Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1359/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan diplomların, hərbi biletin, eləcə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1133/2014 saylı 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş və ona məxsus olan ******* saylı dublikat əmək kitabçasında göstərilən 25 ildən çox olan əmək stajının, həmin stajın 15 ilinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmasına əsas verməsinin nəzərə alınmaqla, onun güzəştli şərtlərlə əmək pensiyasına çıxarılması və pensiya hüququnun yarandığı 06.08.2017-ci il tarixdən hesablanması və yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25.05.1960-cı il tarixdə doğulmuşdur. Lakin müəyyən səbəblərə görə doğum haqqında şəhadətnamə xx.xx.1960-cı il tarixdə alınmışdır. 01.09.1977-ci il tarixdə 12 nömrəli texniki peşə məktəbinə daxil olub, 18.07.1978-ci il tarixdə mexanik peşəsinə yiyələnmişdir. 18.10.1978-27.09.1980-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. 1981-ci il tarixdə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı sovet ticarəti texnikumuna daxil olaraq 1985-ci il tarixdə texnik-mexanik ixtisası üzrə təhsilini başa vurmuşdur. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 25 ildən çox təşkil edir. Bu illərin tam olaraq 15 ildən çoxunu zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır. Lakin ona məxsus olan İT10495666 saylı əmək kitabçası naməlum şəraitdə itirdiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(002)-1133/2014 saylı 25 aprel 2014-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, 01 iyun 1981-ci ildən 25 yanvar 1984-cü il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində, 19 aprel 1984-cü ildən 15 noyabr 1996-cı tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində, 20 dekabr 1996-cı il tarixdən 10 fevral 2014-cü il tarixədək Bakı "xxxx" ASCdə köşkçü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir. 05 noyabr 2014-cü ildən öz arzusi ilə tutduğu vəzifədən azad edilmişdir. 25 noyabr 2014-cü il tarixdən yenidən "xxxx" ASCdə 243-cü köşkdə köşçü vəzifəsinə qəbul edilmişdir. 30 aprel 2016-cı il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Hazırda 60 yaşı var. Artıq 3 ildir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar əvvəllər ƏƏSMN-nin DSMF-nun Qaradağ rayon şöbəsinə, hazırda da cavabdehə dəfələrlə müraciət etsə də müraciətinə müsbət cavab verilməmiş, sonuncu dəfə onun pensiya kapitalının az olmasını əsas gətirməklə ona imtina cavabı vermişlər. Halbuki onun həmin dövrdə həmin müəssisədən gələcəkdə pensiyaya çıxmağı ilə əlaqədar olaraq VÖEN və SUN tələb etmək öhdəliyi olmamışdır. Hər hansı köçürmələr isə onun tərəfindən deyil, müəssisə tərəfindən aparılmış, aparılmadığı halda da məsuliyyəti o, daşımamışdır. Həmçinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajına mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti; hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti; ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti daxil edildiyindən onun pensiya hüququ yarandığı 57 yaşında yəni rəsmi olaraq 06.08.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajı olmuşdur ki, bu stajın 15 ildən çoxunu güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur. Onun tələb olunan ümumi iş stajı 25 ildən çox təşkil edir. Onun 15 ildən çoxu güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Qeyd edilən hallar təqdim etdiyi sənədlərdən və əmək kitabçasında, məhkəmə qətnaməsində aşkar şəkildə əks olunmuşdur. Hesab edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanuna 13 iyun 1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə əsasən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçıya məxsus sənədlərdən müəyyən olunur ki, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Həmçinin bildirmişlər ki, iddiaçının 57 yaşının tamam olduğu 10.08.2017-ci il tarixinə əmək pensiyasının minimum məbləği 110 manat olunduğu halda qeyd olunan tarixə onun fərdi hesabında toplanmış pensiya kapitalına əsasən hesablanmış pensiya məbləği 86,72 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1359/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı xx.xx.1960-cı ildə doğulmuş İddiaçı 57 yaşı tamam olduğu, yəni 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Televiziya və Radio verilişləri QSC tərəfindən verilmiş 377 k/d №li 11 noyabr 2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 01.06.1981-ci il tarixdən 15.11.1996-cı il tarixə kimi “Azərbaycan Teleradio Verilişləri” şirkətində santexnika sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində işləmişdir. Məhkəmə tərəfindən sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Ümumi peşələr” fəslində, kod 23200000—14341 kod altında qeyd olunmuş “ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri” peşəsinə uyğunlaşdırılmışdır. Halbuki, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda onun ammonyaklı soyuducu qurğulara xidmət etdiyi qeyd olunmamışdır. İddiaçının işlədiyi vəzifənin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiqlənən Siyahısının “Ümumi peşələr” fəslinin 23200000—14341 kod altında nəzərdə tutulmuş vəzifəyə uyğun gəlməsi üçün onun ammonyaklı soyuducu qurğulara xidmət etməsi zəruri şərtdir. İş materiallarından görünür ki, iddiaçının işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə uyğun gəlmir. Bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün tələb olunan stajı 01.01.2006-cı il tarixədək 12 il 6 aydan az təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. O, 01.09.1977-ci ildən 18.07.1978-ci il tarixə kimi 12 nömrəli texniki peşə məktəbində soyuducu avadanlıqlarının təmiri və xidməti mexaniki peşəsi üzrə təhsil almış, 18.10.1978ci il tarixdən 12.10.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, 1981-ci ildən 1985-ci ilə qədər Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Bakı Sovet Ticarət Texnikumunda texnik-mexanik ixtisası üzrə təhsil almış, 20.12.1996-cı ildə Bakı Mətbuat yayımı firması 243 nömrəli qəzet-jurnal köşkə köşkcü vəzifəsinə qəbul edilmişdir. 05.11.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edimişdir. 25.11.2014-cü il tarixdən 31.12.2014-cü il tarixədək "xxxx" ASC-nin 243 saylı köşkün köşkcüsü vəzifəsinə işə qəbul edilmiş, 03.01.2015-03.04.2015-ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 04.04.2015- 04.07.2015-ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 04.07.2015-04.10.2015 ci il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 06.10.2015- 01.01.2016-cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 05.01.2016-01.04.2016cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 01.04.2016-01.07.2016-cı il tarixədək əmək müqaviləsinin müddəti uzadılmış, 30.04.2016-cı il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işdən azad edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 30 nömrəli 10.02.2014-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 20.12.1996-cı il tarixdən 243 saylı köşkə köşkçü işinə qəbul edilmişdir. 12.08.2003-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.08.2003-cü il tarixli D-320 saylı qərarına əsasən Bakı "xxxx" mətbuat yayımı firması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. 01.02.2005-ci il tarixdən tutduğu vəzifəsinə 0,5 ştata keçirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1133/2014 nömrəli 25 aprel 2014cü il tarixli qətnaməsi ilə İddiaçı 01 iyun 1981-ci ildən 25 yanvar 1984-cü il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu və quraşdırıcı maşinist vəzifəsində, 19 aprel 1984-cü ildən 15 noyabr 1996-cı il tarixə kimi Azərbaycan Respublikası Radio və Televiziya Mərkəzinin santexnika, vent və istilik sexində soyuducu quraşdırıcı maşinist, böyük maşinist vəzifəsində; 20 dekabr 1996-cı il tarixdən 10 fevral 2014-cü il tarixədək Bakı "xxxx" ASC-də köşkücü vəzifəsində işləməsi faktları müəyyən edilmişdir. Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 377 k/d №li 11 noyabr 2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 01.06.1981-ci il tarixdən 15.11.1996-cı il tarixə kimi “Azərbaycan Teleradio Verilişləri” şirkətində santexnika sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində işləmişdir. İşlədiyi həmin bu vəzifə SSRİ Nazirlər Sovetinin əmək və əməyin ödənişi üzrə Dövlət Komitəsinin və X1 İttifaqı şurasının 25 oktyabr 1974-cü il № 298/-22 əsasən əmək şəraiti ağır və zərərli olan vəzifələr siyahısına daxildir. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçıya məxsus atestat, diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 31 (otuz bir) il 24 (iyirmi dörd) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçının işlədiyi soyuducu quraşdırıcı maşinist vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının “Ümumi peşələr” fəslinin 23200000—14341 kod altında nəzərdə tutulmuş “ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri” peşəsinə uyğunlaşdırıldığını, iddiaçının işlədiyi vəzifənin Siyahıda qeyd olunan vəzifəyə uyğun gəlmədiyini, bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə pensiya hüququ əldə etməsi üçün tələb olunan stajının 01.01.2006-cı il tarixədək 12 il 6 aydan az təşkil etməyini mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Televiziya və Radio verilişləri QSC tərəfindən verilmiş 012/2-102 saylı 23 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı 01.06.1981-ci il tarixdən 15.11.1996-cı il tarixə kimi “Azərbaycan Teleradio Verilişləri” şirkətində santexnika sexində soyuducu quraşdırıcı maşinist vəzifəsində işləmişdir. İddiaçı çalışdığı bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olan “Ümumi peşələr” bölməsinin 33cü bölmə, kod 23200000—14341) ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarına əsasən, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olan (ümumi peşələr bölməsinin 35-ci bölmə) ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri qrupuna aid edilir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri. İstər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə iddiaçının vaxtilə işləmiş olduğu vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olaraq müəyyən edilmişdir. Beləliklə də, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 12 il 06 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (maddə 31.1, 32.1, 37.7) 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 10.08.2017-ci il tarixdən yarandığından, (08.04.2020-ci il tarixdə müraciət) hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi tələbini də təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının zəruri iş stajı 01.01.2006-cı il tarixədək yarandığından, bu zaman fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunmadığından iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə pensiya hüququnun yaranmadığı barədə cavabdehin dəlili əsaslı sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (10.08.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 10.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(112)-1359/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1269/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1269/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver