Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-127/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-179/2020 saylı qərarından cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə 01.01.2019-cu il tarixinədək hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım, prokurorluq işçilərinə 01.01.2014-cü il tarixindən 31.12.2019-cu il tarixinə qədər hər il üçün üç qat əmək haqqı həcmində verilmiş maddi yardım, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı və prokurorluq orqanlarında qulluq keçdiyi 1995-2000-ci illər ərzində (prokurorluq orqanlarında keçdiyi qulluğun ardıcıl gələn 60 ay ərzində) ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin 01.01.2014-cü il tarixindən yenidən hesablanması və ödənilməmiş fərqin birdəflik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən prokurorluq orqanlarında əmək fəaliyyətinə başlamışdır. Yaranmış pensiya hüququndan istifadə edərək 2014-cü ildən prokurorluq orqanlarında 25 il qulluq stajına görə pensiyaya çıxmışdır. 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən iddiaçıya verilən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ancaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya pensiya hesablayıb ödənilərkən 01 yanvar 2006-cı il tarixində qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən yenidən hesablamalar və ödəmələr həmin qanunun normalarına əsasən aparılmamışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorkluq işçilərinə verilən pul ödənişləri bütün prokurorluq işçilərinə aid edilməklə hər il ödənildiyinə və daimi xarakter daşıdığına baxmayaraq eləcə də, ona verilmiş mükafatlar iddiaçının əmək pensiyası hesablanıb ödənilərkən cavabdeh orqan tərəfindən nəzərə alınmamış, nəticədə iddiaçıya çatası pensiya məbləğində yaranmış fərq qədər maliyyə vəsaiti üzərində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İddiaçının pozulmuş hüquqlarının bərpa olunması, yəni pensiyasının yenidən hesablanması və ödənilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Lakin, cavabdeh orqan tərəfindən iddiaçının pensiya məbləğinə yenidən baxılması barədə müraciəti hərəkətsizlik nəticəsində təmin edilməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsalarına görə, iddiaçı 2006-2018-ci illərdə verilmiş maddi yardımlarla bağlı 21.06.2019-cu il tarixli arayış təqdim etmişdir. Lakin, iddiaçının özünün təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçı qeyd edilən tarixlərdə Prokurorluq orqanında işləmədiyindən qeyd edilən arayış onun iddia tələbinin təsdiq edilməsi üçün sübut qismində qəbul edilə bilməz. Belə ki, iddiaçı həmin maddi yardımları prokurorluq orqanlarında xidmət zamanı almamışdır. İddiaçının təqdim etdiyi 21.06.2019-cu il tarixli arayışdan göründüyü kimi, iddiaçı 01 aprel 1995-ci il tarixdən 31 mart 2000-ci il tarixədək Azərbaycan Nəqliyyat Prokurorluğunda müxtəlif vəzifələrdə işləmiş, bu zaman ona mükafatlar və maddi yardımlar ödənilmiş, onlardan dövlət sosial sığorta ödənişləri edilmişdir. Qeyd edilən arayışdan göründüyü kimi, iddiaçı 1995-2000-ci illər ərzində hər il üçün 3 aylıq vəzifə maaşı məbləğinin 50 faizi miqdarında mükafat almışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi iddia tələblərinə aid olan maddi yardım, hər il məzuniyyətə çıxarkən prokurorluq işçilərinə verilən iki aylıq əmək haqqı məbləğində pul təminati, ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti onun tərəfindən xidmət etdiyi illər ərzində alınmasını və həmin vəsaitdən dövlət sosial sığorta ödənişlərinin edilməsini təsdiq edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində iddiasını əsaslandırmaq məqsədi ilə bəzi qanunvericilik normalarına əsassız olaraq istinad etmişdir. Belə ki, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.14 və 21.3-cü maddələrində nəzərdə tutulan əlavələr qulluq edən prokurorluq əməkdaşlarına şamil edilir və qeyd edilənlər Baş Prokurorun səlahiyyətindədir. Həmin Qanunun 21.4 və 20.8-ci maddələrinin məzmunundan görünür ki, həmin vəsait işləyən prokurorluq işçilərinə verilir. Həmin vəsaitin pensiyaya çıxan prokurorluq əməkdaşlarına verilməsi qeyd edilən qanunda nəzərdə tutulmamış və pensiyaçılara şamil edilə bilməz. Həmin Qanunun 20.9-cu maddəsinin mətnindən görünür ki, qanunverici tərəfindən həmin maddə tərtib edilərkən həmin maddənin birinci cümləsində, həm halhazırda fəaliyyət göstərən prokurorluq işçiləri, həm də pensiyaya çıxmış işçilərin və onların ailə üzvlərinə tibbi yardım göstərilməsi qeyd edilmişdir. Lakin, həmin maddənin ikinci cümləsində qeyd edilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin ancaq prokurorluq işçilərinə şamil edilməsi göstərilmiş, pensiyaya çıxmış əməkdaşlara şamil edilməsi qeyd edilməmişdir. Həmin Qanunun 23.1 və 23.1.2-ci maddələrindən də göründüyü kimi, həmin maddədə qeyd edilən pul mükafatı fəaliyyət göstərən prokurorluq əməkdaşlarına verilir, onların pensiyaya çıxmış prokurorluq əməkdaşlarına verilməsi nəzərdə tutulmamışdır. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-179/2020 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 1995-2000-ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin 01.01.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya qarşı etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədə olan “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda nəzərə alınmayan ödənclərin siyahısına əsasən orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişlərdən biri də birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla), həmçinin maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təqdim edilmiş qeyd edilən arayışdan göründüyü kimi, iddiaçının aldığı bütün mükafatlar hər il eyni qaydada verilmişdir. Həmçinin qeyd edilən arayışda həmin mükafatların ona əməyin kəmiyyət və keyfiyyətinin nəzərə alınmaqla verilmiş fərdi mükafat (əmək haqqı hesablanarkən nəzərə alınan) və ya bütün növləri, yubiley və bayram günləri, aradan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (əmək haqqı hesablanarkən nəzərə alınmayan) olması qeyd edilmədiyindən hmin mükafat onun əmək haqqı hesablanarkən nəzərə alına bilməz. Digər tərəfdən məhkəmənin qərarında qeyd edilən “12.5 qat vəzifə maaşı həcmində” ifadəsi aydın deyil və məhkəmənin qeyd edilən rəqəmin haradan götürülməsi aydın deyil. “Əmək pensiyaları haqqında” qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kimi qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. İş materiallarında müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə Lerik rayonunda anadan olmuşdur. O, 07.12.1981-ci il tarixdə prokurorluq orqanlarında işə başlamış, 27.04.2000-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 15.05.2000-ci il tarixdə “Çörək Nəqliyyat” ATSC-yə hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 24.04.2007-ci il tarixdə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. 25.04.2007-ci il tarixdən 19 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş 08.05.2019cu il tarixli, 17/360 nömrəli arayışdan görünür ki, X2 həqiqətən 01 aprel 1995-ci ildən 02 may 1995-ci il tarixə kimi Azərbaycan Nəqliyyat prokurorluğunun şöbə rəisi, 02 may 1995ci ildən 01 iyul 1995-ci ilə kimi Bakı Aviasiya prokuroru, 01 iyul 1995-ci ildən 31 mart 2000ci il tarixə kimi Aviasiya Nəqliyyat prokuroru vəzifələrində işləmiş, ədliyyə müşaviri rütbəsindədir, illər üzrə aşağıdakı kimi mükafatlar və maddi yardımlar almışdır: 1995-ci il noyabr ayı 100% vəzifə maaşı həcmində mükafat; 1996-cı il mart ayı 100 % vəzifə maaşı həmcində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1997-ci il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, aprel ayı 50 % vəzifə maaşı həcmində, noyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 50 % vəzifə maaşı həcmində mükafat; 1998-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat; 1999cu il mart ayı 50 % vəzifə maaşı həcmində mükafat, may ayı 50 % vəzifə maaşı həcmində mükafat, sentyabr ayı 50 % vəzifə maaşı həcmində mükafat, dekabr ayı 150 % vəzifə maaşı həcmində mükafat, 2000-ci il mart ayı 100 % vəzifə maaşı həcmində mükafafat. Yuxarıda göstərilən bütün ödənişlərdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda nəzərə alınmayan ödənclər kimi “birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla)” və “maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər” göstərilmişdir. Yəni iddiaçının hazırda ona pensiya təyin edilərkən hesablanmalı olan ödənişlər Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən nəzərə alınmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “iddiaçının 1995-2000-ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin 01.01.2014-cü il tarixdən yenidən hesablanması” hissəsində təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin təmin edilən digər “ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi” hissəsi də digər tələblə bağlı olduğundan həmin hissədə də iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-179/2020 saylı qərarı iddia tələbinin təmin edilən - “İddiaçı 1995-2000-ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin 01.01.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(112)-179/2020 saylı qərarı iddia tələbinin təmin edilən - “İddiaçı 1995-2000-ci illər ərzində ümumilikdə aldığı 12.5 qat vəzifə maaşı həcmində mükafatlar nəzərə alınmaqla pensiya məbləğinin 01.01.2014-cü il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-127/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-127/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver