-Kommunal İstismar Sahəsində olan məlumata əsasən hal-hazırda 502 saylı mənzildə X10 4 nəfər ailə üzvü ilə (özü, əri- X8, qızı-Aydan Hüseynova və oğlu-Turan Hüseynov) qeydiyyatda olmaqla yaşayırlar. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən həmin mənzilə dair X7 adına kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Qeyd olunan normaların tələblərindən görünür ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra özəlləşdirilməsi üçün: 1. şəxs həmin yataqxanada faktiki yaşamalı; 2. mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. Halbuki, 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 2529 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən y/s 12 kv.m olan 1 otaqlı, 502 nömrəli mənzilin icarədarı İddiaçıdır və həmin mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birgə yaşayır. Lakin işdə mübahisəli mənzillə bağlı mənzil fondunun mülkiyyətçisi ilə iddiaçı arasında bağlanmış mənzil kirayə müqaviləsi mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin maddi hüquq normalarına, yəni xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə səhv istinad etməsi, ödənişləri qəbzləri olması və mənzil kirayə müqaviləsinin bağlanmasına dair ərizəsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci İl tarixli, 703s nömrəli sərəncamına əsasən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin "Ulduz" İB-nin balansında olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli yataqxana binasının Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli sərəncamının icrası haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 2 nömrəli yataqxana binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən isə 21A ünvanında yerləşən keçmiş yataqxana binası 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. 2018-ci ildə mübahsəli mənzilin balanssaxlayıcısı dəyişsə də, iddiaçı yeni balanssaxlayıcı ilə kirayə müqaviləsi bağlamamışdır. İş materiallarına əsasən müəyyən olunur ki, 21a saylı ünvanda yerləşən yataqxananın 501 və 502 saylı otaqları iddiaçının anası X2 xx.xx.1988-ci il tarixli order əsasında verilsə də, həmin otaqlardan 502 saylı mənzil xx.xx.2009-cu il tarixli 18 saylı qərara əsasən xx.xx.2009-cu il tarixli orderlə iddiaçıya verilmişdir, hansı ki, həmin dövrdə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq 21a saylı ünvanda yerləşən yataqxananın 502 saylı mənzilinin xx.xx.2009-cu il tarixli, 18 saylı qərara əsasən xx.xx.2009-cu il tarixli orderlə iddiaçıya verildiyini nəzərə alıb, həmin vaxtı xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə istinad etmişdir. Bundan başqa, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan mənzil kirayə müqaviləsinin bağlanmasına dair ərizəsinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının belə bir ərizə ilə müraciət etməsi, faktiki halda mənzil kirayə müqaviləsinin olmamasını ehtiva edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8148/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1268/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1268/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver