Məhkəmə qərarları › İş №2-1(103)-1269/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1269/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X10, X7, X9, X11) “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9851/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı və X17 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onların ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9851/2021 saylı 10.11.2021-ci il tarixli qərardadı ilə X10, X7, X9, X11 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9851/2021 saylı 14.12.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X12 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə icraata iddiaçı X13 aid hissədə ğlümü ilə əlaqədar olaraq xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. O, əvvəllər Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanda qeydiyyatda idi. Daha sonra həmin mənzili satmışdır. Mənzili alan şəxslər onu qeydiyyatdan çıxarmışdır. Buna görə də ona məxsus şəxsiyyət vəsiqəsi artıq etibarsızdır. İddiaçı yaşadığı fərdi yaşayış evinə qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi verilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-9851/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, ona görə də ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, o, xeyli müddətdir mübahisəli fərdi yaşayış evində yaşayır, təsərrüfatı aparır kommunal xərcləri ödəyir və başqa yerdə yaşayış yeri yoxdur. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, evə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilmiş, ünvan və nömrə verilmişdir. Eyni zamanda, enerjitəchizat müəssisəsi ilə 16.06.2016-cı il tarixdə, qaz paylayıcı ilə 06.04.2016-cı il tarixdə müqavilə bağlanmışdır və 2016-cı ildə "xxxx" MMC Layihə- Konstruktor Bürosu tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı işçi layihəsi hazırlanmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçı, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı uzun müddətdir ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. O, əvvəllər Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 4 ünvanda qeydiyyatda idi. Daha sonra həmin mənzili satmışdır. Mənzili alan şəxslər onu qeydiyyatdan çıxarmışdır. Buna görə də ona məxsus şəxsiyyət vəsiqəsi artıq etibarsızdır. İddiaçının qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanı ona məxsusdur və o, həmin ünvanda yaşayır. Lakin qeydiyyata düşmək istədiyi ünvanın çıxarışı yoxdur, bu səbəbdən də mülkiyyətə aid sənədləri təqdim edə bilmir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.08.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin, Binəqədi RPl-nə ünvanladığınız müraciətinizə QMB-də baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən Sizin və X12 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Həmid Sultanov 2 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət etməlisiniz. Hazırki iddia ilə iddiaçı ünvan 1 ünvanına pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Məhkəmə kollegiyası bildirir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçının ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyata alınması üçün həmin evlə bağlı mülkiyyət hüququ, icarə (və ya kirayə) müqaviləsi, nə də digər qanuni əsasları mövcud deyildir və bunun nəticəsi olaraq o cavabdeh orqana qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Bundan başqa, Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 05.03.2022-ci il tarixli **********74 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı fərdi yaşayış evinin 1/4 hissəsi X5, 1/4 hissəsi X2, 1/4 hissəsi X3, 1/4 hissəsi X6 mülkiyyətindədir. Əlavə olaraq qeyd edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsi, 2 saylı fərdi yaşayış evinə dair 1971-ci ildə tərtib edilmiş X1 adına, 1976-cı ildə tərtib edilmiş X4 adına, 1971-ci ildə tərtib edilmiş Ağabəy Baba oğlunun adına və X8 adına texniki pasportlar aşkar edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının həmin evə qeydiyyata alınmasından imtinası qanuna zidd deyil və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9851/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar