Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2-1(112)-10583/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi və 100 manat məhkəmə xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il tarixdən hərbi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya təyin olunduqdan sonra o, xx.xx.2002-ci il tarixdən bu günədək əmək fəaliyyəti ilə məşğul olur. O, cavabdehə ərizə ilə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində (xx.xx.2002- ci il tarixdən bu günədək) fərdi hesabında qeydə alınmış qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2023cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, guya onun əmək pensiyası müraciətinə əsasən yenidən hesablanıb. Buna görə də, xx.xx.2022-ci il tarixə topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında’’ Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən yenidən hesablanması mümkün deyil. İmtinanı isə əsassız və qanunsuz hesab edir. Əlavə olaraq bildirir ki, cavabdehin nəzərdə tutduğu pensiyanın yenidən hesablanması nəticəsində onun pensiyasının məbləğində heç bir artım baş verməmişdir. O, 2022-ci ilin oktyabr ayında fərdi hesabında toplanmış pensiya kapitalının pensiyasının üzərinə əlavə olunması xahişi ilə cavabdehin qəbul şöbəsində qəbulda olarkən onu qəbul edən məsul şəxslər onun istəyinin mümkün olmadığını izah etməmişlər. Bunun əvəzinə isə özləri istədikləri hesablama qaydası ilə pensiyasını hesablamışlar. O, isə belə hesablanma qaydası ilə razı deyildir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehin onun pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarının ləğv edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi tətbiq edilməklə və 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunduqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, iddiaçı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq müvafiq qərar qəbul edilmiş və iddiaçıya xx.xx.2022-ci il tarixli **********4 nömrəli cavab məktubu ünvanlanmışdır. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən eyni məzmunlu tələblə Mərkəzi Filiala müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-49719/2023 nömrəli cavab məktubu ünvanlanmışdır. Bundan narazı qalan iddiaçı Mərkəzi Filiala qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 29 avqust 2002-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 830,99 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyasının sığorta hissəsi-243,30 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-587,69 manat. Eyni zamanda, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 35638.03 manat pensiya sığorta kapitalı qeydə alınıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən “gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviriəsaslandırıcı və nəticə hissələrindən ibarətdir Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4- cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qeyd olunanları nəzərə alaraq, 35638,03 manat iddiaçının pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (35638,03:72=494,97 manat) əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının sığorta hissəsinin 738,27 (243.30+494,97) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 1 yanvar 2023- cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (587,69 manat) həmin artım qədər (494,97 manat) azaldılıb. Nəticədə, hazırda İddiaçı əmək pensiyasının sığorta hissəsi 738,27 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 92,72 (587,69-494,97) manat təşkil edir. Beləliklə, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən İddiaçı əmək pensiyasının yenidən hesablanmasından (xx.xx.2022-ci il) sonra əmək pensiyaçısı kimi işləmədiyindən əmək pensiyasının sonuncu dəfə işdən azad olunduğu tarixə topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələblərinə uyqun deyildir. İddiaçının əmək pensiyasının müraciətində qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra isdən azad olunduğu təqdirdə və ya 6 il işlədikdən sonra baxıla bilər. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 914,09 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 1048,46 manat məbləğində müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2-1(112)-10583/2023 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2-1(112)-10583/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etirazla eyni məzmunda əsaslandırılmışdır və bildirilmişdir ki, İddiaçı əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına və həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmış, yəni sözügedən pensiya sığorta kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də İddiaçı pensiyasının tərkib hissələrinin yenidən hesablandığı tarixədək topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 29 avqust 2002-ci il tarixindən xidmət illərinə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonraki artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 830,99 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra o, müxtəlif vəzifələridə işləmiş, işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 35638,03 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq, şəxsi sığorta hesabında toplanan pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********0 saylı qərarından görünür ki, həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 243.30 manat, qulluq stajına görə əlavənin məbləği 587.69 manat olmaqla cəmi pensiya məbləği 830.99 manat olmuş, iddiaçının müraciəti əsasında onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış, sığorta hissəsi 738.27 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər (494.97 manat) azaldılmış, 92.72 manata endirilmiş, nəticədə xx.xx.2022-ci il tarixdən pensiyanın məbləği 830.99 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə əmək pensiyasının sığorta hissəsini yenidən hesablamış, lakin bu zaman qulluq illərinə əlavənin məbləğini azaltmış, bununla da iddiaçının əmək pensiyasının məbləği dəyişməmişdir. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, iddiaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh dəlil olaraq iddiaçının tələbinin təmin edilməməsinə əsas olaraq “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsini göstərir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsinə istinad edir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Qanunun 29-cu maddəsi adından da göründüyü kimi Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Həmçinin, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2-1(112)-10583/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1269/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1269/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver